Milli Olimpiya Komitəsində idmançılara və məşqçilərə mükafatların təqdimetmə mərasimində İlham Əliyevin nitqi

18 dekabr 2012, 18:55
Milli Olimpiya Komitəsində idmançılara və məşqçilərə mükafatların təqdimetmə mərasimində İlham Əliyevin nitqi

- Əziz dostlar, ənənəvi olaraq biz ilin sonunda sizinlə görüşürük. İlin idman yekunlarına baxırıq, fərqlənən idmançıları mükafatlandırırıq. Bu ənənə bu gün dədavam etdirilir. Artıq uzun illərdir ki, hər ilin sonunda bu ənənəvi görüşlər keçirilir.

2012-ci il başa çatır. Bütövlükdə, 2012-ci il ölkəmiz üçün həm idman sahəsində, həm də başqa sahələrdə çox uğurlu il olmuşdur. Deyə bilərəm ki, ölkə qarşısında duran bütün əsas vəzifələr bu il də icra edilmişdir. İqtisadiyyatımız uğurla inkişaf etmişdir. Sosial məsələlərin bir çoxu həllini tapmışdır. Uzun illərdir ki, sovet dövründən dondurulmuş vəziyyətdə qalan əmanətlər vətəndaşlara qaytarılmağa başlanmışdır. Yəni, biz bütün sahələrdə inkişafı, yenilikləri görürük. Əlbəttə, güclü iqtisadi potensial bizə imkan verəcəkdir ki, gələcəkdə idman sahəsinə daha da böyük həcmdə investisiyalar qoyaq.

İqtisadiyyatımız indi daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. Bu da təbiidir. Bir neçə il bundan əvvəl qarşıya məhz belə vəzifə qoyulmuşdu. Bu ilin yekunlarına görə, - qeyri-neft iqtisadiyyatımız hələ ki, dəqiq hesablamalar aparılır, - görünür ki, təxminən 10 faiz artacaqdır. Bu, çox böyük göstəricidir. Bu, onu göstərir ki, iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyat kimi inkişaf edir. Bildiyiniz kimi, bu il neft sahəsində hasilatda müəyyən tənəzzül olmuşdur. Mən bu barədə fikirlərimi, iradlarımı bildirmişdim. Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlamışdır. Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan bp şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşmışdır. Bu gün səhər bp şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqladı. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da, güclü əsaslar üzərində qurulubdur. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaqdır. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcəkdir.

Nə üçün mən bu barədə fikirlərimi bildirirəm? Ona görə ki, bu gün bu görüş baş tutdu. Eyni zamanda, ona görə ki, mənim iradlarımdan sonra Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə verməyə çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində hər hansı bir ciddi problem vardır. Sanki Azərbaycan ilə, SOCAR ilə onun tərəfdaşları arasında hansısa problemlər vardır. Problemlər ola bilər. Ancaq bizim üstünlüyümüz ondan ibarətdir ki, bu problemlər aşkarlanır, biz vaxtında öz fikirlərimizi bildiririk. Tərəfdaşlarımız da iradlarımıza böyük maraqla və böyük məsuliyyətlə yanaşırlar. Sadəcə olaraq, demək istəyirəm ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar, həmin o adamlar ki, idmançılarımızın London Yay Olimpiya Oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin. Erməni lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu inkişafını istəməyən xarici qüvvələr sevinməsin.

Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır. Neft-qaz sektorumuz iqtisadiyyatın dayağıdır. Yenə də qeyd etmək istəyirəm ki, bu sahədə Azərbaycan rəhbərliyinin qətiyyəti, tərəfdaşlarımızın məsuliyyəti və bp-SOCAR münasibətlərinin düzgün istiqamətdə davam etdirilməsi nəticəsində xoşagəlməz meyllərin qarşısı alındı və gələn ildən başlayaraq neft-qaz sektorunda sabit iqtisadi inkişaf təmin ediləcəkdir.

