İlham Əliyev İSESCO-nun baş direktorunu qəbul etmişdir

16 mart 2013, 13:20
İlham Əliyev  İSESCO-nun baş direktorunu qəbul etmişdir

Prezident İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri “Terrorçuluğun qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfransın Bakıda yüksək səviyyədə təşkil olunmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələrin iştirakının önəmini vurğulayan Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın bu cür beynəlxalq tədbirlər keçirməkdə yaxşı təcrübəsi olduğunu məmnunluqla qeyd etdi.

Dövlət başçısı “Terrorçuluğun qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda təşkil edilən Beynəlxalq konfransa olan böyük marağı yüksək qiymətləndirdi. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin terrorçuluğun qarşısının alınması istiqamətində birgə səylərin daha da artırılması işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.