İlham Əliyev Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimində iştirak etmişdir

03 aprel 2012, 12:00
İlham Əliyev Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimində iştirak etmişdir

Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Sessiyanı Milli Məclisin sədri Oqtay ƏSƏDOV açaraq dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli sessiya iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

- Avronest Parlament Assambleyasının ikinci plenar sessiyasında mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Sessiyada iştirak edən həmkarlarıma səmərəli və uğurlu iş arzulayıram.

Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda ilk sessiyasının Bakıda keçirilməsi parlamentimiz üçün çox tarixi bir hadisədir. İlk dəfədir ki, Azərbaycan Milli Məclisi Avropa Parlamentinin və tərəfdaş dövlətlərin bu qədər nümayəndəsini birlikdə qəbul edir. Ümidvaram ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr, qəbul ediləcək qərarlar təşkilatımızın məqsədlərinin həyata keçirilməsinə kömək göstərəcəkdir.

Hörmətli həmkarlar, Avronest Parlament Assambleyasının ikinci sessiyasının açılışında Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Əliyev iştirak edir.

Çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə verilir.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Mən bütün qonaqları bu gün Azərbaycanda salamlamaq istəyirəm və Avronest Parlament Assambleyasının sessiyasına uğurlar arzulayıram. Çox məmnunam ki, Avropa İttifaqının hüdudlarından kənarda ilk bu cür toplantı Azərbaycanda keçirilir və mən bu qərara görə öz tərəfdaşlarımıza çox minnətdaram. Əminəm ki, burada qəbul ediləcək qərarlar, müzakirə ediləcək mövzular çox vacib olacaqdır.

Avronest təşkilatının bəzi üzvləri Azərbaycana ilk dəfədir ki, səfər edirlər. Onlar Azərbaycanı daha yaxşı tanımaq, ölkəmizin reallıqları ilə tanış olmaq fürsətini əldə edəcəklər. Əlbəttə ki, bu sessiya birmənalı olaraq Azərbaycan ilə Avropa İttifaqı təsisatları arasında əməkdaşlıq ruhunu daha da gücləndirəcəkdir. Uzun illər ərzində bizim əməkdaşlığımız inkişaf etmişdir. Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq aparır. Biz artıq on ildən çoxdur ki, Avropa Şurasının üzvüyük. Fərəh hissi ilə qeyd etmək istəyirəm ki, mən Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin ilk rəhbəri olmuşam.

Təbii ki, bizim gündəliyimizə gəldikdə, bir çox məsələlər mövcuddur və onlar bir çox sahələri əhatə edir.

Əməkdaşlığımızın yaxşı tarixi və gələcəyi vardır. Çünki yüksək səviyyədə olan daimi təmaslarımız, yüksək səviyyədə həyata keçirilən səfərlər, parlamentarilərin səfərləri Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı daha da gücləndirir.

Biz siyasi islahatları birgə həyata keçiririk. Azərbaycan siyasi islahatlara sadiqdir. Biz müstəqillik illərimiz ərzində bütün sahələrdə böyük irəliləyişə nail olmuşuq və sabit siyasi təsisatlar yaratmışıq. Bizim bütün təsisatlarımız vardır. Bizim çoxpartiyalı sistemimiz mövcuddur. Bizim çox partiyaların nümayəndələrindən ibarət parlamentimiz, ifadə, yığıncaq azadlıqlarımız, azad internetimiz vardır. Mən çox şadam ki, Azərbaycanda internet istifadəçilərinin sayı aydan-aya artır. Artıq əhalimizin 50 faizindən çoxu məhz internet istifadəçisidir və genişzolaqlı internetdən istifadə edir.

Gələcəkdə siyasi islahatlar birmənalı olaraq davam edəcəkdir. Müstəqilliyimizin bir çox illəri ərzində biz dövlətçiliyimizin, siyasi sistemimizin əsaslarını qurduq və bu sahədə Avropa təsisatları ilə əməkdaşlıq çox vacibdir. Avronest formatı vacibdir. Burada keçmiş Sovet İttifaqı ölkələri ilə Avropa İttifaqına üzv dövlətlər arasında əməkdaşlıq qurulub və onlar vahid heyət kimi işləyirlər. Sizin Bakıda bu toplantınızın keçirilməsi müsbət bir addımdır. Burada, tədbir çərçivəsində müzakirə olunacaq məsələlər Avronest daxilində əməkdaşlıq ruhunu daha da gücləndirəcəkdir. Bu, nadir bir təşkilatdır.