Gələn il bütövlükdə ölkəmizin inkişafı üçün çox əlamətdar il olacaqdır. Çünki gələn il bir neçə nəhəng layihənin təməlini qoyacağıq. O layihələr ki, onların hər biri özlüyündə meqalayihədir. O layihələrin icra edilməsi üçün böyük vəsait qoyulacaqdır. Vəsaitin böyük hissəsi xarici tərəfdaşlar tərəfindən qoyulacaqdır. Yəni, ölkə iqtisadiyyatına investisiya axını təmin ediləcəkdir. Beləliklə, bu, bizə imkan verəcəkdir ki, iqtisadi gücümüzü artıraq və humanitar sahəyə, idmana, mədəniyyətə, sosial məsələlərin həllinə daha da böyük vəsait ayıraq.

İlin idman yekunlarına gəldikdə, hamımız görürük ki, 2012-ci il idmançılarımız üçün çox uğurlu il olmuşdur. Təsadüfi deyildi ki, biz 2012-ci ili idman ili elan etmişdik. Bu, idmana dövlət tərəfindən olan diqqətin təzahürüdür. Eyni zamanda, biz doğrudan da ilin əvvəlində bu qərarı verərkən idmançılardan qələbələr, uğurlar gözləyirdik. İdmançılar ümidlərimizi doğrultdular. 2012-ci ildə idmançılar tərəfindən müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanılmışdır. Onlardan 255-i qızıl medaldır.

İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil etmişlər. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Mən onların içərisində qızlar arasında futbol üzrə dünya çempionatını xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, bizim üçün birinci təcrübə və çox uğurlu təcrübə idi. Çünki həm FİFA, həm UEFA-nın prezidentləri Azərbaycanda keçirilmiş bu çempionatı yüksək qiymətləndirmişlər. Çempionat üç həftəyə yaxın keçirilmişdir və bütün məsələlər yüksək səviyyədə həll olunmuşdur. Biz bütün təşkilati məsələlərdə həmişə olduğu kimi, yüksək səviyyədə idik. Bu çempionat tarixə artıq ən uğurlu çempionatlardan biri kimi daxil edilibdir. Azərbaycanda digər beynəlxalq tədbirlər də keçirilir. Artıq biz bu prosesə öyrəşmişik. Hər həftə demək olar ki, hər hansı bir beynəlxalq tədbir keçirilir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi bir daha ölkəmizin idman ölkəsi olduğunu göstərir.

Bu il, eyni zamanda, biz idman infrastrukturunun yaradılması ilə bağlı səylərimizi davam etdirmişik. İl ərzində iki regional Olimpiya mərkəzi istifadəyə verilmişdir - Cəlilabadda və Astarada. Beləliklə, bölgələrdə tikilmiş İdman Olimpiya komplekslərinin sayı 35-ə çatdı. Səkkiz kompleksdə tikinti işləri davam etdirilir. Bir neçə kompleksin tikintisi nəzərdə tutulur. Beləliklə, bir neçə ildən sonra hər bir rayon mərkəzində, hər bir şəhərdə müasir Olimpiya obyektləri yaradılacaqdır.

Bakı şəhərində yeni tikilmiş idman obyektləri istifadəyə verildi, təmir edildi. Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmir edildi. Hesab edirəm ki, tarixdə birinci dəfə belə əsaslı təmir işləri görülmüşdür. İndi stadion bütün beynəlxalq standartlara cavab verir. “Səkkizinci kilometr” stadionu. Hələ ki, o stadionun şərti olaraq adı “Səkkizinci kilometr”dir. Yəqin ki, bu ada baxmaq lazımdır. Bu gözəl idman obyektinə hər hansı bir gözəl ad verilə bilər. O da təhvil verildi. Ölkəmizdə indi böyük gimnastika kompleksi tikilir. Bu yaxınlarda su idman növləri sarayı tikilməyə başlanmışdır. Keçən il böyük Olimpiya stadionunun təməli qoyuldu. Artıq bu sahədə bu il praktiki addımlar atılmağa başlanmışdır. Bu Olimpiya stadionu bölgənin ən böyük idman obyekti olacaqdır.

