Gerb

21 iyun 2013, 23:10

Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bəyanatı

- Xanımlar və cənablar! Hər vaxtınız xeyir.

Prezident İlham Əliyevi Brüsseldə salamlamaqdan çox məmnunam. Bu gün biz Prezident Əliyevlə son illər apardığımız səmərəli fikir mübadiləsi və etdiyimiz səfərlər əsnasında çox açıq, konstruktiv və dostcasına müzakirələr keçirdik. Biz bir neçə dəfə görüşmüşük. Mənim Bakıya səfərim də buraya daxildir.

Bu gün enerji məsələləri diqqət mərkəzində idi. Eyni zamanda, biz Azərbaycanda və Avropa İttifaqında baş verənləri nəzərdən keçirdik.

Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı əməkdaşlıq qurmuşuq. Bunu rəhbər tutaraq, biz demokratiya və ümumi dəyərlərə, xüsusən insan hüquqları və fundamental azadlıqlara əsaslanan uzunmüddətli əməkdaşlığa istiqamət götürmüşük. Mən Azərbaycana bu yolda şəxsi dəstəyimi bu gün də ifadə etdim.

Strateji enerji əməkdaşlığına dair bir neçə kəlmə demək istərdim. Biz əlbəttə ki, “Cənub” qaz dəhlizini təfərrüatı ilə müzakirə etmişik. Hər ikimiz 2011-ci ildə birgə bəyanatın imzalanmasından keçən dövrdə “Cənub” qaz dəhlizinə dair əldə olunmuş inkişafdan çox məmnunuq. Biz hər ikimiz həm Azərbaycan, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bu layihənin reallaşması istiqamətində səylə çalışmışıq. Prezident Əliyevə qəti və davamlı sadiqliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bakıda görüşümüz zamanı müzakirələri yaxşı xatırlayıram. Əslində Azərbaycan o zaman üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir və mən fəxr edirəm ki, Prezident Əliyevlə imzaladığımız həmin o bəyannamə bütün bu inkişafın əsasında durur.

Prezident İlham Əliyev məni əmin etdi ki, nəzərdə tutulduğu kimi, “Şahdəniz-2” konsorsiumu dəhlizin çox mühüm olan Avropa qoluna dair qərarı gələn həftə verəcəkdir və iki seçimdən birini edəcəkdir: “Nabucco Qərb” və ya Trans-Adriatik boru kəməri.

Əslində bu, konsorsium üçün kommersiya əhəmiyyətli qərardır. Lakin vurğulamaq istərdim ki, həm “Nabucco Qərb”, həm Trans-Adriatik boru kəmərləri bizim vahid Avropa enerji bazarı üçün qaz təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Buna görə əminəm ki, hər iki kəmər tikilə bilər. Biz buna “Cənub” qaz dəhlizini hazırda mövcud olan qaz ehtiyatlarından əlavə resursları cəlb etmək hesabına nail ola bilərik. Bu, hərtərəfli sərfəli variant ola bilər.

Bu günün mühüm mesajı belə ola bilər: “Cənub” qaz dəhlizi lövhə üzərində hər hansı bir nəzəri layihə deyildir. O, reallaşmaq üzrə olan layihədir. Bu, bütün iştirak edən tərəflərin xeyrinə həyata keçiriləcəkdir. İlkin mərhələdə onun vasitəsilə 2019-cu ilədək Avropaya 10 milyard kubmetr qaz ötürüləcəkdir. Lakin biz bununla kifayətlənməyəcəyik. Ortamüddətli perspektivdə dəhliz Avropanın illik ehtiyacının 10 faizini ödəyə bilər və bununla da bizim enerji təhlükəsizliyimizə, qiymətlərin sabitliyinə, inkişafa və yeni iş yerlərinin açılmasına töhfə verə bilər. Bu, Prezident İlham Əliyevlə 2011-ci ildə razılaşdığımız kimi, ümumi baxışımızdır. Biz qarşılıqlı təchizat təhlükəsizliyimizi gücləndirmək üçün məhz bunun üzərində işləyəcəyik. Biz inanırıq ki, bu, Avropanın və Azərbaycanın maraqlarına cavab verir.

Xanımlar və cənablar!

