İlham Əliyev və Avstriya Prezidenti Haynts Fişer Vyanada birgə mətbuat konfransı keçirmişlər

13 may 2013, 20:05
İlham Əliyev və Avstriya Prezidenti Haynts Fişer Vyanada birgə mətbuat konfransı keçirmişlər

İmzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin mətbuat konfransı olmuşdur.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.

Prezident Haynts Fişerin bəyanatı

- Cənab Prezident, Sizi və nümayəndə heyətinizi burada, Avstriyada rəsmi səfər çərçivəsində salamlamaqdan olduqca məmnunam.

Azərbaycana, Bakıya 2011-ci ilin payızında etdiyim səfər yaxşı xatirimdədir. Bizim o vaxt Bakıda, indi isə Vyanada çox məhsuldar müzakirələrimiz oldu. Əməkdaşlığımız üçün bir çox sahələr mövcuddur. İndicə imzaladığımız Bəyannamədə ölkələrimiz arasındakı dostluq münasibətlərimiz və tərəfdaşlığımız əksini tapıb. Məsələn, Bəyannamədə hər iki ölkədə demokratiyaya, insan hüquqlarına hörmətlə yanaşmaya, qanunun aliliyinin təşviqinə sadiqlik vurğulanır. Sənəddə, həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin vacibliyi qeyd edilir.

Mən uzun sürən bu problem, münaqişə ilə bağlı vəziyyətin daha da yaxşılaşdırılmasına nail olmaq üçün növbəti mümkün addımların atılmasına dair söylədiyiniz rəyə, verdiyiniz təqdimata görə Sizə olduqca minnətdaram.

Əlbəttə ki, müzakirələrimizin əsas mövzusu iqtisadi əməkdaşlığa da aid idi. Çox əlamətdar haldır ki, Bakıya səfərimdən, apardığımız danışıqlardan və Bakıdakı biznes forumdan bir il sonra ölkələrimiz arasında ixrac, idxal əməliyyatları böyük həcmdə artmışdır. Bu, çox yaxşı göstəricidir. Biz bunun davam etdirilməsinə çalışırıq. Avstriya tərəfi şirkətlərinin tərtib etdiyi və müxtəlif sahələri və təklifləri əhatə edən siyahını Prezidentə və onun əməkdaşlarına təqdim etdi. Burada neft, səhiyyə, texnologiyalar sahələrinə, yeni hava limanına, turizm sahəsindəki əməkdaşlığa dair təkliflər vardır. Dəmir yolları üçün avadanlıq, infrastruktur, mehmanxana işi, konsaltinq və digər məsələlər də öz əksini tapmışdır. Bizim bir çox ümumi layihələrimiz, bu cür layihələr üçün təkliflərimiz vardır. Bundan çox məmnunuq.

Azərbaycanda olarkən, mən Prezidentə Avstriyada və Lüksemburqda beynəlxalq əsaslarla təsis edilmiş Antikorrupsiya Akademiyası haqqında məlumat verdim. Bir neçə ay sonra Azərbaycanın Antikorrupsiya Akademiyasına qoşulması haqqında məlumatı almaqdan çox məmnun oldum. Bu qurum korrupsiyaya qarşı uğurlu mübarizə aparmaq üçün dövlət idarəçiliyi sahəsində təlim kursları keçir. Dünyanın bütün ölkələri iqtisadiyyatın şəffaflığını təmin etmək və təkmilləşdirmək üçün bu və ya digər dərəcədə buna ehtiyac duyurlar. Bu sahədə aparılan əməkdaşlıqdan çox məmnunuq.

Biz BMT çərçivəsində qarşılıqlı surətdə namizədlər üzərində razılığa gəlmişik. Avstriya BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinə Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması komitəsinə Avstriyanın xanım namizədini dəstəkləyir.

Görüşümüz olduqca müsbət, mehriban və konstruktiv mühitdə keçdi. Əlbəttə ki, biz “Nabukko” məsələsini də müzakirə etdik. Bu məsələdə biz eyni mövqedəyik, ümumi və oxşar maraqlarımız vardır. Növbəti qərar bir neçə həftədən sonra qəbul ediləcəkdir. Bu, iyunda baş verə bilər. “Nabukko”nun qərb istiqamətinə və ya TANAP layihəsinə üstünlüyün verilməsindən asılı olmayaraq, qəbul olunacaq istənilən qərar enerji sahəsində önəmli əməkdaşlığımız üçün imkan açacaqdır.

Sizə söyləmək istədiyim mülahizələr bu qədər. Çox sağ olun.

X X X

Prezident İlham Əliyevin bəyanatı

- Sağ olun, cənab Prezident.

