İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin mətbuat konfransı olmuşdur

24 aprel 2013, 13:00
İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin mətbuat konfransı olmuşdur

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin mətbuat konfransı olmuşdur.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyevin
bəyanatı


-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Bir daha Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz!

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Bu gün keçirdiyimiz danışıqlar, aparılan fikir mübadiləsi bir daha göstərir ki, Latviya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Bizim aramızda çox fəal siyasi dialoq aparılır. Siyasi müstəvidə aramızda heç bir problem yoxdur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Əlbəttə, çalışırıq ki, bütün sahələrdə əlaqələr siyasi səviyyədəki əlaqələrə uyğun olsun. Mən ilk növbədə iqtisadi sahəni qeyd etmək istərdim.

Baxmayaraq son illər ərzində iqtisadi sahədə böyük irəliləyiş vardır, eyni zamanda, hələ ki, ticarət dövriyyəsi bizi qane edə bilməz. Hesab edirəm ki, biz ticarət dövriyyəsinin artırılmasına birgə səylərlə nail olmalıyıq. Buna, hesab edirəm ki, imkanlar vardır. Bu gün keçiriləcək biznes forum biznes qurumları arasındakı əlaqələrin inkişafına da öz töhfəsini verməlidir. Hesab edirəm ki, biz iqtisadi sahədə investisiya layihələrinə baxmalıyıq. Artıq ilkin təkliflər vardır. Demək istəyirəm ki, Azərbaycan artıq öz investisiyalarını xarici bazarlara qoymağa başlamışdır. Bunun artıq gözəl nəticələri vardır. Konkret layihələr üzərində iş aparılmalıdır ki, biz ticarət dövriyyəsini artıra bilək.

Eyni zamanda, Latviya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək üçün əlavə imkanlar yaradıla bilər. Hesab edirəm ki, biznes forum çərçivəsində bu imkanlar da təqdim oluna bilər. Azərbaycanda son illər ərzində böyük inkişaf müşahidə olunur, çoxlu layihələr icra edilir. Əlbəttə, biz istərdik ki, Latviya şirkətləri podratçı, kontraktor kimi Azərbaycanda daha da fəal iştirak etsinlər.

Biz bu gün, eyni zamanda, energetika məsələlərinə toxunduq. Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından tərəfdaş ölkəyə çevrilmişdir. Bunu təsdiqləyən sənədlər də vardır. Azərbaycanın zəngin neft-qaz resursları dünya bazarlarına müxtəlif yollarla çatdırılır. Hesab edirəm ki, növbəti illərdə bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq yeni müstəviyə qalxa bilər. Eyni zamanda, ikitərəfli formatda da energetika məsələlərinin həlli üçün yaxşı imkanlar vardır.

Bu gün nəqliyyat infrastrukturunun yaradılması və nəqliyyat sahəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılmışdır.

Bu layihələrin həyata keçirilməsi nəticəsində geniş mənada regional əməkdaşlıq məsələləri öz həllini tapa bilər. Xəzər dənizi, Qara dəniz, Baltik dənizi ölkələri arasındakı əlaqələr bir çox hallarda nəqliyyat infrastrukturundan asılıdır. Azərbaycan öz tərəfindən bu məsələlərin həlli üçün çalışır. Bizim təşəbbüsümüzlə həyata keçirilən böyük nəqliyyat layihələri öz bəhrəsini verməkdədir.

Biz xarici siyasətlə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bu məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur.

Ümumiyyətlə, bu gün artıq həm təkbətək görüşdə və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə geniş mənada məsələlər müzakirə edildi. Humanitar sahəni qeyd etmək istəyirəm. Təhsil, səhiyyə məsələlərinin həlli üçün qarşılıqlı əməkdaşlığa ehtiyac vardır.

Cənab Prezident, ümumiyyətlə, hesab edirəm ki, səfəriniz Sizin üçün xoş keçəcəkdir. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Mən Latviyada artıq dəfələrlə olmuşam. Əminəm ki, səfərin yaxşı nəticələri olacaqdır. Siz vətənə xoş təəssüratlarla qayıdacaqsınız.

Bir daha xoş gəlmisiniz.
 

X X X

Prezident Andris Berzinşin
bəyanatı

 

-Sağ olun, cənab Prezident!

Ölkənizə səfər etmək üçün yaratdığınız fürsətə görə minnətdaram.

Latviya Azərbaycanı Cənubi Qafqazda çox mühüm və etibarlı tərəfdaş hesab edir. Əslində verdiyiniz olduqca geniş təsvirə görə təşəkkür edirəm. Biz ölkələrimiz arasında diplomatik münasibətləri qurduqdan sonra gələcək irəliləyiş üçün yaxşı əsaslar yarandı. Fikrimcə, biz öz siyasi və iqtisadi münasibətlərimizdə mühüm bir potensial səviyyəsinə çatmışıq və bu inkişaf sürətlə gedir.

Mən Latviya adından demək istərdim ki, biz enerji məsələsinin müzakirəsindən başqa, digər sahələri də qeyd etdik, təhsil sahəsinə toxunduq. Çünki burada bizim, həmçinin təhsil sahəsinin nümayəndələri vardır və təhsil sahəsində əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə edə bilərik. Latviyada 97 azərbaycanlı tələbə təhsil alır. Bu da, həmçinin bizim digər sahələrdə, o cümlədən iqtisadi sahədə münasibətlərimizin gücləndirilməsi üçün yaxşı zəmin yaradır. Bizim, həmçinin burada səhiyyə nazirimiz də vardır. Bu da əslində Latviya üçün olduqca mühüm bir sahədir. Bu, məhz insanların sağlamlığı, səhhəti ilə bağlı olan sahədir. Biz bu sahədə, həmçinin humanitar yardım göstərmək sahəsində çox fəalıq. Bu baxımından hesab edirəm ki, aramızda mübadilələr aparıla bilər. Həmçinin biz digər sahələrdə təcrübə mübadiləsini - tutaq ki, Avropa İttifaqı və Avropa təsisatları ilə iş sahəsində əldə etdiyimiz təcrübə ilə, sosial müdafiə sahəsindəki əldə etdiyimiz imkanlarla böyük məmnunluqla əslində mübadilə edə bilərik. Həmçinin pensiya sisteminin təkmilləşdirilməsinə və onun inkişafına dair fikir mübadiləsi apara bilərik.

Digər sahələrə gəldikdə, zənnimcə, sərhədlərə nəzarət, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə qarşı mübarizə sahələrində də yaxşı təcrübə mübadiləsi baş tuta bilər.

Mən nəqliyyat sahəsinə toxunaraq aydın şəkildə qeyd etmək istərdim ki, Latviyada aviasiyanın inkişafı öz növbəsində bizim bu sahədəki qarşılıqlı apardığımız əməliyyatlara töhfə verə bilər. Bildiyiniz kimi, digər ticarət marşrutları vardır, biri “Zubr” adlanır. Bu, əslində konteyner daşıyan qatardır ki, bizim Baltik dənizi regionundan Qara dəniz regionuna çıxışı təmin edir. Bu da, zənnimcə, ən maraqlı fürsətlərdən biri ola bilər. Hesab edirəm ki, bu, Latviyanın potensialının açılmasında, onun daha cəlbedici olmasında irəliyə doğru atılmış bir addımdır.

2014-cü ildə Latviyanın paytaxtı Riqa Avropa mədəniyyəti şəhəri olacaqdır. Mən hesab edirəm ki, bu da mədəniyyət sahəsində əməkdaşlıq üçün müstəsna əhəmiyyət kəsb edir. Mənim fikrimcə, mədəniyyət sahəsi bizim üçün yaxşı potensial imkanlar açır. Zənnimcə, biz bütün dünyada özümüzü daha güclü şəkildə təmsil edə, mövqelərimizi gücləndirə bilərik.

Beləliklə, əlaqələrimizi inkişaf etdirmək üçün biz istərdik ki, cənab Prezidenti yenidən Latviyaya səfərə dəvət edək, bununla da aparacağımız ikigünlük işin nəticələrini daha da gücləndirək. Fikrimizcə, bu yolla biz bütün səviyyələrdə əlaqələrimizi daha da genişləndirə bilərik.

İqtisadiyyat sahəsində əlaqələrimiz çox geniş vüsət alıb. Hesab edirəm ki, dünyada təhlükəsizlik və ölkələrimizin təhlükəsizliyi üçün gördüyümüz işlər çox vacibdir. Hesab edirəm ki, bu baxımdan bizim bir çox potensial imkanlarımız vardır.