Əvvəldə də dediyim kimi, biz geniş məsələlər ətrafında müzakirələr apardıq. Azərbaycan bir sıra regional və qlobal məsələlərdə yaxından əməkdaşlıq etdiyimiz mühüm tərəfdaşdır. Biz, həmçinin gələn il Azərbaycanın Avropa Şurasına sədrliyini də nəzərdən keçirdik. Azərbaycanın mühüm daxili məsələlərinə dair fikirlərimizi də bölüşdük. Prezident seçkiləri bu siyahıda əsas yerdədir. Ümidvar olduğumuzu bildirdik ki, seçkilər ən yüksək standartlar səviyyəsində və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da daxil olmaqla beynəlxalq müşahidəçilərin dəstəyi ilə keçiriləcəkdir.

İnsan hüquqlarının və fundamental azadlıqların təminatı bizim gündəliyimizdə mühüm yer tutur. Biz bu məsələləri açıq şəkildə müzakirə etdik və mən imkandan istifadə edib xatırlatdım ki, sabitlik və əmin-amanlıq uzun perspektivdə yalnız qanunun aliliyi, demokratik təsisatlar və əlbəttə ki, dinamik vətəndaş cəmiyyəti şəraitində davam edə bilər.

Biz, eyni zamanda, “Şərq tərəfdaşlığı” kontekstində də əlaqələrimizin inkişafını müzakirə etdik. Mən Prezident İlham Əliyevin əlaqələrimizin bu kontekstdə genişləndirilməsinə sadiqliyini bölüşürəm.

Biz, nəhayət, iqtisadi məsələləri də müzakirə etdik. Buraya Azərbaycanın inkişafı planı və Dünya Ticarət Təşkilatına üzvlük istiqamətində irəliləyişi daxildir. Biz ikitərəfli dərin və məzmunlu azad iqtisadi zonanın yaradılması vasitəsilə ticari əlaqələrimizin dərinləşməsinin tərəfdarıyıq. Bunun üçün də Dünya Ticarət Təşkilatına üzvlük çox vacibdir.

Nəhayət, biz regional vəziyyəti müzakirə etdik. Biz bilirik ki, regionda ölkələr potensiallarını tam reallaşdırmaq üçün qonşuları ilə təhlükəsizliyi və sülhü təmin etməlidirlər. Bununla belə, biz Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplərə uyğun olaraq ədalətli həllinə çağırırıq. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun beynəlxalq vasitəçilik səylərini dəstəkləyir, münaqişənin davamlı və sülh yolu ilə həllinin tapılmasında öz rolunu oynamağa hazırdır.

Prezident Əliyev!

2013-cü il Avropa İttifaqı-Azərbaycan münasibətləri üçün gözəl imkanlar ilidir. Məhz mən Sizin çox böyük hörmətlə yanaşdığım dövlətinizlə gözəl başlanğıc nöqtəsi olan enerji və əsasında ümumi dəyərlər dayanan daha geniş və dərin əlaqələrin tərəfdarıyam.

Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Cənab sədr, şərhlərinizə görə çox sağ olun. İcazə verin Brüsselə səfər etmək üçün dəvətə görə minnətdarlığımı bildirim. Bu, mənim Avropa Komissiyasına beşinci səfərimdir. Bu fakt münasibətlərimizin nə qədər intensiv və sıx olduğunu göstərir. Biz münasibətlərimizi yüksək dəyərləndiririk. Cənab sədrin qeyd etdiyi kimi, onlar müştərək maraqlara və dəyərlərə söykənir. Biz dost kimi əməkdaşlığımıza aid məsələləri, eləcə də regional əhəmiyyət daşıyan məsələləri müzakirə etdik. Mən, cənab sədr, şəxsən Sizə və Komissiyanıza demokratik inkişaf məsələlərində, insan hüquqlarının müdafiəsi sahəsində və siyasi islahatlarda Azərbaycana verdiyiniz davamlı dəstəyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Verdiyiniz tövsiyələr, məsləhətlər və aramızdakı təmaslar olduqca əhəmiyyətlidir və Azərbaycanda dəyişikliklərə yardım edir. Dəyişikliklər prosesi çox sürətlə gedir. Bu proses siyasi və əlbəttə ki, iqtisadi islahatları əhatə edir. Hər iki istiqamət bir-birini tamamlayır. Bizim, həmçinin iqtisadi əməkdaşlığımız vardır. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Üzv dövlətlərlə ticarət dövriyyəmiz artmaqdadır. Həmçinin, “Şərq tərəfdaşlığı” proqramı bu çərçivədə irəli sürülən təşəbbüslərə dəstək vermək imkanı yaradır. Biz bu təşəbbüsləri yüksək dəyərləndiririk. Fikrimcə, Avropa təsisatlarının keçmiş sovet respublikalarını bu əməkdaşlıq çərçivəsinə cəlb etməsi mühüm addım oldu. Azərbaycan “Şərq tərəfdaşlığı” qrupunun fəal üzvüdür. Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni formatı üzərində işləyirik. Gündəliyimiz genişdir, bir çox sahələri əhatə edir. Azərbaycan Avropa ölkələrində artıq sərmayə qoymağa başlayır. Sərmayələrimizin quruluşuna baxsaq, görərik ki, bu sərmayələr yalnız enerji sahəsi ilə bağlı deyildir.