Əvvəlcə icazə verin, göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirim. Ölkənizdə olmağımızdan və dialoqumuzun davam etdirilməsindən çox şadıq.

Biz hamımız Azərbaycana etdiyiniz səfəri və apardığımız müzakirələri xatırlayırıq. Qeyd etdiyiniz kimi, həmin səfərdən sonra biz əməkdaşlığın bütün sahələrində sürətli inkişafı hiss edirik. Fikrimcə, Bəyannamənin imzalanması ikitərəfli münasibətlərimizdə mühüm mərhələdir. Bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlər arasında xüsusi yer tutur.

Çünki o, əməkdaşlığımızın mahiyyətini, əlaqələrimizin tarixini əks etdirir və bir çox sahələri əhatə edir. Bu, olduqca mühüm Bəyannamədir. Sənəd münasibətlərin və tərəfdaşlığın əla səviyyədə olduğunu təsvir edir.

Əslində bu sözlər əməkdaşlığımızın səviyyəsini səciyyələndirir. Biz güclü siyasi əlaqələr qurmuşuq, daim əlaqədəyik.

Bir-birimizi dəstəkləyirik və cənab Prezidentin qeyd etdiyi kimi, bu dəstəyi beynəlxalq təşkilatlarda davam etdirəcəyik.

Eyni zamanda, iqtisadi əməkdaşlığa gəldikdə çox yaxşı nəticələrimiz vardır. Ticarət dövriyyəsi artır və böyük potensiala malikdir. Hazırda bir çox Avstriya şirkətləri Azərbaycanda mühüm layihələri həyata keçirən podratçı qismində fəaliyyət göstərir. Bu layihələr turizm infrastrukturuna, incəsənətə, memarlığa aiddir. Avstriya şirkətlərinin Azərbaycanda əla nüfuzu vardır. Onlar Azərbaycanın hazırda həyata keçirdiyi bir çox infrastruktur layihələrində bizə yardım edirlər.

Bu gün bir azdan sonra bizim işgüzar dairələrlə görüşümüz olacaqdır. Bu tədbir də, fikrimcə, cənab Prezident, əməkdaşlığımıza növbəti dəstək verəcəkdir. Biz, həmçinin daha çox Azərbaycan şirkətlərinin Avstriyada işləməsini arzulayırıq. Ümidvarıq ki, bu da baş verəcəkdir.

Azərbaycan şirkətləri üçün sərmayə baxımından Avstriya çox cəlbedici ölkədir. Dünyada ən şəffaf neft fondlarından olan Azərbaycan Dövlət Neft Fondu Avropada və ümidvarıq ki, Avstriyada sərmayə imkanlarını axtarır və sərmayə layihələrinə başlayır.

Cənab Prezident bildirdi və bu Bəyannamədə qeyd olunub ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdik. Münaqişə beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həll olunmalıdır. Onların arasında mən erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istəyirəm.

Əfsuslar olsun ki, 20 ildir bu qətnamələr yerinə yetirilmir, işğal davam edir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, etnik təmizləmə siyasətinə və soyqırımına məruz qalmışdır. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin status-kvonun qəbulolunmazlığı barədə verdikləri bəyanatlara Ermənistanda məhəl qoymurlar. Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanğıcı deməkdir. Fikrimcə, bu, nə qədər tez baş verərsə, danışıqlar prosesi daha sürətlə gedər və danışıqlar prosesində müşahidə olunan mühit mənfidən müsbətə doğru dəyişə bilər. Azərbaycan ərazilərinin dərhal işğaldan azad edilməsinin başlanması bizim gözlədiyimiz məsələdir. Ümidvarıq ki, beynəlxalq ictimaiyyət bu istiqamətdə daha fəal rol oynayacaqdır.

Əlbəttə ki, biz enerji əməkdaşlığını da müzakirə etdik. Bu əməkdaşlıq üçün yaxşı perspektivlər vardır. Azərbaycan “Cənub qaz dəhlizi”nin tikintisini nəinki dəstəkləyən, əslində, onu başlayan ölkədir. Ötən dəfə cənab Prezidentlə Bakıda keçirdiyimiz görüşdən sonra biz mühüm nailiyyət əldə etmişik. Burada Trans-Anadolu qaz boru kəmərinin tikintisi ilə əlaqədar Türkiyə ilə əldə edilmiş razılaşma nəzərdə tutulur. Bu, Azərbaycan qazı üçün Avropa qitəsinə qapıları açır. Bu məsələ ilə bağlı Avropa təsisatları və Avropa İttifaqı ilə apardığımız müzakirələr hər zaman bizim diqqət mərkəzimizdədir.