Yəni idman infrastrukturunun yaradılması istiqamətində, doğrudan da, çox böyük işlər görülmüşdür. Bütün bu işlər böyük vəsait tələb edir. Əlbəttə, bütün bu vəsaitin yükü, bu maliyyə yükü dövlət büdcəsinin üzərinə düşür. Biz hər il investisiya proqramına baxarkən idman obyektlərinin tikintisi üçün kifayət qədər böyük məbləğlər nəzərdə tuturuq. Əlbəttə, bu proseslər gələn illərdə də davam etdiriləcəkdir.

Bu il biz, eyni zamanda, Milli Olimpiya Komitəsinin 20 illik yubileyini qeyd etdik. Bu da çox əlamətdar hadisədir. Müxtəlif ölkələrdən gəlmiş qonaqlar bizimlə bərabər bu gözəl şənliklərdə iştirak etmişlər. Biz iyirimi ildir beynəlxalq Olimpiya ailəsinin üzvüyük və bu ailədə öz yerimizə malikik. Bu gün həm ümumdünya, həm Avropa federasiyaları ilə əlaqələrimiz artır. Beynəlxalq və Avropa Olimpiya komitələrinin bizə münasibəti çox müsbətdir. Azərbaycanda idman sahəsindəki uğurları onlar daim qeyd edirlər. İyirmi illik yubiley bizə imkan verdi ki, görülmüş işləri bir daha təhlil edək, uğurlarımızla öyünək, eyni zamanda, çatışmayan cəhətləri, qüsurları aradan götürək ki, daha da böyük nəticələrə imza ata bilək. Əlbəttə, 2012-ci ilin idman tədbirlərindən danışarkən London Yay Olimpiadası haqqında danışmamaq mümkün deyildir. Bu Olimpiada da tarixdə qalacaqdır. Bu Olimpiya Oyunlarında idmançılarımız ən böyük uğurları qazanmışlar, bütün xalqımızı sevindirmişlər, Azərbaycanı idman dövləti kimi aparıcı dövlətlərin sırasına daxil edə bilmişlər. On medal - 2 qızıl, 2 gümüş, 6 bürünc medal bizim tarixi nailiyyətimizdir. Olimpiya Oyunlarından artıq bir neçə ay keçir və hələ ki, xarici həmkarlarla görüşlərdə bu məsələ vurğulanır, Azərbaycanın uğurları haqqında fikir mübadiləsi aparılır. Məni bu günə qədər həmkarlarım - dövlət və hökumət başçıları bu uğurlar münasibətilə təbrik edirlər. Əlbəttə ki, bu, çox gözəl hadisədir. Hər bir Azərbaycan vətəndaşının qəlbini qürur hissləri ilə dolduran bir məsələdir. Bu qələbəyə görə, əlbəttə, biz hamımız idmançılara, onların məşqçilərinə, idman mütəxəssislərinə minnətdarıq.

Eyni zamanda, bu qələbənin əldə edilməsində Azərbaycanda idman sahəsində görülən işlər də az rol oynamır. Bizdə idman siyasəti dövlət tərəfindən aparılır. Bütün müvafiq qurumlar - həm dövlət qurumları və ictimai qurumlar, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, cəmiyyətlər və idman ictimaiyyəti bir ailə kimi fəaliyyət göstərir.

İdmanın kütləviliyinin təmin edilməsi üçün Olimpiya Oyunlarında uğurlar çox böyük rol oynayır. Çünki bu, gəncləri, uşaqları idman bölmələrinə gətirmək üçün həvəsləndirici bir amildir. Biz görürük ki, hər uğurdan, Olimpiya Oyunlarında əldə edilmiş hər qələbələrdən sonra idman bölmələrinə uşaqların axını güclənir. Biz doğrudan da elə etməliyik ki, hər bir gənc idmanla məşğul olsun. Şərt deyil ki, o mütləq idmançı olsun. Amma sağlamlığı möhkəmləndirmək, fiziki mədəniyyəti qaldırmaq üçün mütləq idmanla məşğul olmaq lazımdır.

