İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur

16 may 2013, 18:40
İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur.

Son illərdə Azərbaycanda astronomiya elminin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu baxımdan Şamaxı Astrofizika Rəsədxanasında aparılan təmir və yenidənqurma işləri diqqəti cəlb edir. Azərbaycan astronomiya elmi Nəsirəddin Tusi tərəfindən XIII əsrdə Cənubi Azərbaycanda yaradılmış məşhur Marağa Rəsədxanası ilə şöhrət qazansa da, XX əsrdə milli astronomiya elminin inkişafında yeni əlamətdar bir mərhələ başlanmışdır. 1927-ci ildən Azərbaycanda astronomiya ekspedisiyaları fəaliyyət göstərmişdir. Bu ekspedisiyalar Şamaxı da daxil olmaqla Azərbaycanın bir sıra rayonlarını tədqiq etmiş, son nəticədə rəsədxananın tikilməsi üçün məhz Pirqulu ərazisinə üstünlük verilməsini tövsiyə etmişdir.

Rəsədxana 1959-cu ildə Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılmış və 1960-cı ildə fəaliyyətə başlamışdır. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə üstünlüklərə malikdir. Mütəxəssislərin rəyinə görə, burada aydın gecələrin sayı il ərzində 200-ə çatır.

2008-ci ildən sonra Şamaxı Astrofizika Rəsədxanasının həyatında yeni əlamətdar mərhələ başlanmışdır. Belə ki, Azərbaycanda elmin inkişafına böyük diqqət göstərən dövlətimizin başçısı rəsədxananın yenidən qurulması, burada təmir-bərpa işlərinin aparılması ilə bağlı sərəncamlar imzalamış, tapşırıqlar vermişdir. Prezident İlham Əliyevin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan ümumilikdə 8 milyon manat vəsait ayrılmışdır. Sərəncamların icrası nəticəsində bu elmi-tədqiqat mərkəzinin maddi-texniki bazası möhkəmlənmiş, əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni binalar inşa olunmuş, müasir qurğular işə salınmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə dövlətimizin başçısına məlumat verdi ki, rəsədxanada inzibati bina, sərgi və 110 nəfərlik mühazirə zalları, 6 teleskop binası, o cümlədən 2 metrlik əsas teleskopun binası əsaslı təmir olunmuş, 110 nəfərlik yeməkxana tikilmişdir.

Əsaslı təmir və yenidənqurmadan sonra buradakı inzibati otaqlarda iş şəraiti ən müasir səviyyəyə çatdırılmışdır. Rəsədxananın Bakı şəhər bölməsi, “Günəş fizikası”, “Günəş və Yer əlaqələri”, “Planetlər və kiçik səma cisimləri” və digər şöbələri vardır.

İki metrlik əsas teleskopun yerləşdiyi binada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu bina ilə yanaşı, horizontal Günəş teleskopunun, 70 və 35 santimetrlik teleskopların, həmçinin alman teleskopunun binaları da əsaslı təmir olunmuşdur. Əsas teleskopun idarəetmə sistemi tam avtomatlaşdırılmışdır. Rəsədxananın bütün teleskoplarına müasir və yeni işıq qəbulediciləri alınmış, xüsusi kameralar və kriogen qurğusu quraşdırılmışdır. Ümumilikdə rəsədxana astrofizika və fundamental astronomiya sahəsində keçmiş sovet və postsovet elmi proqramlarına mühüm töhfələr vermişdir.

Rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılmışdır. Rəsədxanada qalaktikanın, ulduzların, planetar dumanlıqların, Günəşin, planetlərin və kometaların müşahidəsi aparılır. Burada ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, həmçinin Günəş fizikası istiqamətində elmi işlər görülür.

Dövlət başçısına Şamaxı Astrofizika Rəsədxanasının əvvəlki və yenidənqurmadan sonrakı görüntüləri əsasında bu elmi-tədqiqat mərkəzinin fəaliyyəti barədə məlumat verildi. Rəsədxananın direktoru Əyyub Quliyev teleskopların müasirləşdirilməsi və avtomatlaşdırılması, gələcəkdə nəzərdə tutulan işlər, həmçinin əldə olunan nailiyyətlər barədə danışdı. Bildirildi ki, burada Günəş fizikası sahəsində tədqiqatlar aparılmış, yüksək elmi nəticələr əldə olunmuşdur. Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluşu ilə bağlı aparılan tədqiqatlarla yanaşı, ulduz fizikası sahəsində qeyri-stasionar, dəyişən və qoşa sistem ulduzları, geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar da öyrənilir.

Dövlət başçısına son günlərdə kosmosdan alınan görüntülər, o cümlədən diametri 6,5 metrdən çox olan teleskoplar barədə məlumat verildi.