Avropa İttifaqlı ilə Azərbaycan enerji sektorunda strateji tərəfdaşlıq sazişini imzalamışdır. Orada Azərbaycan “Cənub qaz dəhlizi”nin əsas qüvvəsi və təşəbbüskarı kimi qeyd edilir. Fikrimcə, “Cənub qaz dəhlizi” uğurla həyata keçiriləcəkdir.

Hazırda “Şahdəniz” konsorsiumu təkliflərin kommersiya tərəfini qiymətləndirir. Ümidvarıq ki, yaxın gələcəkdə qərar qəbul olunacaq və nəticədə Azərbaycan qazı Avropa qitəsinə çatdırılacaqdır.

Gördüyümüz kimi, əla münasibətləri, yüksək səviyyədə qarşılıqlı anlaşma münasibətlərini genişləndirmək və əməkdaşlığı gücləndirmək üçün hər iki tərəfin istəyi vardır. Hesab edirəm ki, bu səfər bu baxımdan öz rolunu oynayacaqdır.

Hörmətli cənab Prezident, qonaqpərvərliyinizə görə çox sağ olun. Bildirmək istəyirəm ki, mən Vyana şəhərini və zəngin tarixi, xalqınızın tarixi irsini özündə əks etdirən belə möhtəşəm sarayı çox xoşladım.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

X X X

Avstriya jurnalisti: Cənab Prezident, Azərbaycan Türkiyənin dostu sayılır. Həftənin sonunda Türkiyədə bomba partlayışları baş verdi. Suriyada gedən müharibənin Türkiyəyə yayılmasından ehtiyatlanırsınızmı? Sualım hər iki prezidentədir. Bu halda beynəlxalq ictimaiyyət buna reaksiya verməlidirmi və necə? 

Prezident İlham ƏLİYEV: Əlbəttə ki, bu, bizi narahat edir. Mən Türkiyə Prezidentinə və Baş nazirinə bu cür qəddar terror aktları ilə əlaqədar dərin hüznlə başsağlığı verdim. Günahsız adamlar yenə də bundan əziyyət çəkiblər. Əlbəttə, biz narahatıq ki, terrorçuluq insanlara əziyyət verməkdə davam edir. Terrorçuluğa qarşı mübarizə daha fəal şəkildə aparılmalıdır. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan sədr olduğu zaman biz beynəlxalq terrorçuluğa qarşı mübarizənin aparılması məsələsini irəli sürdük və beynəlxalq ictimaiyyətin göstərdiyi səylərin birləşdirilməsinin zəruriliyini qeyd etdik. Zənnimcə, bütövlükdə beynəlxalq ictimaiyyət mövqeyimizi başa düşdü.

Terror təşkilatları arasında heç bir fərq qoyulmalı deyildir. Terror aktı üçün heç bir əsaslandırma və ya üzrlü səbəb ola bilməz. Terrorçuluq beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir. Beynəlxalq ictimaiyyət terrorçuluğun qarşısının alınması üçün ümumi səyləri, informasiya mübadiləsini gücləndirməlidir.

Əlbəttə ki, Türkiyə Azərbaycanın dostudur. Bizim aramızda gözəl münasibətlər vardır və biz narahatıq ki, bu terrorçuluq əməlləri yayıla bilər və günahsız insanlara əzab-əziyyət gətirə bilər.

Prezident Haynts FİŞER: Mənim sizin sualınıza verəcəyim cavab ondan ibarətdir ki, elə indicə biz görüş əsnasında Suriyadakı vəziyyətə toxunduq. Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Şəxsən mən inanıram ki, Suriyanın hazırkı hakimiyyəti Türkiyə ilə əlavə cəbhəni yaratmaqla düşdüyü vəziyyəti ağırlaşdırıb. Hətta deyərdim ki, çox ağırlaşdırıb.

Son günlərdə baş verən maraqlı hadisələr göstərir ki, Rusiyanın xarici işlər naziri ilə ABŞ-ın dövlət katibi arasında danışıqlar aparılmışdır. Münaqişənin səngidilməsi və dayandırılması üçün Rusiya ilə ABŞ arasında razılıq tapılarsa, bu, irəliyə doğru atılmış böyük addım olar. Çünki BMT Təhlükəsizlik Şurasının müsbət qərarı o vaxt mümkün olar ki, Rusiya və ABŞ arasında Təhlükəsizlik Şurasının qətnaməsinə aid bəzi fundamental məsələlər üzərində razılıq əldə olunsun.
Mənim şəxsi rəyim ondan ibarətdir ki, bu cür münaqişələr hərbi vasitələrlə deyil, hər zaman siyasi yolla həllini tapmalıdır. Əgər kimsə münaqişəni güc və qarşıdurma ilə həll etmək istəyirsə bu, pis fəsadlar verər. Mənə elə gəlir ki, misal kimi, İraqın adını burada çəkməyə ehtiyac belə yoxdur.