Burada, həmçinin qarşılıqlı maraq doğuran digər sahələr də vardır. Bir çox illərdir ki, Avropa da bizim ölkəmizə böyük sərmayələr yatırır. Bu investisiyalar bizə iqtisadiyyatımızı şaxələndirməyə və ölkəmizi müasirləşdirməyə yardım edir.

Cənab sədrin vurğuladığı kimi, biz münaqişənin həllinə aid məsələləri müzakirə etdik və bu baxımdan Avropa İttifaqının göstərdiyi səyləri yüksək dəyərləndiririk. Azərbaycan prosesdə ən maraqlı tərəfdir, çünki bizim torpaqlarımız işğal altındadır, nəinki Dağlıq Qarabağ, o cümlədən Dağlıq Qarabağın ətrafında yerləşən yeddi rayon da iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Biz buna son qoymalıyıq.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə prezidentlərinin bu yaxınlarda Şimali İrlandiyada verdiyi bəyanat bizi çox həvəsləndirdi. Qeyd edildi ki, məsələnin həlli Helsinki Yekun Aktına əsaslanmalıdır. Hər iki tərəf danışıqlar prosesini sual altına çəkə biləcək hərəkətlərdən çəkinməlidir. Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında mümkün qədər tez həllini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin həyata keçirilməsini istəyir.

Enerji əməkdaşlığı təbii ki, münasibətlərimizin ən mühüm hissələrindən biridir. Çox şadam ki, 2011-ci ilin əvvəlində sədr Barrozu ilə Bakıda enerji sahəsində strateji əməkdaşlıq haqqında Bəyannaməni imzaladıqdan sonra hazırda onun praktiki nəticələrini görürük. Bu Bəyannamə qaz dəhlizinin həyata keçirilməsində əsas rol oynadı. Mən bu prosesdə çox fəal iştirakına və əlaqələndirməyə görə şəxsən sədr Barrozuya və onun heyətinə təşəkkürümü bildirmək istəyirəm. Bu layihə Avropa ilə Azərbaycan arasında daha güclü əlaqələr yaradacaqdır. Bu vəziyyətdə hər tərəf udur. Azərbaycan Avropada proqnozlaşdırılan sabit bazarı tapacaq, Avropa isə Azərbaycandan alternativ qaz mənbəyi əldə edəcəkdir.

Ümidvarıq ki, Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi sırf “Şahdəniz-2” layihəsi ilə məhdudlaşmayacaqdır.

Çünki bizim 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatlarımız vardır. Artıq qeyd etdiyim kimi, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcəkdir. “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyinə xidmət edən layihədir. Bu layihə Avropanın enerji xəritəsini dəyişəcək və ölkəmizin, eləcə də region ölkələrinin iqtisadi əməkdaşlıqdan yararlanması üçün əlavə imkanlar açacaqdır. Fikrimcə, müəyyən etdiyimiz məsələlər gündəliyimizin nə qədər məzmunlu olduğunu aydın şəkildə göstərir: regional əməkdaşlıq, təhlükəsizlik, siyasi islahatlar, demokratik proses və enerji əməkdaşlığı. Bütün bu elementlər münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılması üçün əsaslar yaradır. Azərbaycan bunda maraqlıdır.

Biz mümkün qədər Avropaya yaxın olmaq istəyirik. Çox şadıq ki, Avropa tərəfindən də eyni yanaşmanı görürük.

Cənab sədr, bir daha dəvətinizə və qonaqpərvərliyinizə görə sağ olun.