Rəsədxananın yenidən qurulmasını yüksək qiymətləndirən və bunun Azərbaycan elminə bir töhfə olduğunu vurğulayan Prezident İlham ƏLİYEV dedi:

- Son illər burada aparılan tikinti-quruculuq işləri öz bəhrəsini vermişdir. Şamaxı Rəsədxanası uzun illərdir ki, fəaliyyət göstərir. Vaxtilə buraya böyük investisiyalar qoyulmuşdu. Amma sonra bu şəkillər də göstərir, mən də burada birinci dəfə olarkən görmüşəm ki, yararsız vəziyyətə düşmüşdü. Həm burada elmi araşdırmalar aparmaq üçün problemlər yaranmışdı, həm də alimlərin yaşayış səviyyəsi çox ağır idi. Vaxtilə tikilmiş binalar yararsız vəziyyətə düşmüşdü, dağılırdı. Ona görə biz qərara gəldik ki, rəsədxananı kompleks şəkildə bərpa edək.

Müvafiq sərəncamlar verilmişdir. Mən burada dəfələrlə olmuşam. Çox şadam ki, artıq biz rəsədxananı tam şəkildə yenidən qurduq, bərpa etdik. Çox gözəl şərait yaradılmışdır. Əsas teleskop da təmir edildi. Alimlərin də yaşayış şəraiti yaxşılaşdı. Burada yaşamaq, işləmək üçün bütün imkanlar vardır. Bu, Azərbaycan elminə verilən böyük töhfədir.

Azərbaycan elminin inkişafı üçün əməli tədbirlər görülür. Mənim müvafiq sərəncamlarım olmuşdur. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması üçün vacib addımlar atılmışdır. Elmin İnkişaf Fondu yaradılmışdır. Yəni, Azərbaycan dövləti çalışır ki, elmə ayrılan vəsait artsın və Azərbaycan elmi ölkəmizin uğurlu inkişafına maksimum dərəcədə xidmət göstərsin. İndi biz elmin ənənəvi və yeni istiqamətləri üzrə ciddi fəaliyyət göstəririk. Bu ilin fevral ayında artıq kosmik sənayenin təməlini qoyduq. Artıq bizim peykimiz orbitə çıxarılıbdır. Belə olan halda hesab edirəm ki, Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir. Artıq Azərbaycan bölgənin iqtisadi, siyasi mərkəzidir. İndi görürsünüz hər ay mötəbər siyasi tədbirlər keçirilir. Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir.

Biz əlavə nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, biz bu bazadan yeni layihələrin həyata keçirilməsi istiqamətində işimizi davam etdirəcəyik. Əlbəttə, elə etməliyik ki, elmə qoyulan vəsait elmin inkişafına xidmət göstərsin. Eyni zamanda, bunun praktiki nəticələri də olsun. İqtisadi inkişafımız və ümumiyyətlə, ölkəmizin hərtərəfli inkişafı üçün elmi praktiki addımlarla uzlaşdırmalıyıq. Daha doğrusu, bu uzlaşma vardır, gərək daha da səmərəli olsun. Dünyadakı ən qabaqcıl texnologiyalar Azərbaycanda olmalıdır. İndi dünya səviyyəsində olmasına baxmayaraq, hesab edirəm ki, rəsədxananın gələcək inkişafı istiqamətində əlavə addımlar atılmalıdır. Biz aparıcı rəsədxanaların səviyyəsinə qalxmışıq.

X XX

Rəsədxanada aparılan təmir-tikinti işləri çərçivəsində ərazi tamamilə hasara alınmış, beşmərtəbəli iki binanın birinci mərtəbələrində poçt, tibb məntəqəsi, uşaq bağçası, mağaza və digər xidmət obyektləri yaradılmışdır. Magistral elektrik, su, kanalizasiya, xarici və daxili qazlaşdırma, telekommunikasiya xətləri yenidən çəkilmişdir. İnzibati binanın ətrafında yeni yaşıllıq salınmışdır.


Prezident İlham Əliyev rəsədxananın ərazisində yaradılan yeni yaşayış massivindəki şəraitlə də tanış oldu. Burada 40 və 32 mənzilli beşmərtəbəli iki bina, bir və ikimərtəbəli 10 kottec və mehmanxana inşa olunmuşdur. Otaqlarda qonaqların rahatlığını yüksək səviyyədə təmin etmək üçün bütün şərait yaradılmışdır. Qonaqlar kotteclərin sürətli internet, kabel televiziyası və digər xidmətlərindən yararlana biləcəklər.

Dövlət başçısı görülən işləri yüksək qiymətləndirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo