İlham Əliyev Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

10 sentyabr 2013, 18:15
İlham Əliyev Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, mərkəzdə tikinti işlərinə ötən ilin mayında başlanılmış, bir il sonra başa çatdırılmışdır. Bayraq Meydanının yanında inşa edilən mərkəz fərqli dizayna malikdir. Ümumi sahəsi 3355 kvadratmetr olan mərkəz iki mərtəbədən ibarətdir. Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Şəmkir rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılmışdır.

Prezident İlham Əliyev “Zəka” İntellektual Gənclər Mərkəzinin çəkiliş pavilyonu ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, müasir studiya avadanlığı və işıqlandırma sistemi ilə təchiz edilən pavilyondan media-yayım imkanı yaradan resurs kimi istifadə olunacaq, gənclərə internet televiziya və radio, yeni formatlı intellektual verilişlər, eləcə də media layihələrinin hazırlanması üçün şərait yaradılacaqdır.

Dövlətimizin başçısı mərkəzin 3 min kitab fonduna malik kitabxanası ilə tanış oldu.

Bildirildi ki, mərkəzin binasında gənclərin intellektual inkişafına şərait yaratmaq və istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəkləmək məqsədi ilə müxtəlif təyinatlı funksional otaqlar fəaliyyət göstərir. Burada gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün lazımi şərait yaradılmışdır. Mərkəz şəmkirli gənclərin asudə vaxtlarının daha səmərəli keçməsində müsbət rol oynayacaqdır.

Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo