Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb

12 may 2021, 11:30

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb.

Paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"

X X X

Xocavənddə çəkilən videogörüntüdə Prezident İlham Əliyev deyir: Biz Şuşaya gedirik. Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Dediyim kimi, bu il may ayında “Xarıbülbül” musiqi festivalı uzun fasilədən sonra keçiriləcəkdir. Yolüstü Azərbaycanın dilbər guşələrindən bir olan Xocavənd rayonuna gəldik və burada təbiətin qoynunda armudu stəkanda çay içirik, necə ki, Cıdır düzündə çay içmişdik. İndi isə Xocavənddə çay içirik. Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!

Özünü də çək, Mehriban. Operator həmişə olduğu kimi Mehriban xanımdır, amma nədənsə özünü çəkmək istəmir.