Azərbaycanın “Şərq tərəfdaşlığı” Proqramının üzv dövlətləri, xüsusən də GÜAM üzvləri ilə sıx əməkdaşlığı və münasibətləri vardır. On ildən artıqdır ki, biz GÜAM-ın üzvüyük və bu təşkilata Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna daxildir. Bu ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərimiz çox yaxşıdır. Eyni zamanda, avropalı həmkarlarımızla apardığımız əməkdaşlıq çox mühüm bir mühit yaradır. Əminəm ki, Avropa İttifaqının hüdudlarından kənarda keçirilən bu sessiya çox yaxşı əməkdaşlıq ruhu yaradacaqdır. Biz birgə əməkdaşlıq üçün mühüm şəraitləri yaradacağıq. Əminəm ki, həmçinin sessiya iştirakçıları da Azərbaycanı daha yaxşı tanımaq fürsətini əldə edəcəklər. Yəni, on dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Siz Azərbaycanın reallığını, Azərbaycanın necə dəyişdiyini, islahatları, qarşımızda duran çağırışları, Azərbaycan xalqının arzu və istəkləri, ümumiyyətlə, gələcək panlarımızla tanış olacaqsınız.

Müstəqilliyimizin 20 illik dövrünə gəldikdə, ilk illəri istisna edərək Azərbaycanın ümumiyyətlə, inkişafı yaxşı olmuşdur. İlk illərdə xaos mövcud idi və ölkədə vəziyyət çox ağır idi. Amma biz bilirdik ki, düzgün yoldayıq. Biz ölkəmizi keçmiş sovet-kommunist ölkəsindən müasir cəmiyyətli ölkəyə çevirə bildik və gələcək planlarımız da aydın şəkildə müəyyən edildi. Təbii ki, siyasi sahədə aparılan islahatlar iqtisadi islahatlarla dəstəklənməlidir. Biz bu islahatları hazırda paralel şəkildə aparırıq.

Çünki keçmişdə imperiyaların bir hissəsi olan, totalitarizm şəraitində yaşayan ölkəni möhkəm iqtisadi zəmin olmadan azad və müasir cəmiyyətə çevirmək mümkün deyildi. Buna görə həmin vaxtlar bizim çox ağır siyasi-iqtisadi və maliyyə böhranımız var idi. İqtisadiyyat dayanıqlı deyildi. XIX əsrdə dünyada birinci olaraq neft çıxaran ölkədə - Azərbaycanda hasilat aşağı düşürdü. Bu ağır ssenarinin qarşısının alınması üçün bizə vasitə lazım idi. Biz Azərbaycan xalqının güclü iradəsi və cəsarəti ilə ölkəmizi dəyişdirə bildik və gələcək üçün planlarımız tam aydın oldu. Artıq qeyd etdiyim kimi, siyasi sistem quruldu və iqtisadi islahatlar həyata keçirilməyə başlandı.

Bu islahatlar davam edir və davam edəcəkdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsinə nail ola bildik və möhkəm iqtisadi əsaslar yaratdıq. Son 8 il ərzində iqtisadiyyatımız üç dəfə, ümumi daxili məhsul 300 faiz artmışdır. Bu, əslində ən azı region tarixində rekord göstəricidir. Eyni zamanda, biz yoxsulluğu azalda bildik. Bu da vacibdir. Çünki ümumi daxili məhsulun artımı məhz o vaxt uğur hesab edilə bilər ki, sərvətlər düzgün şəkildə bölüşdürülsün.

İqtisadi və sosial sahəyə gəldikdə yoxsulluğun, işsizliyin azaldılması bizim ilk məqsədlərimiz oldu. Biz son 8 il ərzində yoxsulluğu 49 faizdən 7,6 faizə qədər endirə bildik. Səkkiz il ərzində Azərbaycanda 1 milyondan artıq iş yeri açılmışdır. Hazırda işsizliyin səviyyəsi ölkəmizdə 5,3 faiz təşkil edir.

Ölkəmizin iqtisadiyyatına çoxmilyardlıq sərmayələr yatırılmışdır. Biz açıq qapı siyasətini həyata keçiririk. Biz qapılarımızı dostlarımız və sərmayədarlar üçün geniş şəkildə açdıq. Keçmiş Sovet İttifaqı məkanında Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə ilk yeri tutur. Yalnız ötən il iqtisadiyyatımıza 21 milyard dollardan artıq sərmayə qoyulmuşdur və həmin sərmayələrin təxminən 30 faizi xarici sərmayələrdir. Bu, onu göstərir ki, xarici sərmayədarların Azərbaycana böyük marağı vardır. İndi mən çox məmnunam ki, biz enerji sektoruna deyil, daha çox qeyri-enerji sektoruna sərmayələrin qoyuluşunun şahidiyik. Bu, bizim şaxələndirmə siyasətimizin nəticəsidir. Biz nəhəng təbii sərvətlərimizdən xalqımızın, ölkəmizin rifahı üçün istifadə edirik və öz iqtisadiyyatımızı şaxələndiririk.

