Azərbaycan və Avstriya prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

13 may 2013, 18:00
Azərbaycan və Avstriya prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Görüşdə ulu öndər Heydər Əliyevin Avstriyaya rəsmi səfərini xatırladan Prezident Haynts Fişer Prezident İlham Əliyevin Avstriyaya rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olacağını vurğuladı. Bildirildi ki, Azərbaycan ilə Avstriya arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr getdikcə möhkəmlənir. Qeyd olundu ki, hazırda onlarla Avstriya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin uğurlu olmasının göstəricisidir. Vurğulandı ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, energetika, turizm, xidmət sektoru və digər istiqamətlər üzrə yaxşı əməkdaşlıq imkanları vardır.

Ölkələrimizin enerji sahəsində əməkdaşlığının müzakirə edildiyi görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı.