İlham Əliyev “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışında iştirak etmişdir

24 iyun 2013, 14:00
İlham Əliyev “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışında iştirak etmişdir

“Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Dövlət başçısı “Fairmont Baku” otelinin rəmzi açılışını bildirən lenti kəsdi.

Şərq ilə Qərbin qovuşduğu coğrafi ərazidə yerləşən ölkəmizin paytaxtı özünəməxsus memarlığı ilə fərqlənir. Paytaxtın simasına xüsusi yaraşıq verən yeni memarlıq nümunələrinin inşası Bakını daha da gözəlləşdirir. Bu gün Azərbaycan paytaxtında həyata keçirilən quruculuq işləri nəticəsində Bakının müasir siması yaradılır, şəhər sakinlərinin, paytaxtımıza gələn qonaqların istirahətinin yüksək səviyyədə təşkili üçün yeni məkanlar qurulur. Artıq tikintisi başa çatan möhtəşəm “Alov qüllələri”nin inşası da bu sırada mühüm yer tutur. Bu, son illərdə Azərbaycanda gedən inkişaf proseslərinin göstəricisi olmaqla yanaşı, ölkəmizin müasir simasının yaradılması istiqamətində atılan mühüm addımlardandır. “Alov qüllələri” ideyası özlüyündə bir element kimi son dərəcə maraqlıdır. Bu, ilk növbədə son illər Odlar Yurdu Azərbaycanda aparılan quruculuq və abadlıq işlərinin miqyasını göstərir. Ona görə də “Alov qüllələri” həm ideya, həm də arxitektura baxımından diqqəti cəlb edən nadir nümunələrdəndir.

“Alov qüllələri”nin istifadəyə hazır olan “Fairmont Baku” otelində yaradılan şərait öz görkəmini sürətlə dəyişən Bakının artıq dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirdiyini göstərir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin xalqımızın milli mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olmuşdur.

İldən-ilə iqtisadi qüdrətini artıran ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan inkişafın Azərbaycan modeli dünya ölkələrinin respublikamıza marağını artırır. “Alov qüllələri”ni yeni yüzillikdə Bakıda həyata keçirilən şəhərsalmanın mühüm tərkib hissəsi və hətta yeni elementlərindən biri hesab edirlər. Müasir Bakının simvollarından birinə çevrilən bu qüllələr qlobal urbanizasiya tələblərinə tam cavab verməklə özündə bir neçə kompleksi və xidmət sektorunu birləşdirir. Nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır. Oteldə 18 lift işləyir. Bütün bunlar bir daha təsdiqləyir ki, müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxanaların inşası geniş vüsət almışdır və məşhur otel brendlərinin ölkəmizə olan marağı xeyli artmışdır. Yerləşdiyi ərazi və mənzərəsi baxımından nadirliyi ilə fərqlənən “Fairmont Baku” oteli təklif etdiyi xidmətlər baxımından bir çox brendləri üstələyir və ölkəmizin müasir turizm imkanlarını daha da artırır.

Artıq “Alov qüllələri” Bakının yeni və möhtəşəm simvolları arasında paytaxtımızın gözəlliyini dünyaya yüksək səviyyədə təqdim edir. “Alov qüllələri”nə dünyada olan marağı şərtləndirən ən mühüm amillər sırasında təbii ki, onun memarlıq üslubu mühüm rol oynayır. Təsadüfi deyildir ki, bu gün Bakıya səfər edən xarici qonaqların görmək istədikləri məkanlar sırasında “Alov qüllələri” xüsusi yer tutur. Bu qüllələr Azərbaycan paytaxtından reportaj hazırlayan xarici telekanalların diqqətindən yayınmır. Məsələn, “Discovery” kanalının “Ekstremal mühəndislik” sənədli televiziya silsiləsində, o cümlədən dünyada məşhur olan “Science” (Elm) kanalında efirə gedən “Azərbaycanın möhtəşəm dəyişikliyi” proqramlarında bu barədə danışılmışdır. CNN telekanalı “Alov qüllələri”ni “Nəhəng binalar” layihəsində dünyanın altı nəhəng və təkrarsız tikililəri sırasına daxil etmişdir. Bununla yanaşı, “Alov qüllələri” Avropanın əsas tədbirlərindən olan “MIPIM – 2013” beynəlxalq sərgi-müsabiqəsində “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyası üzrə qalib elan olunmuşdur.

“Skyscrapercity.com” şəhərsalma forumunun sorğusuna əsasən, “Alov qüllələri”nin işıqlandırma sistemi dünyada ən yaxşı sistem kimi tanınmışdır. Bu uğuru şərtləndirən ən mühüm amillərin sırasında “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin canlı yayımı zamanı ölkəmizin təbliği ilə bağlı efirə gedən postkartlarda “Alov qüllələri”nin xüsusi gözəlliyi və şəhərimizin simasına verdiyi yaraşıq da mühüm rol oynamışdı. Əlbəttə, bunlar Bakının modern memarlıq komplekslərinin uğurlarının beynəlxalq səviyyədə ilk etirafı deyildir. Müasir Bakı dünyada getdikcə məşhurlaşır. Paytaxtımızın imici burada həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ilə daha da güclənir. Şəhərimizin qədimliyi və klassik üslubu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşir və bütün bunlar təbii ki, Bakının dünyanın ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir.

“Fairmont Baku”da yaradılan şəraitlə yaxından tanış olduqdan sonra dövlətimizin başçısı otelin kollektivi ilə görüşdü.

Otelin kollektivini təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Bir daha sizi ürəkdən salamlayıram. Təxminən bir saatdır ki, “Fairmont” oteli ilə tanış oluram. “Fairmont” oteli sözün əsl mənasında möhtəşəm oteldir. Bakının, Azərbaycanın ən böyük, ən müasir otelidir və burada yaradılan şərait ən yüksək səviyyədədir.

Bakıda otellər çoxdur. Xüsusilə son iki il ərzində beşulduzlu otellər tikilmişdir. Azərbaycan, Bakı bu baxımdan fərqlənir. Çünki ikinci belə şəhər yoxdur ki, iki il ərzində beşulduzlu altı otel tikilsin. Bu otellərin hamısı ən məşhur otel brendlərini təmsil edir.

Yadımdadır, mən hər bir otelin açılışında şəxsən iştirak etmişdim. Hər dəfə yeni otelin açılışı məni çox sevindirir. Çünki bu, şəhərimizə, ölkəmizə qoyulan investisiyalardır, şəhərimizin inkişafıdır, Bakının gözəlləşməsidir. Bakı onsuz da gözəl şəhərdir. Ancaq yeni otellər şəhərimizi daha da gözəlləşdirir. Bu gün Bakıda bütün məşhur otel brendləri vardır. Təkcə son iki il ərzində “Kempinski”, “Hilton”, “Jumeirah”, “Marriott”, “Four Seasons” və “Fairmont” otelləri açılmışdır. Bu, özlüyündə bir göstəricidir. Ölkəmizin inkişafını göstərir. Azərbaycana investisiya qoyuluşunun istiqamətlərini göstərir. İnvestorların Azərbaycanın bu gününə və sabahına inamını göstərir. Bir sözlə, ölkəmiz inkişaf edir.

Belə möhtəşəm, gözəl otellərin tikintisi Azərbaycanın gücünü göstərir. Çünki indi ölkəmizin inkişafı çoxşaxəlidir. Qeyri-neft sektorumuz da uğurla inkişaf edir. Bu ilin beş ayında Azərbaycanda qeyri-neft sektoru 11 faiz artmışdır. Bu da hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir.

Otellərin tikintisi əlbəttə ki, ölkədə gedən ümumi proseslərin təzahürüdür. Çünki əgər ümumi inkişaf olmasaydı və Azərbaycan indi dünya mərkəzlərindən birinə çevrilməsəydi, bu otellərin tikintisinə ehtiyac olmazdı. Burada əlbəttə ki, mən investorların fəaliyyətini yüksək qiymətləndirirəm. Dünyada ən məşhur olan otellər brendlərini də salamlayıram və onlara minnətdarlığımı bildirirəm ki, onlar öz fəaliyyətini Azərbaycanda başlayırlar. Əminəm ki, onların fəaliyyəti uğurlu olacaqdır. Çünki Bakı, bir daha demək istəyirəm ki, indi dünya mərkəzlərindən biridir, həm siyasi, həm iqtisadi və mədəni cəhətdən. Bakıda demək olar ki, hər həftə mötəbər beynəlxalq tədbirlər keçirilir. Beləliklə, yeni otellərin tikilməsinə də ehtiyac yəqin ki, olacaqdır.

“Fairmont” oteli isə sözün əsl mənasında möhtəşəm bir oteldir. Daxili dizayn zövq oxşayır. Burada hər şey çox böyük zövqlə yaradılıbdır. Hər şey qonaqların rahatlığına hesablanıbdır. Gözəl otaqlar, geniş ictimai yerlər, konfrans mərkəzi, istirahət zonaları, dizayn çox gözəldir.

Əlbəttə ki, otelin xarici görünüşü də möhtəşəmdir. “Fairmont” oteli və “Alov qüllələri” Bakının yeni simvoludur. Bakımızın qədim simvolları vardır ki, biz haqlı olaraq onlarla qürur duyuruq. “Qız qalası” Bakının simvoludur, İçərişəhər nadir memarlıq abidəsidir. Bulvar yüz ildən çoxdur ki, fəaliyyət göstərir. Bunlar Bakının köhnə və qədim simvollarıdır.

Müstəqillik dövründə Bakının yeni simvolları da yaradılmışdır. Onların arasında mən Heydər Əliyev Mərkəzini qeyd edə bilərəm. Yuxarı mərtəbələrdən Heydər Əliyev Mərkəzi də görünür. Bu da nadir bir memarlıq əsəridir. Dünya miqyasında bunun analoqu yoxdur. Bayraq Meydanı müasir dövlətimizin simvoludur. Azərbaycanın müstəqilliyini əks etdirən möhtəşəm Bayraq Meydanının da dünyada analoqu yoxdur. Yeni bulvar, hesab edirəm ki, Bakının yeni simvoludur. Digər binalar müasir şəhərimizi təcəssüm etdirir və onların içində əlbəttə ki, “Alov qüllələri”nin xüsusi yeri vardır. Təsadüfi deyildir ki, indi müxtəlif beynəlxalq tədbirlərdə, Azərbaycanın xaricdəki müxtəlif tədbirlərində “Alov qüllələri” bir simvol kimi əks etdirilir. Bu, doğrudan da nadir memarlıq əsəridir, dünyada analoqu yoxdur və şəhərimizin ən gözəl yerlərindən birində böyük zövqlə və böyük məhəbbətlə tikilibdir. Əlbəttə, “Fairmont” otelinin belə bir yerdə fəaliyyətə başlaması məni sevindirir. Çünki “Fairmont” otellər qrupu dünyanın ən qabaqcıl qruplarından biridir və əminəm ki, Azərbaycanda bu otelin uğurlu fəaliyyəti təmin ediləcəkdir.

Bu otelin açılması, eyni zamanda, turizm sektorunun inkişafına da təkan verəcəkdir. Əminəm ki, məhz burada qalmaq üçün turistlər gələcək ki, buranı görsünlər. Çünki “Alov qüllələri” indi dünyada məşhur bir memarlıq abidəsidir. Əminəm ki, burada qalmaq üçün gəlmək istəyənlərin sayı çox olacaqdır.

Turizmin inkişafı Azərbaycanda sürətlə gedir. İldən-ilə turistlərin sayı artır. Şadam ki, təkcə Bakıda deyil, başqa yerlərdə də turizm kompleksləri, həmçinin “Şahdağ” kompleksi açılmışdır. Bu qış mövsümündə orada artıq beş otel fəaliyyət göstərəcəkdir. Yəni, bu, ölkəmizin ümumi inkişafını göstərir. Ölkəmiz sürətlə inkişaf edir. Bütün sahələr, o cümlədən tikinti, turizm sahələri inkişaf edir. Bir daha demək istəyirəm ki, Azərbaycanda belə möhtəşəm binaların, otellərin tikilməsi və fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafının təzahürüdür.

Əminəm ki, siz - bu oteldə çalışanlar qonaqlara yaxşı xidmət göstərəcəksiniz. Əminəm ki, ölkəmizin inkişafına öz dəstəyinizi, töhfənizi verəcəksiniz. Şübhə etmirəm ki, qonaqlar burada qayğı ilə, diqqətlə əhatə olunacaq, həm buradan açılan mənzərədən, həm də burada yaradılmış şəraitdən zövq alacaqlar. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55