Əgər ötən ilin statistik göstəricilərinə baxsaq görərik ki, ümumi daxili məhsul çox artmamışdır. Lakin bu ümumi daxili məhsul qeyri-neft və qaz sektorunda 10 faiz təşkil etmişdir.

Bizim növbəti onilliklərlə də bağlı planlarımız olduqca aydındır. Onlar artıq bir neçə ay bundan əvvəl tərəfimdən açıqlanmışdır. Biz qarşıdakı on ildə ümumi daxili məhsulumuzu iki dəfə artırmağı planlaşdırırıq. Başqa sözlə desək, artıq üç dəfə artmış ümumi daxili məhsulumuzu gələn illərdə iki dəfə də artıracağıq. Beləliklə, Azərbaycan yüksək gəlirli ölkəyə çevriləcəkdir. Bu, bizim məqsədimizdir. Bizim məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir. Düşünürəm ki, bunu həyata keçirmək üçün bütün imkanlarımız vardır. Bizim sabit siyasi sistemimiz vardır, cəmiyyətimiz ölkəmizin hansı yollarla inkişaf etməsini aydın şəkildə anlayır. Bizim güclü iqtisadiyyatımız mövcuddur. Bizim sabit sosial siyasətimiz, təbii sərvətlərimiz, müasir infrastrukturlarımız, əlverişli coğrafi mövqeyimiz, peşəkar insanlarımız və savadlı gənclərimiz vardır. Buna görə də bizim inkişaf etmiş ölkəyə çevrilmək imkanlarımızdan istifadə etməməyə haqqımız yoxdur.

Avropa təsisatları ilə əməkdaşlıq planlarımız bizim üçün mühüm əhəmiyyət kəsb edir. Cünki fikrimcə, Avropa İttifaqının timsalı müasir dünyanın ən yaxşı nümunələrindən biridir, ola bilsin, hətta ən yaxşı nümunədir. Onlarda siyasi azadlıqlar iqtisadi azadlıqlarla bir araya gəlir. Tərəqqini görürük. Biz bəzi Avropa ölkələrində maliyyə böhranı ilə bağlı problemlərə baxmayaraq bilirik ki, bu böhran müvəqqəti xarakter daşıyır və əminəm ki, bu, yaxın zamanlarda həllini tapacaqdır. Biz isə Azərbaycanda öz növbəmizdə ürəkdən çalışırıq ki, ölkəmizi daha da gücləndirək. Qeyd etdiyim kimi, iqtisadi islahatlar artıq öz yaxşı nəticəsini verib.

Bizim gələcəklə bağlı planlarımız aparıcı beynəlxalq maliyyə təsisatları tərəfindən dəstəklənir və həyata keçirdiyimiz işlər yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu MDB ölkələri arasında bizim iqtisadiyyata rəqabət qabiliyyətinə görə birinci yeri verir. “Standart&Poors” reytinq agentliyi bu yaxınlarda bizim kredit reytinqimizi daha da yaxşılaşdırmışdır və sizin də bildiyiniz kimi, bu, son vaxtlarda bir o qədər də çox rast gəlinən hal deyildir. İqtisadi sahədə gördüyümüz işlər müvafiq beynəlxalq maliyyə təşkilatları tərəfindən qeyd olunur və dəstəklənir. Buna görə də biz gələcəyimizlə bağlı çox nikbinik. Biz qarşıya qoyduğumuz məqsədləri və onlara necə nail olmağı bilirik. Bizim bunu həyata keçirmək üçün siyasi iradəmiz və maliyyə imkanlarımız vardır.

Biz tam şəkildə bazar iqtisadiyyatına sadiqik.