Biz birgə işləyərək yaxşı səylərlə böyük nəticələr əldə edə bilərik. Mən öz tərəfimdən Azərbaycan tərəfindən iştirak edən bütün şəxslərə, həmçinin xüsusi olaraq, cənab Prezident Sizə minnətdarlığımı bildirirəm. Biz bilirik ki, nümayəndə heyətimiz səfərini artıq sabah başa çatdıracaqdır. Biz istərdik ki, səfərimizi konkret fikirlərlə və ideyalarla başa çatdıraq, ölkəmizə qayıdaq. Çünki bilirik ki, bəzi məsələlər kifayət dərəcədə, yəni istədiyimiz sürətlə inkişaf etməsə də, hesab edirik ki, biz bunu öz aramızda, cənab Prezident əlaqələndirəcəyik.

Çox sağ olun!

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

X X X

- İvo Yurkans (Latviya Müstəqil Televiziyası): Mənim sualım Azərbaycan Prezidentinədir. Latviya üçün qaz təchizatı yollarının şaxələndirilməsi olduqca vacibdir. Biz çox arzu edirik ki, “Nabucco” layihəsi həyata keçirilsin. Sizin fikrinizcə, Rusiya bu layihəyə gəldikdə nə dərəcədə güclü rəqib kimi çıxış edəcəkdir? Biz bilirik, sizin nəhəng həcmdə qaz ehtiyatlarınız vardır və əslində, Avropa İttifaqı üçün də çox böyük qaz təchizatı lazımdır. Rusiyanın bu baxımdan mövqeyini necə hesab edirsiniz?

Prezident İlham ƏLİYEV: İlk növbədə hesab edirəm ki, bu günə qədər Azərbaycan tərəfindən görülmüş işlər deməyə əsas verir ki, Azərbaycan “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində də böyük uğurlara nail olacaqdır. Dediyiniz kimi, bizim çox böyük qaz ehtiyatlarımız vardır və təsdiq edilmiş qaz resurslarımız hazırda 2,6 trilyon kubmetr həcmindədir. Ancaq çox güman ki, bu rəqəm artacaqdır. Çünki yeni kəşf edilmiş yataqlardan daha da çox qaz ehtiyatları gözlənilir. Beləliklə, uzun illər, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən çox önəmli ölkəyə çevrilməlidir. Əlbəttə, buna nail olmaq üçün müxtəlif, yəni, çoxşaxəli qaz kəmərləri lazımdır. Hazırda Azərbaycan öz qazını müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarır. Azərbaycan öz qazını Ermənistan istisna olmaqla, bütün başqa qonşularımıza nəql edir. Əlbəttə, gələcəkdə Avropa bazarına çıxmaq üçün yeni imkanlar yaradılmalıdır. Azərbaycan tərəfindən həyata keçirilən layihələr, hesab edirəm ki, uğurla nəticələnəcəkdir. Onların arasında son müddət ərzində ən yaddaqalan TANAP layihəsidir. TANAP layihəsini Azərbaycan təşəbbüs kimi irəli sürmüşdür. TANAP layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan qazı Avropa sərhədlərinə qədər çatdırılmalıdır və ondan sonra Avropanın qaz şəbəkəsinə daxil olacaqdır.

Bizim bütün təşəbbüslərimiz Avropa İttifaqı tərəfindən dəstəklənir. İki il bundan əvvəl bu salonda Avropa Komissiyasının sədri cənab Barrozu ilə biz strateji əməkdaşlıq haqqında memorandum imzaladıq. Bu memorandum enerji məsələlərinə aid idi və ondan sonra fəal iş başlamışdır. Ona görə, bazar Avropa bazarıdır, resurslar Azərbaycandan gələcəkdir. Tranzit ölkələri ilə uğurlu əməkdaşlıq aparılır və bu əməkdaşlığın çox gözəl tarixçəsi də vardır. Biz öz qonşularımızla - Gürcüstan və Türkiyə ilə artıq böyük neft-qaz layihələrinin həyata keçirilməsində yaxşı uğurlara nail olmuşuq. Ona görə, mən heç bir maneə görmürəm. Nəzərə alsaq ki, Avropa məkanı qaz təchizatının şaxələndirilməsində maraqlıdır, hesab edirəm burada heç bir əngəl ola bilməz. O ki qaldı rəqabət məsələlərinə, biz heç kimlə rəqabət aparmaq fikrində deyilik və sadəcə olaraq öz təbii resurslarımızı bizim üçün məqbul sayılan bazarlara nəql etməyə çalışırıq. Bu məsələlərdə Avropa İttifaqı tərəfindən qəbul edilmiş prinsiplər əsas rol oynamalıdır. Bu da sərbəst və ədalətli rəqabət prinsipləridir və bazar iqtisadiyyatı prinsipləridir. Avropa bazarı liberal bazardır, qanunlarla tənzimlənən bir bazardır, bizim üçün çox böyük və cəlbedici bazardır. Burada həm Avropanın, həm Azərbaycanın maraqları üst-üstə düşür və məhz buna görə biz öz münasibətlərimizi enerji sahəsində strateji tərəfdaşlıq kimi qiymətləndiririk. Yəni, burada təchizatçı ölkə Azərbaycan, tranzit ölkələri Gürcüstan və Türkiyə, istehlakçı ölkələr Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələr arasında enerji təchizatı və enerji təhlükəsizliyi ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Sadəcə olaraq, müəyyən dövrdə bəzi ləngimələr olmuşdur. Bu boşluğu doldurmaq üçün Azərbaycan, bir daha demək istəyirəm ki, Trans-Anadolu (TANAP) layihəsini irəli sürmüşdür. Əminəm ki, bu layihənin icrasında da biz həmişə olduğu kimi, böyük uğurlar qazanacağıq.

-Albina Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc): Sualım Latviya Prezidentinədir. Bu gün Bakıda hər iki ölkənin iş adamlarının iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçiriləcəkdir. Cənab Prezident, bilmək istərdik, Siz forumun nəticələrindən nə gözləyirsiniz və ümumiyyətlə, bu forum əməkdaşlığımızın genişləndirilməsi işinə nə kimi töhfələr verə bilər? Çox sağ olun.

Prezident Andris BERZİNŞ: Hesab edirəm ki, biznes foruma Latviya tərəfindən böyük maraq vardır. Biznes forumda Latviyanın işgüzar dairələrinin, iqtisadiyyatının çox müxtəlif sahələrini təmsil edən 80-dən artıq iş adamı iştirak edəcəkdir. Bu, o deməkdir ki, onlar həm ümumi yığıncaqda, həm özəl görüşlərdə azərbaycanlı həmkarları ilə görüşəcəklər.

Biz Azərbaycan Prezidenti ilə bu haqda danışdıq və əslində qeyd etdik ki, bu, iqtisadi əməkdaşlıq üçün vacib bir əsasdır. Biz elə bir səviyyəyə gəlib çatmışıq ki, məhz yerli işgüzar dairələr öz qarşılarına qoyduqları məqsədlərə artıq nail olublar. Yəni, artıq bizim müəssisələr Baltik dənizi regionunda öz mövqelərini tutublar. Bu, o deməkdir ki, biz nəzərimizi növbəti bazarlara yetirmişik. Ona görə bizim bir neçə istiqamətimiz vardır. Bu 22 il ərzində bizim mübadilə olunacaq təcrübəmiz vardır. Bu təcrübə həmin müəssisələrin təcrübəsidir. Fikrimcə, bu yaxşı bir məqam olardı ki, biz əslində öz biznes mübadilələrimizi iki ölkə arasında daha da artıraq.

O ki qaldı digər məsələlərə, məhz nəqletmə sahəsinə, Latviya hər hansı bir tranzit sahəsində, xüsusən də aviasiya ilə yüklərin daşınması sahəsində maraqlıdır. Hesab edirəm ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq çox yaxşı dərəcədə inkişaf edə bilər. Bizim, həmçinin hava nəqliyyatı sahəsində və onun əlaqələndirilməsində çox yaxşı imkanlarımız vardır. Bu sahədə də göstəriləcək səyləri əlaqələndirə bilərik. Enerji layihələrinə gəldikdə, biz artıq elə bir səviyyədəyik ki, alternativ təchizat mənbələri haqqında danışa bilərik. Biz burada arzularımızı və fikirlərimizi bölüşürük. Təbii ki, bu, həm Latviyanın, həm Baltik dənizi regionunun marağındadır. Bir sözlə, informasiya mübadiləsi faydalıdır. Biz elə bir nəticəyə gəlmişik ki, bu sahədə müsbət inkişaf olacaqdır.

Biz, həmçinin real layihələr haqqında da danışa bilərik. Məsələn, biz Latviyanın kənd təsərrüfatı sahəsində əldə etdiyi təcrübə üzrə də işləyə bilərik. Çox sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10