Vüqar SEYİDOV (Azərbaycan Dövlət Teleqraf Agentliyi -AzərTAc): Sualım Avstriya Prezidentinədir. İki ölkə arasında qeyri-enerji əməkdaşlığının hansı konkret sahələri genişləndirilə bilər?

Prezident Haynts FİŞER: Əvvəlcə mən məmnunluqla qeyd edə bilərəm ki, Avstriyada müxtəlif sahələrdə yüksək texnologiyalar vardır. Mən infrastruktur, dəmir yolları, inşaat, səhiyyə və xəstəxanaların tikintisi sahələrini nəzərdə tuturam.

Biz dost ölkə olaraq Azərbaycana bu texnologiyaları təqdim etmək istəyirik və təqdim edirik. İkincisi, turizm sahəsidir. Bu, Avstriyanın səciyyəvi xüsusiyyətidir. Burada turizm çox yüksək səviyyədə inkişaf edib. Beynəlxalq səviyyədə tanınır.

Azərbaycan gözəl ölkədir. Turizm ikinci sahədir. Mədəniyyət üçüncü sahədir. Universitetlər arasında sıx əməkdaşlıq mövcuddur. Elmlər akademiyaları əməkdaşlıqda olduqca maraqlıdır. Bu, üçüncü sahədir. Bundan başqa Avstriya, həmçinin mədəni irsin qorunması sahəsində də çalışır. Bilirik ki, Bakıdakı mədəni irsin bəzi əsas obyektlərində avstriyalı memarlar bərpa işlərinə cəlb olunmuşlar. Bunlar bir sıra yaxşı nümunələrdir. Əgər əlavə vaxt verilsəydi, mən digər sahələri də tapardım. Verdiyiniz suala cavab bu qədər.

Jurnalist: Sualım Prezident Əliyevədir. “Cənub qaz dəhlizi” ilə əlaqədar qərara gəldikdə, Siz bu qərarın iyunun sonunda qəbul ediləcəyini gözləyirsinizmi? İkincisi, əgər “Cənub axını” layihəsi həyata keçirilərsə, bunun “Nabukko”nun reallaşmasına nə dərəcədə təsiri olacaqdır?

Prezident İlham ƏLİYEV: Bu qərarın yaxın zamanlarda qəbul olunmasını biz də gözləyirik. Bu, “Şahdəniz” qrupunun birgə qərarı olacaqdır.

Bu gün cənab Prezidentlə müzakirə etdiyimiz kimi ümidvarıq ki, həmin qərar sırf kommersiya etibarlılığı baxımından qəbul ediləcəkdir. Artıq qeyd etdiyim kimi, biz “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi istiqamətində irəliyə doğru böyük addım atmışıq. Bu halda xüsusən TANAP layihəsi üzrə Türkiyə ilə Azərbaycan arasında əldə edilmiş razılaşma nəzərdə tutulur. Bu, layihənin həyata keçirilməsini xeyli asanlaşdırır. Bir sözlə, biz əsas texniki və maliyyə öhdəliklərini öz üzərimizə götürməyə hazırıq. Biz strateji marşrutun reallaşmasına real töhfə veririk. Çünki bunun nəticəsində Azərbaycan Avropa qitəsində mühüm qaz ixracatçısına çevriləcəkdir. Bu bizə nəhəng qaz potensialımızı reallaşdırmaq imkanı yaradacaqdır. Bu gündən etibarən gələn on illər, yüz illər ərzində ölkəmizin iqtisadi müstəqilliyini təmin edəcəkdir.

Biz Avropa təsisatları ilə Azərbaycan arasında əməkdaşlıq səviyyəsindən çox məmnunuq və tərəfdaş kimi real iş görürük.

Hazırda regionda həyata keçirilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrə gəldikdə rəqabət bizi narahat etmir. Əksinə, fikrimcə, ədalətli rəqabət uğur üçün ilkin əsas şərtdir. Bu, həm də istehlakçılar üçün vacibdir. Çünki onların daha çox seçimi olacaqdır. Bu, həmçinin istehsalçılar üçün sərfəlidir. Çünki onlar daha səmərəli işləyəcəklər. Bu səbəbdən biz narahat deyilik. Lakin şaxələndirmə haqqında danışdıqda fikrimcə, biz hamımız nəzərə almalıyıq ki, əsas şaxələndirmə marşrutun yox, mənbənin şaxələndirilməsidir. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10