İlham Əliyev Sudanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

12 sentyabr 2013, 16:15
İlham Əliyev Sudanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Sudan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haqın etimadnaməsini qəbul etmişdir.

Səfir Mohamed Elias Mohamed əl-Haq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mohamed Elias Mohamed əl-Haq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. Siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi, enerji, kənd təsərrüfatı, təhsil və digər sahələrdə inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu dedi. Ölkələrimizin BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda fəal əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd etdi. Prezident İlham Əliyev səfirin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Fövqəladə və səlahiyyətli səfir Mohamed Elias Mohamed əl-Haq Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd Əl-Bəşirin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini dedi. Mohamed Elias Mohamed əl-Haq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı Prezident Ömər Həsən Əhməd Əl-Bəşirin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photo