Sovet İttifaqı süqut etdikdən sonra, ümumiyyətlə, bu bazar iqtisadiyyatının ümumi daxili məhsuldakı payı sıfır dərəcəsində idi. İndi isə bu, 83 faiz təşkil edir. Əslində bu, bizim enerji resursları kimi strateji imkanlarımıza əlavə olaraq, geniş özəlləşdirmə siyasətinin həyata keçirilməsində və özəl sektorun yaradılmasında vacib amil oldu. Biz, həmçinin qeyri-enerji sektorunun inkişafını da stimullaşdırdıq. Lakin bazar iqtisadiyyatına güclü şəkildə sadiq olaraq, biz sosial ədaləti də yaddan çıxarmalı deyilik. Bəzi hallarda bazar iqtisadiyyatının prinsipləri məhz hökumətdən, dövlətdən yardım gözləyən təbəqələrə bir çox çətinliklər yaradır. Buna görə sosial məsələlər gündəliyimizdə vacib yer tutur. Biz müxtəlif çoxsaylı sosial proqramları həyata keçirmişik. Əslində yoxsulluq səviyyəsindən aşağı olan vətəndaşların sayı azalır və ildən-ilə bu say daha da aşağı düşür. Azərbaycanda hələ də dövlətin dəstəyinə ehtiyacı olan insanların sayı 7 faizdir. Yarım milyondan artıq vətəndaşımız aylıq əsaslarla maliyyə dəstəyini dövlətimizdən alır. Eyni zamanda, biz olduqca müasir pensiya islahatları həyata keçiririk. Hazırda bu sahədə orta göstərici orta əməkhaqqının 40 faizini təşkil edir. Bu da, zənnimcə, Avropa meyarlarına çox yaxındır.

Ümumiyyətlə, fiskal və büdcə siyasətimizdə, zənnimcə, Avropa İttifaqında olan meyarlar Azərbaycanda təmin edilir. Bizim demək olar ki, büdcə kəsirimiz yoxdur. Xarici borcumuz ümumi daxili məhsulun təxminən 7 faizini təşkil edir. Bu, olduqca çox yaxşı göstəricidir. Biz, eyni zamanda, çalışırıq ki, inkişaf etmiş Avropa ölkələrinin təcrübəsindən istifadə edək. Biz müasir sosial infrastruktur yaradırıq. Son bir neçə il ərzində Azərbaycanda iki mindən artıq orta məktəb tikilmişdir. Təkcə bu il 400-dən artıq məktəb bərpa və inşa ediləcəkdir. Ölkə üzrə 400-dən artıq yeni xəstəxana və 34 olimpiya idman mərkəzi yaradılıb.

Bizim sosial və siyasi problemlərimizdən biri Ermənistanın təcavüzü və işğalından əziyyət çəkən qaçqınların və məcburi köçkünlərin problemidir. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Təxminən 50 min azərbaycanlı Dağlıq Qarabağdan qovulmuşdur. 700 mindən artıq insan Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonundan qovulmuşdur. 250 min azərbaycanlı isə etnik təmizlənməyə məruz qalaraq Ermənistandan çıxarılmışdır. Ümumi olaraq, bir milyon insan qaçqın və məcburi köçkündür. Bu rəqəm 1994-ci ilin göstəricisidir. Təxminən 20 il keçir və Azərbaycanda müsbət demoqrafik vəziyyəti götürsək, onlar hazırda bir milyondan çoxdur. Təbii ki, bu, böyük siyasi, iqtisadi və sosial yükdür. Bu insanların öz yurdlarına qayıtmaq hüququ vardır. Təxminən 20 ildir ki, bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz ermənilərin işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Artıq qeyd etdiyim kimi, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkündür. Beynəlxalq təşkilatlar Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qərarlar qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Avropa Parlamenti və Avropa Şurası da bu cür qətnamələr qəbul etmişdir. ATƏT-in zirvə görüşlərində və digər beynəlxalq təşkilatlarda oxşar qərarlar qəbul edilmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi həmin qərarlara məhəl qoymur və bu qətnamələri yerinə yetirmir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamaqda davam edir.

Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Biz tarixi yaxşı bilirik. Bilirik ki, ermənilərin Dağlıq Qarabağa kütləvi şəkildə köçürülməsi XIX əsrdə başlamışdır. Bu bölgə Azərbaycanın tarixi hissəsidir. “Qarabağ” sözü elə bizim sözdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Tarixi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan BMT-yə Dağlıq Qarabağla birgə üzv olmuşdur. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bu isə mövqeyimizi daha da möhkəmləndirir. Tarixi və hüquqi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Beləliklə, biz danışıqların mahiyyətinə gəlirik. Əfsuslar olsun ki, artıq 20 ildir hətta dəqiq olsaq, iyirmi il və bir həftə öncə ATƏT-in Minsk qrupu yaradılıb. Bu təşkilat münaqişənin nizamlanması məqsədilə yaradılmışdır. Əfsuslar olsun ki, iyirmi il ötüb və bu münaqişə həll olunmayıb. Torpaqlarımız hələ də işğal altındadır. Dağlıq Qarabağla qonşu olan rayonlar da dağıntılara məruz qalıb. Şəhərlərimiz yerlə yeksan edilib, məscidlərimiz, əcdadlarımızın qəbiristanlıqları dağıdılıb.

