Gerb

11 avqust 2013, 19:05

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir.

Xanımlar və cənablar.

Sizi Azərbaycanda salamlayıram. Ümid edirəm ki, səfəriniz yaddaqalan olacaqdır. Bu, tarixi bir səfərdir. İtaliyanın Baş naziri ilk dəfə olaraq Azərbaycana səfər edir. Biz Sizi Azərbaycanda salamlayırıq. Sizin səfərinizə böyük önəm veririk. Bu, ikitərəfli münasibətlərimizin əhəmiyyətini təsdiq edən bir səfərdir. Bu, ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərini müzakirə etmək üçün çox gözəl fürsətdir.

Münasibətlərimiz çox uğurla inkişaf edir. Yaxşı siyasi əməkdaşlığımız vardır və bu səfər məhz onun bariz nümunəsidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində çox fəal əməkdaşlıq edirik. Sıx siyasi təmaslar da əlaqələrimizin şaxələndirilməsində və bütün sahələri əhatə etməsində çox vacibdir. Qeyd edə bilərəm ki, İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Təbii ki, bu, ilk olaraq neft sahəsi ilə bağlıdır. Ancaq ümid edirəm ki, bu səfər və apardığımız, müzakirələr nəticəsində biz ticarət əlaqələrimizi də şaxələndirmiş olacağıq.

Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik ki, burada sərmayəçi və podratçı qismində iştirak etsinlər. Böyük bir nümayəndə heyəti Azərbaycana səfərə gələcək və müxtəlif layihələri müzakirə edəcəkdir. Biz ölkələrimiz arasında enerji əməkdaşlığını müzakirə etmişik. Bu, münasibətlərimizdə yeni səhifə açacaqdır. Bu, təkcə ikitərəfli münasibətlərimiz də deyil, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələrinin yeni səhifəsi olacaqdır.

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edir. Eyni zamanda, biz Avropa İttifaqının timsalında yeni bazarlar tapmışıq. Bizim çox böyük ehtiyatlarımız vardır. Biz artıq yeni bazarlar müəyyənləşdirmişik və uzunmüddətli əlaqələri təşviq edəcəyik. Bu ilin iyun ayında Transadriatik qaz kəməri marşrutu layihəsinin seçimi ilə bağlı çox mühüm bir hadisə olmuşdur. Bu, çox ədalətli rəqabət şəraitində həyata keçirilmiş seçim olmuşdur. Burada investorlar üçün ən cəlbedici olan layihə seçilmişdir.

Enerji təhlükəsizliyi ölkələr üçün çox vacib məsələdir. Bu mənada Azərbaycan çox gözəl ölkədir. Bizim böyük sərvətlərimiz, böyük bazarlarımız vardır. Eyni zamanda, biz tranzit ölkə kimi də rəqabəti artırmış oluruq və ölkələrimiz arasında əlaqələri təşviq edirik.

Azərbaycan Avropanın bir sıra proqramlarında yaxından iştirak edir. Eyni zamanda, Avropa institutları ilə əlaqələrimiz də mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Bu mənada mən İtaliyanın Baş nazirinə xüsusi təşəkkürümü bildirirəm ki, Azərbaycanın Avropa institutları və NATO ilə əməkdaşlığına dəstək verir.

Biz enerji ilə bərabər regional məsələləri də müzakirə etmişik. Mən cənab Baş nazirə Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi məsələsi, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı fikirlərimi çatdırdım. Bir sıra qətnamələrə və qərarlara baxmayaraq, hələ də məsələ öz həllini tapmamışdır. Burada təbii ki, beynəlxalq hüquq prinsipi və Azərbaycanın ərazi bütövlüyü əsas məsələdir. Bu məsələnin həlli regional sülh və tərəfdaşlığı təşviq edəcəkdir.

Biz bu regionda çox mühüm ölkəyik. Xəzər hövzəsində yerləşən mühüm ölkəyik. Avropa ilə daha yaxın münasibətlərimiz nəticəsində biz daha səmərəli nəticələr əldə edəcəyik. Mən əminəm ki, cənab Baş nazir, Sizin səfəriniz bizim əlaqələrə müsbət təkan verəcək və müxtəlif sahələrdə əlaqələrimizin inkişafına xidmət edəcəkdir. Təbii ki, İtaliya mədəniyyət sahəsində Azərbaycanda çox məşhur bir ölkədir. Ümidvaram ki, biz də fürsətdən istifadə edərək İtaliya ictimaiyyətinə Azərbaycanı təqdim edəcəyik. Bu səbəbdən, cənab Baş nazir, Sizə təşəkkür edirəm ki, ölkəmizə səfərə gəlmisiniz. Qarşıdakı illərdə çox səmərəli əməkdaşlıq edəcəyimizə əminəm.

İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın bəyanatı

- Cənab Prezident.

Mənim üçün burada olmaq böyük şərəfdir. Bizim üçün bu səfərin nə dərəcədə əhəmiyyətli olduğunu Siz çox gözəl bilirsiniz.

Mən ölkəmin ilk Baş naziriyəm ki, Azərbaycana, Bakıya səfər edirəm. Bu, bir daha onun göstəricisidir ki, bizim müzakirələrimiz və TAP layihəsinin seçilməsi nə dərəcədə əhəmiyyətli olmuşdur.