Mən bütün gəncləri bir daha bu kürsüdən idmanla məşğul olmağa səsləyirəm. İndi demək olar ki, hər bir yerdə idmanla məşğul olmaq üçün imkanlar vardır. Fiziki cəhətdən sağlam olan insanlar, adətən mənəvi cəhətdən də böyük keyfiyyətlərə malikdirlər. Mən çox şadam ki, idmançılarımız məişətdə də, yəni, adi həyatda da öz davranışları ilə gənclər üçün nümunədirlər.

Olimpiya Oyunlarındakı qələbə, doğrudan da tarixi qələbədir. Biz dünya miqyasında 30-cu, Avropada 15-ci, islam aləmində isə üçüncü yerə layiq görülmüşük. Artıq bir neçə dəfə mən idmançıları bu böyük qələbə münasibətilə təbrik etmişəm, bir daha təbriklərimi bildirmək istəyirəm.

Nəhayət, ilin sonunda Azərbaycana bir şad xəbər gəldi. Dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu da tarixi qərardır. İlk növbədə, ona görə ki, bu, birinci Avropa Olimpiya Oyunları olacaqdır. Bu günə qədər baxmayaraq ki, Olimpiya hərəkatı tarixən Avropa məkanından başlamışdır və Olimpiya Oyunlarının bərpası da müasir dövrdə yenə də Avropa qitəsində baş vermişdir, - Avropa Olimpiya Oyunları heç vaxt keçirilməmişdir. Birinci oyunların keçirilməsi özlüyündə ciddi bir addımdır, Olimpiya hərəkatında bir dönüşdür. Bu oyunların bizə həvalə edilməsi, bu məsuliyyətin bizə tapşırılması əlbəttə ki, böyük tarixi əhəmiyyətə malik olan bir hadisədir.

Mən bu münasibətlə Azərbaycan xalqını dərhal təbrik etmişdim. Bir daha demək istəyirəm ki, bu qərarın qəbul edilməsində bir neçə mühüm amil öz rolunu oynamışdır, ilk növbədə, ölkəmizin inkişafı. İyirmi bir ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Tarix baxımından bu qısa müddət ərzində özümüzü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilmişik. Bizim beynəlxalq nüfuzumuz həddindən artıq yüksək səviyyədədir. Bu nüfuzun təzahürüdür ki, biz BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik, yəni, dünyada bundan yuxarı beynəlxalq qurum yoxdur. Bizim bütün ölkələrlə ikitərəfli əlaqələrimiz də çox müsbətdir. Eyni zamanda, əgər təkcə beynəlxalq nüfuzumuz olsaydı, iqtisadi imkanımız olmasaydı çətin ki, bu məsuliyyətli iş bizə tapşırılardı. Əlbəttə, ölkəmizin iqtisadi inkişafı böhranlı illərdə də davam etmişdir. İndi Avropanın bir neçə ölkəsində ciddi böhran davam edir. Yəni, bu böhranın sonu görünmür və vaxt keçdikcə daha da çox ölkələr bu böhrandan əziyyət çəkir. Artıq bir neçə ildir ki, bu proseslər gedir və bu böhranlı illərdə Azərbaycan ildən-ilə iqtisadi nailiyyətlərlə bütün Avropanı təəccübləndirir. Nəinki bizim statistik rəqəmlərə görə bu, belədir, eyni zamanda, dünyanın aparıcı reytinq agentlikləri aparıcı Avropa ölkələrinin bir neçəsinin reytinqini aşağı salarkən Azərbaycanın kredit reytinqlərini qaldırırlar.