Bütün bunlar məhz ATƏT-in qiymətləndirmələrində və hesabatlarında əks olunub. İki dəfə ATƏT öz heyətlərini göndərib. Birinci dəfə faktaraşdırıcı, ikinci dəfə isə sahədə qiymətləndirmə missiyası olub. Həmin dağıntılar hesabatda aydın şəkildə qeyd edilib. Orada Ermənistanın işğalçı qüvvələrinin yerli və dinc əhaliyə qarşı etdiyi hərəkətlər öz əksini tapıb. İyirmi il öncə biz müasir tariximizdə ən faciəli anları yaşadıq - Xocalı soyqırımı. Xocalı şəhərinin 613 dinc sakini, o cümlədən 106 qadın və 63 uşaq ermənilər tərəfindən qətlə yetirilmiş, 100-dən artıq vətəndaşımız itkin düşmüşdür. Xocalı soyqırımı barbarlıq aktı və faşizm təcəssümüdür. Bu, XX əsrin sonunda baş verən ən böyük faciədir. Bu gün müxtəlif ölkələrin parlamentləri bu məsələni müzakirə edir. İki parlamentdə Xocalı faciəsi məhz soyqırımı aktı kimi qeyd edilibdir. Əminəm ki, bu məsələ, həmçinin digər parlamentlərin qərarlarında da öz əksini tapacaqdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli çox aydın görünür. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilməlidir. Bu gün Dağlıq Qarabağdakı insanlar və Dağlıq Qarabağdan qovulmuş şəxslər öz yerlərinə qayıtmalı, sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamalıdırlar. Azərbaycanda çoxmillətli və çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bizim tariximizdə heç vaxt milli və dini zəmində toqquşma və münaqişə olmayıb. Biz müxtəlifliyimizdən fərəhlənirik və fərəh hissi ilə qeyd edirik ki, bir çox millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayırlar. Əslində bu, çox vacibdir və Azərbaycanın vacib dəyəridir. Bu fakt, həmçinin beynəlxalq təşkilatların hesabatlarında əksini tapmışdır. Dinlərarası dialoqa həsr olunmuş beynəlxalq tədbirlərin keçirildiyi yerin məhz Azərbaycan olması təsadüfi deyildir. Biz multikulturalizmlə bağlı çox mühüm beynəlxalq forumlar keçirmişik. Hesab edirəm ki, bu nümunədən, həmçinin digər ölkələrdə istifadə edilə bilər. O ölkələrdə ki, orada müxtəlif millətlərin nümayəndələri yaşayır və bir araya gəlir. Bəzi ölkələrdə siyasətçilərin bəyanatlarında deyilir ki, çöxmədəniyyətlilik artıq ölüb, mövcud deyildir. Bu bəyanatlar çox təhlükəlidir. Biz bundan çox narahatıq. Çünki əslində multikulturalizmin alternativi yoxdur. Multikulturalizmə alternativ özünü təcridetmə, ksenofobiya və dini, milli zəmində toqquşma deməkdir. Buna görə də Azərbaycanın və eyni vəziyyətdə olan bir çox digər ölkələrin nümunəsi əsasında sübuta yetirmək vacibdir ki, biz çoxmədəniyyətli ölkədə və dünyada yaşamalıyıq.

Əgər biz Azərbaycan haqqında danışırıqsa, digər iki sahəni də yaddan çıxarmamalıyıq. Bu, enerji və daşınma siyasətidir. Bu sahələrdə bizim çox aydın siyasətimiz vardır. Bu cür təşəbbüslərimiz çox müsbət regional mühit yaradır. Biz bir çox layihələrin icrasına başlamışıq. Bu layihələr olduqca müsbət əməkdaşlıq formatı yaradır. Biz çalışırıq ki, coğrafi mövqeyimizdən maksimum dərəcədə istifadə edək. Biz Avropa ilə Asiya arasında yerləşən ölkəyik. Müasir logistika və daşıma infrastrukturumuzu yaratmışıq. Bu günə nəzərdə tutduğumuz planlar həyata keçirilib. Hazırda Azərbaycanda 5 beynəlxalq hava limanı vardır. Xəzər dənizinin sahilində ən böyük limanı tikməkdəyik. Bir-iki ildən sonra bu liman istismara veriləcəkdir.