Zənnimcə, bu layihə İtaliyanın enerji gələcəyində mühüm bir amil olacaqdır. Bu, təkcə İtaliyanın deyil, eyni zamanda, regionun gələcəyi üçün müstəsna əhəmiyyətə malik layihədir. Bu, böyük bir enerji çərçivəsini dəyişmiş olacaq bir layihədir.

Biz yaxşı əməkdaşlıq edərək yunan və alban hökumətləri ilə sıx təmaslar yaratmışıq. Təbii ki, Türkiyə də burada unudulmamalıdır. Əminik ki, bu cür razılaşmalar birgə səmərəli əməkdaşlığımızı təşviq edəcəkdir. Ən başlıcası, biz bu məsələdə vaxt itirməməliyik və tezliklə bu layihənin icrasına başlanmalıdır.

Eyni zamanda, cənab Prezident, Sizə və Azərbaycana dərin təşəkkürümü bildirirəm ki, bu seçimi etmisiniz. TAP layihəsinin seçimi kommersiya prinsiplərinə əsaslanmış seçim olmuşdur. Amma çox vacib bir məsələdir. Zənnimcə, bu layihə ölkələrimiz arasında iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldıracaqdır.

Bu fürsətdən istifadə edərək İtaliya ictimaiyyətinə müraciət edərək bildirməliyəm ki, Azərbaycan bizim ölkə və onun gələcəyi üçün nə dərəcədə əhəmiyyətli bir tərəfdaşdır. Bizim bu layihələrdə yaxından iştirakımız iqtisadi əlaqələrimizi daha da yüksək səviyyəyə qaldıracaqdır.

Biz birgə qrup yaradacağıq. İtalyanın aparıcı şirkətlərinin nümayəndələri noyabrda Azərbaycana səfər edəcəklər. Bu, İtaliyanın Tikinti Şirkətləri Assosiasiyası, habelə Ağır Sənaye Avadanlığı Federasiyasının nümayəndələri Azərbaycana səfər edəcək, burada müxtəlif imkanlar axtaracaqlar. Zənnimcə, bu da təmasların fəallığının bir göstəricisi olacaqdır.

Biz birgə bəyannaməmizdə də qeyd etdik ki, bu fəallıq artırılmalıdır. Eyni zamanda, cari ilin sonunda İqtisadi Komissiyanın iclası keçiriləcəkdir. Bu, çox vacib bir məsələdir. Həmçinin əməkdaşlığımızın mədəniyyət sahəsi də diqqətdən yayınmamalıdır. Biz İtaliya-Azərbaycan mülki cəmiyyət forumu yaradacağıq. Bu forum ictimaiyyət arasında təmasları təşviq edəcəkdir.

Cənab Prezident artıq qeyd etdi, biz Dağlıq Qarabağ münaqişəsinin həllini də müzakirə etmişik. Biz hesab edirik ki, bu məsələdə status-kvo qəbuledilməzdir. Uzun sürən münaqişənin həlli regionda sülh və təhlükəsizliyin təmin edilməsinə tarixi töhfə olacaqdır.

İtaliya Minsk qrupunun fəaliyyətini güclü şəkildə dəstəkləyir və hesab edirik ki, münaqişənin davamlı həlli üçün bu format ən fəaldır. Mən bir daha onu qeyd etmək istərdim ki, münaqişənin uzun müddət həll olunmaması heç bir tərəfin xeyrinə deyildir.

Bundan əlavə, Azərbaycanın “Expo-2015” sərgisində iştirakı ilə bağlı razılığını xüsusi qeyd etmək istərdim. Bu sərgi Milanda keçiriləcəkdir. Orada müxtəlif mühüm mövzular müzakirə ediləcəkdir. Azərbaycana təşəkkür etmək istərdim ki, sərgidə iştirak edəcəkdir. Bu, Avropa İttifaqı üzrə keçirilən bir sərgidir. Bu, artıq 30 il müddətində ənənəvi keçirilən bir tədbirdir. Ona görə də, cənab Prezident, təşəkkür edirəm ki, bu seçimi etmisiniz.

Ümid edirəm ki, tezliklə - noyabrda Sizinlə Vilnüsdə görüşəcəyik. Eyni zamanda, fürsətdən istifadə edərək cənab Prezidenti İtaliyada görməyə çox şad olardım. Cənab Prezidenti 2015-ci ildə həmin sərgi ilə yaxından tanış olmağa dəvət edirəm. Bugünkü görüşümüzün davamı olaraq orada da müxtəlif mövzuları müzakirə edərik.

Eyni zamanda, bizim şirkətlər və istehsalçılar tezliklə Azərbaycana səfərə gəlib müvafiq razılaşmalar imzalayacaqlar ki, bu da iki ölkə arasında çox vacib olan iqtisadi sahəni inkişaf etdirəcəkdir. Enerji İtaliya üçün çox mühüm bir məsələdir. Biz külli miqdarda vəsaitimizi enerji məsələsinə yönəldirik. Biz bu mənada artıq fərqli bir vəziyyətin yaranmasının tərəfdarıyıq. Ona görə də biz çox şadıq ki, Azərbaycan TAP ilə bağlı seçimini etmişdir. Çox təşəkkür edirəm.