Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 aprel 2012, 18:00

2012-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 ili tamam olur.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra öz idman potensialını tam nümayiş etdirmək imkanı qazanmışdır. Son üç olimpiadada idmançılarımızın 15 medala layiq görülməsi ölkəmizin idman şöhrətini əhəmiyyətli dərəcədə artırmışdır. Ötən dövr ərzində Milli Olimpiya Komitəsi işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmamış, respublikada Olimpiya ideallarının bərqərar olması və idmanın hərtərəfli, ahəngdar inkişafı naminə səmərəli fəaliyyət göstərmişdir.

Milli Olimpiya Komitəsi idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. 2000-ci ildən bəri ölkədə 34 olimpiya idman kompleksi və bir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri yenidən qurulmuşdur.

İdmançılarımızın Olimpiya Oyunlarındakı nailiyyətləri, mötəbər idman yarışlarının keçirilməsində toplanmış təcrübə və beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulması Milli Olimpiya Komitəsini qitə olimpiya qurumlarının ön sıralarına çıxarmaqla nüfuzlu təşkilata çevirmiş, Azərbaycanı dünyanın idman mərkəzlərindən biri olaraq tanıtmışdır. Respublikamızın paytaxtı Bakı şəhəri 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürmüş və iddiaçı şəhər kimi qeydə alınmışdır.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 20 illik yubileyinin ölkənin ictimai-mədəni həyatında əhəmiyyətini nəzərə alaraq və respublikamızda Olimpiya Hərəkatının daha da genişləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
2.1. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə yubiley tədbirləri planı hazırlayıb həyata keçirsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2012-ci il.