Eyni zamanda, bizi qonşu ölkələrlə birləşdirəcək magistral yollar çəkirik. Azərbaycanı, Gürcüstanı və Türkiyəni dəmir yolları ilə birləşdirəcək strateji layihəni həyata keçirməkdəyik. Bu, Bakı-Tbilisi-Qars layihəsi adlanır və ümid edirik ki, bir ildən az müddətdə bunun istismara verilməsini qeyd edəcəyik. Bu, bizim nəinki daşıma imkanlarımızdan maksimal dərəcədə istifadə etmək, həmçinin tərəfdaşlarımız üçün əlverişli logistika şəraiti yaradacaqdır. Biz bunu bir növ müasir İpək yolu adlandırırıq. Bu, Asiyanı Avropa ilə birləşdirir. Əminəm ki, dostlarımız və tərəfdaşlarımız bundan istifadə edəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan bu layihələrin başında dayanıbdır və üzərinə əsas yükü və maksimal dərəcədə böyük maliyyə öhdəliklərini götürüb. Bu layihə fəal şəkildə həyata keçirilir.

Enerji siyasətinə gəlincə, tamamilə aydındır ki, biz bu istiqamətdə siyasətimizi milli maraqlarımıza uyğun həyata keçiririk. Artıq qeyd etdiyim kimi, Azərbaycan tarixdə ilk dəfə neft hasil edən ölkədir. Biz, eyni zamanda, dünyada dənizdə neft hasil edən ilk ölkəyik. Lakin əfsuslar olsun ki, Sovetlər İttifaqı süquta uğrayandan sonra bizim əsas neft ehtiyatlarımız tükənmişdi. Qaz sahəsində isə özümüzü təmin etmirdik. Bu, sovet vaxtlarından qalan bir miras idi. Ürəkdən çalışmalı idik ki, əsas xarici şirkətləri dəvət edək və bir çox ölkələrdə uzun illərdən bəri mövcud olan tərəfdaşlıq formatını quraq. Bu, nəinki milli maraqlarımızı qorumağa və təmin etməyə imkan yaratdı, həmçinin Azərbaycanı enerji qıtlığı ilə üzləşən ölkədən müvafiq yardım edən, regionda mühüm neft və qaz təminatçısı olan ölkəyə çevirdi. Bu gün bəzi Avropa ölkələrində neftimizin həcmi enerji balansının təxminən 30 faizini təşkil edir. Biz Azərbaycanın hüdudlarından kənarda fəal şəkildə sərmayələr yatırırıq. Bu gün milyardlarla dollar həcmində sərmayə qoyulur –xüsusilə də Avropada və təbii ki, regionda. Buna görə də uğurlu siyasət, neft və qaz boru kəmərlərinin tikintisi nəticəsində biz bir dəhliz yarada bildik. Biz Xəzər dənizini Qara dənizlə və ilk dəfə olaraq, Aralıq dənizi ilə boru kəmərlərimizlə birləşdirə bildik. Biz öz infrastrukturumuzun Xəzərin digər sahilindəki qonşular tərəfindən istifadəsinə imkanlar yaratdıq. Onlar öz neftini Azərbaycandan nəql edir və beləliklə, biz artıq tranzit ölkəyə çevrilmişik.

Biz son altı il ərzində çox böyük səylər göstərdik ki, qazdan asılı olan ölkədən özünü təmin edən, öz sərvətlərini ixrac edən ölkəyə çevrilək. Bu, xalqımızın səyləri nəticəsində, öz resurslarımız əsasında baş verdi. Hazırda biz təbii qazı qonşu ölkələrə ixrac edirik. Əslində bu, mühüm layihələri həyata keçirməklə biz Avropada etibarlı qaz təminatçısına çevrilməkdəyik. Ehtiyatlarımız böyükdür. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Əlbəttə bu, hələ təsdiq edilmiş ehtiyatların göstəricidir. Kəşfiyyat işlərini bundan sonra da davam etdirəcək və yeni ehtiyatları aşkara çıxaracağıq. Bizim artıq dörd qaz boru kəmərimiz vardır və dediyim kimi, onlar müxtəlif istiqamətlərdə ixraca imkan yaradır. Biz şaxələndirmə siyasətimizi tam şəkildə həyata keçirmişik. Çünki şaxələndirmə, nəinki istehlakçılar, həmçinin hasilatçılar üçün də vacibdir. Xüsusən də burada açıq dənizə çıxışları olmayan hasilatçılar nəzərdə tutulur. Hazırda “Cənub” qaz dəhlizini reallaşdırmaq üçün Avropa İttifaqı ilə sıx surətdə çalışırıq. Ötən il biz “Cənub” qaz dəhlizi haqqında mühüm Birgə Bəyannamə imzaladıq. Orada Azərbaycan Avropanın mühüm qaz təchizatçılarından biri və “Cənub” qaz dəhlizinin başında duran ölkə kimi təsvir olunur.