Yəni, bu inkişafı görməmək, bunu hiss etməmək mümkün deyildir. Əlbəttə, bu qərarın qəbul edilməsində bizim iqtisadi imkanlarımız və gələcək iqtisadi inkişafımız da az rol oynamamışdır. Bizim artıq beynəlxalq tədbirlərin keçirilməsində təcrübəmiz, dünya, Avropa çempionatlarının keçirilməsi, bu il “Eurovision” mahnı yarışını ən yüksək səviyyədə keçirməyimiz də, idman qurğularımızın mövcudluğu da əlbəttə ki, bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Olimpiya Oyunlarının keçirilməsi üçün lazım olan idman obyektləri artıq ya tikilib, ya tikilməkdədir. Biz bütün bu işləri bəri başdan görmüşük.

Əlbəttə, biz istəyirdik ki, Azərbaycanda belə böyük mötəbər tədbir keçirilsin və fikirləşirdik ki, bu tədbirin keçirilməsi üçün bizdə güclü idman infrastrukturu olmalıdır. Ancaq bu tədbirin keçirilib - keçirilməməsindən asılı olmayaraq, biz bu idman qurğularını onsuz da yaratmalı idik və yaradırıq. Ancaq artıq idman infrastrukturumuz belədir ki, biz istənilən oyunları burada keçirə bilərik, xaricdən gələn istənilən sayda idmançıları burada yerləşdirə bilərik. Bakıda son iki il ərzində istifadəyə verilmiş yeni mehmanxanalar, istirahət zonaları, idman qurğuları, əlbəttə ki, bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Çünki bu qərarın qəbul edilməsindən əvvəl, əlbəttə, qiymətləndirici missiya da göndərilmişdir. Avropa Olimpiya Komitəsinin üzvləri Bakıya gəlmiş, vəziyyətlə tanış olmuşlar. Bu qərarın qəbul edilməsi bu amillərin əsasında mümkün olmuşdur. Mən tam əminəm ki, bizim uğurlu çıxışlarımız, idmançılarımızın qələbələri, xüsusilə London Yay Olimpiya Oyunlarındakı qələbələr bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır.

Mən əminəm ki, biz bu oyunları yüksək səviyyədə keçirəcəyik. Ancaq onu da bilməliyik və ictimaiyyət də bilməlidir ki, Olimpiya Oyunlarını, yəni, Yay və Qış böyük Olimpiya Oyunlarının keçirilməsinə hazırlıq dövrü təxminən 6-7 il olur. Misal üçün, gələn ilin sentyabr ayında 2020-ci ilin Olimpiya Oyunlarının paytaxtı müəyyən ediləcəkdir. Yəni, kim olursa-olsun, o ölkənin hazırlanması, bütün bu məsələləri həll etmək üçün 6-7 il vaxt lazım olacaqdır. Bizim vaxtımız cəmi iki ildir. Ancaq bizim templərimiz də çox yüksəkdir. Yəni, dünyada ikinci belə ölkə yoxdur ki, bu templərlə inkişaf etsin. İki il əlbəttə ki, çox az bir vaxtdır. Amma mən əminəm ki, bütün lazımi tədbirlər, texniki, təşkilati məsələlər öz həllini tapacaq və birinci Avropa Olimpiya Oyunları tarixə düşəcəkdir. Təkcə ona görə yox ki, bu, birinci oyunlardır, ona görə ki, bu, ən yaxşı oyunlar olacaqdır.

Əminəm ki, əlbəttə, bizim ictimaiyyətimiz və ilk növbədə Azərbaycanın idman ictimaiyyəti bu oyunların hazırlanmasında çox fəal rol oynayacaqdır. Biz indi artıq təşkilati məsələlərin həlli ilə məşğuluq. Bu, böyük iş olacaqdır, böyük fədakarlıq, zəhmət tələb edəcəkdir. Ancaq yenə də deyirəm, bizim böyük, mötəbər tədbirlərin keçirilməsində təcrübəmiz yaxşıdır və biz bu təcrübədən istifadə edib ən yaxşı oyunları keçirəcəyik.

Əziz dostlar, mən bir daha, sizi əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Ənənəvi olaraq bu gün biz idmançılarımızı mükafatlandıracağıq və eyni zamanda, qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi təbrik edirəm, sizə cansağlığı, idmançılara yeni ildə yeni qələbələr arzulayıram.

Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10