İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin geniş tərkibdə görüşü olmuşdur

18 oktyabr 2012, 11:55
İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Prezident İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Sədr!

Bir daha deyirəm ki, Azərbaycana xoş gəlmisiniz. Sizi və nümayəndə heyətinizi Azərbaycanda görməkdən çox şadam. Biz ikitərəfli və regional məsələlərlə bağlı maraqlı fikir mübadiləsi apardıq. İndi isə nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimiz davam edir.

Səfəriniz dostluğumuzun və tərəfdaşlığımızın çox mühüm göstəricisidir. Biz bu yaxınlarda Çikaqoda görüşdük və bu səfərlə bağlı razılığa gəldik. Mən çox şadam ki, bu gün bu səfər reallaşmışdır. Əlaqələrimizin tarixində bu, ilk səfərdir. Əminəm ki, səfəriniz münasibətlərimizdə yeni səhifə açacaqdır. Ümidvaram ki, biz həm siyasi, həm də iqtisadi sahələrdə fəal və səmərəli əməkdaşlıq üçün bir çox istiqamətləri müəyyənləşdirəcəyik.

Bu gün Sizinlə iqtisadi fəaliyyətin müəyyən istiqamətləri, birgə layihələr ilə bağlı müzakirələr apardıq. Əminəm ki, biz buna nail olacağıq. Bizim, eyni zamanda, tarixlə bağlı çox yaxşı xatirələrimiz vardır. Sarayevo və Bakı Sovet İttifaqı dövründə qardaşlaşmış şəhərlər olublar. İndi isə düşünürəm ki, biz bu tərəfdaşlığı bərpa edirik.

Əminəm ki, səfəriniz çox maraqlı olacaqdır. Siz və nümayəndə heyətiniz ölkəmizi daha yaxından tanıyacaqsınız.

Bir daha “Xoş gəlmisiniz!” deyirəm və Sizə Azərbaycanda xoş vaxt keçirtməyi arzulayıram.

X X X

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İZETBEQOVİÇ səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi: 

- Çox sağ olun, cənab Prezident!

Biz olduqca məhsuldar danışıqlar apardıq. Mən cənab Prezidentə də dedim ki, biz oxşar tarix yaşamışıq. Əvvəlcə kommunist rejimi dönəmində yaşamışıq. Daha sonra 1990-cı illər hər iki ölkə üçün çox əhəmiyyətli oldu. 1992-ci il də ölkələrimiz üçün çox əlamətdar olub.

Bizim əlaqələrimiz, niyyətlərimiz vardır. İndi biz əməkdaşlığımızı genişləndirmək üçün daha artıq işlər görməliyik. Çünki əlaqələrin indiki vəziyyəti xalqlarımızın istəyini tam əks etdirmir. 

gallery-photogallery-photogallery-photo