Bütün bunlar milli maraqlarımıza xidmət edir. Biz kifayət dərəcədə maliyyə imkanlarına malik olan ölkəyə çevrilmişik. Çünki əvvəllər biz maliyyə resurslarını alan ölkə idik. İndi isə artıq donor ölkəyə çevrilirik. Gələn illər ərzində maliyyə vəsaitlərimiz yalnız artacaqdır.

Biz bilirik ki, istehsalatımız hansı sahələrdən ibarətdir. Biz özümüz də bir neçə il əvvəl istehlakçı idik. Bilirik ki, istehlakçı bir mənbədən asılı olanda bu, o qədər də yaxşı olmur. Bilirdik ki, bir ixrac marşrutundan asılı olmaq kifayət deyildir. Ona görə bir neçə neft və qaz kəməri tikdik. Şaxələndirmə rəqabət, yaxşı əməkdaşlıq mühiti, rahatlıq və həmçinin siyasi münasibətlər imkanı yaradır. Enerji siyasətimizin mühüm elementinə gəldikdə, bu, ondan ibarətdir ki, biz öz enerji potensialımızı, bu potensialı da bilirik, heç vaxt biznesdən fərqlənən məqsədlərə istifadə etmərik. Zənnimcə, bu, çox vacibdir. Çünki enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin mühüm amilinə çevrilib. Bu, xüsusən də o ölkələrə aiddir ki, kifayət qədər enerji resursları yoxdur və onlar bir təchizatçıdan asılıdır. Ona görə hesab edirik ki, tranzit ölkələrin, hasilatçıların maraqlarının tarazlığı nəzərə alınmalıdır. Biz bu istiqamətdə işləyirik. Bu, enerji sahəsində siyasətimizin, əgər belə demək olarsa, fəlsəfəmizin əsasını təşkil edir. Biz tərəfdaşlarımıza təchizatı təmin etmək və apardığımız əməkdaşlıqdan təzyiq göstərmək deyil, bəhrə gətirmək məqsədini qarşımıza qoyuruq. Hesab edirəm ki, istehlakçılarımız dediklərimizi təsdiqləyə bilər. Azərbaycan etibarlı tərəfdaşdır.

Biz enerji şirkətlərinin özəlləşdirilməsinə, o cümlədən Avropada bu işdə iştirak etməyə dəvət olunuruq. Neft şirkətimizin də çox yaxşı nüfuzu və potensialı vardır. Əlbəttə ki, biz daha yaxşı tərəfdaşlıq qurmağa çalışacağıq. Buna görə yeni əhatəli enerji siyasətini irəliyə doğru aparırıq. Bu, dostluq və qarşılıqlı dəstəyə əsaslanan bir siyasətdir. Fikrimcə, əgər biz bunun öhdəsindən gələriksə, gələcəkdə enerji bazarları daha da proqnozlaşdırıla biləcəkdir.

Azərbaycan artıq öz təşəbbüsləri və layihələri ilə regionda enerji xəritəsini dəyişibdir və Avropanın enerji xəritəsini dəyişir. Azərbaycan sabit, dost və etibarlı tərəfdaşdır. Əlbəttə ki, bizim Avropa İttifaqı ilə apardığımız əhatəli əməkdaşlığın bir hissəsi olan enerji sahəsi çox vacibdir. Nəinki bu, digər məsələlər də vardır.

