Azərbaycan Respublikası Prezidentinin dünya azərbaycanlılarına müraciəti

25 dekabr 2012, 11:40

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və artıq ənənəvi bayramlarımızdan birinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Sizi səmimi qəlbdən salamlayır, hər birinizə səadət və firavanlıq arzulayıram.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması və birliyinin möhkəmlənməsi, tarixi Vətənlə əlaqələrinin güclənməsi diaspor quruculuğunun mühüm tərkib hissəsini təşkil edir. Hazırda dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimizin yaratdıqları qurumlar Azərbaycan hökumətinin də ardıcıl dəstəyi sayəsində daha mütəşəkkil və çevik fəaliyyət göstərirlər. Sevindirici haldır ki, yeni ideyaları və vətənpərvərliyi ilə seçilən gənclərimiz bu prosesə yaxından cəlb olunur, diasporun möhkəmlənməsinə öz töhfələrini verirlər. Cari ilin martında təsis edilmiş Dünya Azərbaycanlı Gənclər Birliyi buna bariz nümunədir.

Soydaşlarımızın yaşadıqları dövlətlərin cəmiyyətinə dərindən inteqrasiya olunması, həmin ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatında getdikcə daha fəal rol oynaması təqdirəlayiqdir. Bunlar respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbaycan reallıqlarının dünyaya təqdim olunmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə əlverişli şərait yaradır. Eyni zamanda, Moskva, Hyuston, Paris və Türkiyənin Kocaeli şəhərində artıq fəaliyyətə başlamış, gələcəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzləri diasporumuzun imkanlarını xeyli artıracaq. Ümidvaram ki, diaspor təşkilatlarımız bundan sonra da öz səylərini davam etdirəcək, Diasporla İş üzrə Dövlət Komitəsi, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz və Azərbaycan mədəniyyət mərkəzləri ilə sıx əməkdaşlıq edərək daha mütəşəkkil fəaliyyət göstərəcəklər.

Tarixi şərait dünya azərbaycanlılarının həmrəylik və birlik arzularının məhz müstəqil dövlətimiz yarandıqdan sonra reallığa çevrilməsini mümkün etmişdir. Buna görə də biz milli varlığımızın əsası olan Azərbaycan Respublikasının hərtərəfli inkişafının təmin edilməsi, onun qüdrətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparırıq. Həyata keçirilən tədbirlər nəticəsində, əvvəlki dövrlərdə olduğu kimi, yola salmağa hazırlaşdığımız 2012-ci ildə də ölkəmizdə sosial-iqtisadi inkişaf prosesləri uğurla davam etmişdir. İqtisadi potensialın güclənməsi sosial, mədəni, hüquqi və digər sahələrə daha çox diqqət yetirilməsinə imkan yaratmış, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə və xaricdəki dostlarımızın sıralarının genişlənməsinə səbəb olmuşdur. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasındakı rolunun və təsir imkanlarının artmasının parlaq göstəricisidir.

Hazırda BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərən Azərbaycan Respublikası dünyada sülhün və təhlükəsizliyin qorunması sahəsində öz məsuliyyətini dərindən dərk edir. Bu gün ölkəmiz multikulturalizmin və tolerantlığın məkanı kimi islam dünyası ilə Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətlərə mənsub olan xalqlar arasında əməkdaşlıq üçün qlobal platformanın yaradılmasında mühüm rol oynayır.

Əziz soydaşlar!

Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Buna görə də bu gün bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mənəvi dəyərlərimizin qorunması, Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm.

Sizi əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2012-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10