31 avqust 2012, 15:15

Həsən Günəşli və başqalarından, Quba, Azərbaycan

Hörmətli cənab Prezident!

Çox sevindirici haldır ki, son illər doğma Azərbaycanımız Avropa məkanında ən yüksək sürətli iqtisadi inkişafa nail olmuş ölkələr sırasında uca zirvələrə doğru inamla addımlayır. Qazanılmış parlaq nailiyyətlər – müasir Azərbaycan dövlətinin memarı, ümumbəşəri hörmətə malik ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliklə tərtib etdiyi və xoşbəxt gələcəyə istiqamətlənmiş mükəmməl proqramın və Sizin titanik əməyinizin nəticəsidir. Həyata keçirdiyiniz sistemli və müdrik siyasətin, uğurlu sosial-iqtisadi islahatların sayəsində respublikanın bütün bölgələri çiçəklənir, vətəndaşların maddi-rifahı durmadan yüksəlir, yoxsulluğun səviyyəsi minimuma enir, yeni iş yerləri açılır, köhnə sənaye müəssisələrinin fəaliyyəti bərpa olunur və yeniləri işə düşür, məhsul istehsalının həcmi və milli gəlir artır. Aparılan isalahatların müsbət nəticələrindən, Siz istədiyiniz kimi, ölkənin bütün vətəndaşları bəhrələnir.

Azərbaycanın 155 ölkənin səsini qazanaraq, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, “Eurovision” kimi çox nüfuzlu mahnı müsabiqəsinin Bakıda keçirilməsi, dünya musiqi ulduzlarının hər il Qəbələdə toplaşması, İngiltərədə keçirilən olimpiya oyunlarında idmançılarımızın on medal qazanması və bir çox digər uğurlar – Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Biz qubalılar Sizin rəhbərliyiniz altında qazanılan möhtəşəm uğurlarla fəxr edir və üzümüzü müxalifətə tutaraq, deyirik: bəylər, gözünüzdəki qara eynəkləi çıxarın, bu uğurları siz də görün, onlara xalqla birlikdə sevinin!.

Möhtərəm cənab Prezident!

Biz qubalılar bütövlükdə Şimal bölgəsinə, o cümlədən, Fətəli xanın vətəni qədim Quba şəhərinə göstərdiyiniz yüksək atalıq qayğısına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Xüsusi vurğulamaq istəyirik ki, ölkənin sosial-iqtisadi inkişafına yönəltdiyiniz uğurlu siyasət son aylar rayonumuzda daha yüksək sürətlə həyata keçirilir. Qubada görülən tikinti-abadlıq işləri hamımızın ürəyincədir və Sizin bu regiona göstərdiyiniz isti münasibətdən xəbər verir. Bu gün Quba nəhəng tikinti meydanına çevrilmişdir. Hər yanda geniş quruculuq işləri aparılır. Şəhərin görkəminə xələl gətirən yöndəmsiz tikililər sökülür, yeni layihə əsasında müasir obyektlər tikilir, küçələr genişləndirilir, su və kanalizasiya sistemi yenidən qurulur. Son iki ay ərzində böyük işlər görülüb. İyul ayının 15-də, Qurtuluş Günündə əhalinin ixtiyarına verilən müasir tipli müsiqili fəvvarə və bir sıra xidmət müəssisələri, “Qədim Quba” meydanı uşaqların və böyüklərin sevimli istirahət yerinə çevrilmişdir.

Abadlıq işləri ilə yanaşı, bir neçə yeni bina da tikilməkdədir. Mərkəzi küçələrdən birində yerləşən 1 saylı Körpələr Evinin inşası başa çatıb. Ulu öndərin adını daşıyan parkda möhtəşəm inzibati bina, Gənclər Mərkəzi inşa olunur. Bayraq Meydanı salınır, daha bir möhtəşəm musiqili fəvvarə və yaşıl teatr inşa olunur. Nizami parkında sürətlə ucaldılan üç mərtəbəli binada, indiyədək qəza vəziyyətində olan, A.Bakıxanov adına Tarix-Diyarşunaslıq Muzeyi yerləşəcək.

Qudyalçayın iki sahilini – Quba şəhəri ilə dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəni birləşdirən, XVIII əsrin yadigarı olan, köhnə konstruksiyalı “Tağlı körpü” yenidən qurulur. “Soyqırım” memorial kompleksində tikinti işləri uğurla davam etdirilir. Lakin abadlaşan və gözəlləşən təkcə Quba şəhəri deyil. Rayonun kənd və qəsəbələrində də tikinti-abadlıq işləri geniş vüsət almışdır. Bu il on kənddə yeni məktəb binası tikilir. Biz qubalıları ən çox sevindirən şad xəbər budur ki, artıq Quba-Qonaqkənd-Şamaxı yolunun çəkilişinə başlanmışdır. Görülmüş və görülən işlər o qədər çoxdur ki, cənab Prezident, hamısını sadalayıb vaxtınızı almaq istəmirik.

Uğurla həyata keçirilən sosial-iqtisadi layihələrlə yanaşı, ideoloji sahədə də böyük canlanma hiss olunur. “Qədim Quba” meydanının təntənəli açılışı, “Mətbuat günü”nün bayram şəraitində ellikliklə qeyd olunması, “Poeziya gecəsinin” keçirilməsi, gənclərin təntənəli surətdə orduya yola salınması mərasimi və bir sıra digər kütləvi tədbirlər əhalidə böyük ruh yüksəkliyi yaratmışdır. Qubalılar böyük həvəslə, ilk dəfə keçiriləcək “Alma bayramına” hazırlaşırlar.

Cənab Prezident!

Rayonumuzun ictimaiyyəti bütün sahələrdə qazanılmış uğurlara görə, Sizə öz dərin minnətdarlığını bildirir. Uğurla apardığınız daxili və xarici siyasəti bəyənir və dəstəkləyir. Biz həmişə Sizinləyik!

Uca Tanrı Sizi qorusun!

Quba rayon ictimaiyyəti adından:
Həsən Günəşli-rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-jurnalist, əmək veteranı Ərşad Əzimzadə,
Solmaz Mehdiyeva-Təhsil işçiləri Azad Həmkaralar İttifaqı Quba rayon komitəsinin sədri,
Süleyman Aslanov-rayon Təhsil Şöbəsinin müdiri,
İsmayıl Mirzəliyev-rayon Mərkəzi Xəstəxanasının baş həkimi.

Azərbaycan Respublikası, Quba şəhəri.