Mən dünən Avronest qrupunun liderləri ilə görüşdüm. Biz mühüm məsələləri müzakirə etdik. Müzakirə mövzularından biri də ondan ibarət idi ki, Azərbaycan yalnız neft və qaz ölkəsi deyildir. Səfəriniz bunu təsdiqləyəcəkdir və siz bunu görəcəksiniz. Mən bunu dünən dostlarımıza dedim ki, biz gündəlik həyatımızı sürürük. Biz istəmirik ki, daimi olaraq neft və qaz haqqında danışaq. Neft və qaz yataqları sahildən uzaq məsafələrdə yerləşir. İndi isə hazırkı günümüz haqqında söhbət aparmalıyıq. Avropalı dostlarımız, adətən, Azərbaycan haqqında neft və qaz ölkəsi kimi danışırlar. Bu da təbiidir. Biz bunu dəyişməliyik. Ancaq necə? Əməkdaşlıq yolu ilə! Bunun üçün insanları dəvət etməliyik, təmaslar qurmalıyıq, qarşımızda duran mühüm məsələləri müzakirə etməliyik. Biz, həmçinin özümüz üçün müəyyən etməliyik ki, güclü tərəfdaşlığımızı hansı yolla daha da inkişaf etdirək.

Nəticə olaraq bildirmək istəyirəm ki, xarici siyasət prioritetlərimizə gəldikdə, maraqlı dairələr məhz müşahidə edə bilərlər ki, biz dostlarımız və tərəfdaşlarımızla necə əməkdaşlıq aparırıq? Azərbaycanın rolu beynəlxalq səhnədə nədən ibarətdir? Regiondakı rolumuza gəldikdə tamamilə aydındır ki, təşəbbüslərimiz regional və qlobal layihələrə çevrilib. Coğrafi mövqeyimiz, imkanlarımız, iqtisadi vəziyyətimiz göstərir ki, istər iqtisadi, istər siyasi, istər enerji sahəsi olsun, Azərbaycanın iştirakı olmadan bu layihələrin heç biri uğurla həyata keçirilə bilməz.

Bu gün Azərbaycan beynəlxalq səviyyədə get-gedə daha mühüm rol oynayır. Bizim dünyada çox yaxşı nüfuzumuz, çox güclü dəstəyimiz vardır. Biz çox ürəkdən çalışırıq və bundan sonra da çalışacağıq ki, mümkün qədər çox ölkə ilə dostluq mühiti yaradaq. Hesab edirəm ki, səylərimiz, uzun illər ərzində gördüyümüz işlər məhz beynəlxalq ictimaiyyətin namizədliyimizin lehinə səsvermə zamanı nümayiş etdirildi. Elə ondan bir həftə sonra biz müstəqilliyimizin bərpasının iyirminci ildönümünü qeyd etdik. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yeni üzvü oldu. Bu, sadə rəqabət deyildi. Lakin ədalətli oldu. 155 ölkə namizədliyimizin lehinə səs verdi, bizi dəstəklədi, onlar bizə inandı və Azərbaycanı etibarlı dost və tərəfdaş bildi.

Bu, bizim gördüyümüz işlərə münasibət idi. Deyə bilərəm ki, bu, bizim geniş əlaqələrimizin nəticəsində mümkün olmuşdur. Həmin 155 ölkə ilə bizim çox sıx əlaqələrimiz mövcuddur. Bütün bunlar bizə yüksək etimadın və inamın göstəricisidir.

Təbii ki, bu, həmçinin böyük bir məsuliyyətdir. Biz bundan çox fərəhlənirik. İyirmi il müstəqil olduqdan sonra biz artıq BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biriyik. Bu da ölkəmizin apardığı siyasətin nəticəsidir. Bu, eyni zamanda, qarşımızda yeni bir məsuliyyət qoyur. Biz tamamilə anlayırıq ki, tərəfdaşlarımızla birgə işləyərək beynəlxalq gündəlikdə mühüm məsələləri müzakirə etməliyik. Əlbəttə ki, Azərbaycan etibarlı dost ölkədir və ədalət, demokratiya, insan haqları ideallarını, beynəlxalq hüququ qoruyacaqdır. Təhlükəsizlik Şurasına seçildikdən sonra mən bəyanat verdim ki, biz beynəlxalq hüququ və ədaləti dəstəkləyəcəyik. Biz bunu etmişik və edəcəyik.

Əminəm ki, Avronest sessiyası çərçivəsində biz bir-birimizlə daha yaxından tanış olacağıq, Azərbaycanı daha yaxşı tanıyacaqsınız.

Mən sizin hamınıza uğurlar arzulayıram. Ümidvaram ki, ölkənizə xoş təəssüratlarla gedəcəksiniz. Çox sağ olun.

X X X

Sessiyanın rəsmi açılış mərasimi Avropa Parlamentinin sədri Martin Şultsun videomüraciətinin səsləndirilməsi ilə başa çatdı.

X X X

Sonra sessiya öz işini müzakirələrlə davam etdirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51