Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvlərinə

30 yanvar 2013, 19:10

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram!

Dövlət Komissiyası fəaliyyət göstərdiyi illər ərzində çətin və mübariz bir yol keçmiş, daim milli maraqlar və dövlətçilik mənafelərindən çıxış etmiş, öz fəaliyyətində dövlətimizin humanizm prinsiplərini rəhbər tutmuşdur. Ümummilli lider Heydər Əliyev Dövlət Komissiyasının fəaliyyətinin genişləndirilməsinə və səmərəliliyinin artırılmasına böyük önəm vermişdir. Bu Komissiya Ermənistanın hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin geri qaytarılması, eləcə də itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi kimi yüksək humanitar missiyanı dövlət qurumları, ictimai və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə layiqincə yerinə yetirmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, yaranma səbəbləri və ağır fəsadları, baş vermiş humanitar fəlakət haqqında Dövlət Komissiyası və onun İşçi Qrupunun hazırladığı təbliğat materiallarının yayılmasının münaqişə barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rolu olmuşdur. İnformasiya mübarizəsi sahəsində Komissiyanın gördüyü işlər yüksək qiymətləndirilir.

Sülh danışıqlarında Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, müharibə vəziyyətinin davam etməsi, təmas xəttində atəşkəsin mütəmadi pozulması səbəbindən hərbi və mülki şəxslərin həlak olması, əsir və itkin düşməsi halları Komissiyanın bu məsələlərdə daha həssas və daha məsuliyyətli olmasını zəruri edir.

Əminəm ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bundan sonra da bütün vəzifələrinin öhdəsindən şərəflə gələcəkdir.

Bir daha Sizi 20 illik yubileyiniz münasibətilə təbrik edir, fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2013-cü il.