2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14 fevral 2013, 18:35

Azərbaycanda intellektual idman növü kimi tarixən geniş yayılan şahmata ötən əsrin 70-ci illərindən etibarən xüsusi diqqət göstərilmiş, ölkəmiz müstəqilliyə nail olduqdan sonra isə bu sahə dövlət səviyyəsində daha da inkişaf etdirilməyə başlamışdır. Aparılan məqsədyönlü işlər nəticəsində respublikanı dünya miqyasında uğurla təmsil edən çox sayda beynəlxalq qrossmeyster və FİDE ustası hazırlanmışdır. Qrossmeysterlərimizin beynəlxalq miqyaslı yarışlarda və ümumdünya şahmat olimpiadalarında əldə etdikləri yüksək nailiyyətlər Azərbaycanı layiqincə tanıdaraq, ona beynəlxalq şahmat aləmində böyük etimad qazandırmışdır. 2002-ci ildə Avropa çempionatının Bakıda, 2003-cü ildə gənclər arasında dünya çempionatının Naxçıvanda, 2008-ci ildə FİDE-nin Qran-pri seriyasının Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirinin Bakıda keçirilməsi Beynəlxalq Şahmat Federasiyasının ölkəmizə göstərdiyi yüksək etimadın bariz nümunəsidir.
Təqdirəlayiq haldır ki, Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri 

Yaqub Eyyubov

-

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri 

Azad Rəhimov

-

Azərbaycan Respublikasının gənclər və idman naziri

Elman Rüstəmov

-

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti

Hacıbala Abutalıbov

-

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Elmar Məmmədyarov

-

Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov

-

Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar Mahmudov

-

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Samir Şərifov

-

Azərbaycan Respublikasının maliyyə naziri

Əbülfəs Qarayev

-

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov

-

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Oqtay Şirəliyev

-

Azərbaycan Respublikasının səhiyyə naziri

Rövnəq Abdullayev

-

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Aydın Əliyev

-

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Firudin Nəbiyev

-

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

Mahir Məmmədov

-

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti

Faiq Həsənov

-

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti


2. Təşkilat Komitəsi 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planı hazırlasın və icra olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2013-cü il.