Gerb

25 oktyabr 2010, 17:18
W1siziisijiwmtuvmdyvmtuvntawegi3ogtuzv8ymzg5lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=2f867c75a6cd33a9

Prezident İlham Əliyev Ukrayna Milli Telekompaniyasına, bu ölkənin “Profil-Ukrayna” jurnalına və “Den” qəzetinə müsahibə vermişdir.

- Cənab Prezident, Ukraynaya səfər gözlənilir. Ukrayna ilə Azərbaycanın strateji tərəfdaşlığı baxımından Siz hansı məsələləri müzakirə etməyi nəzərdə tutursunuz?

- Bizim ikitərəfli əlaqələrimiz uğurla və dinamik şəkildə inkişaf edir, qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Ölkələrimiz uzun illər boyu, praktiki olaraq müstəqillik əldə edildikdən dərhal sonra çox sıx qarşılıqlı əlaqə saxlayır, iqtisadi sahədə ikitərəfli əməkdaşlıq genişlənir və çox yaxşı perspektivlər vardır. Ukrayna bizə çox yaxın və dost ölkədir. Bu cür ənənələri, artıq formalaşmış ikitərəfli münasibətləri nəzərə alaraq hesab edirəm ki, bu səfərim mühüm rol oynayacaqdır. Əminəm ki, səfər çərçivəsində biz ikitərəfli münasibətlərin geniş gündəliyini bir daha nəzərdən keçirəcək, əlaqələrimizin gələcək inkişaf yollarını müəyyən edəcəyik. Əlbəttə, iqtisadi qarşılıqlı fəaliyyət məsələləri xüsusən də böhrandan sonrakı dövrdə mühüm əhəmiyyət kəsb edir və biz iki ölkənin potensiallarından istifadə etməklə bir-birimizi çox fəal tamamlaya, bir-birimizi dəstəkləyə bilərik. Bizim iqtisadiyyatlar bir-biri ilə rəqabət aparmır. Ümid edirəm ki, ölkələrimiz arasında həm ikitərəfli, həm də regional formatda fəal əməkdaşlıq xətti, o cümlədən beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət xətti təsdiqlənəcəkdir.

- Oktyabrın əvvəlində Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının son 4 ildə ilk iclası olmuşdur. İqtisadi əlaqələrin fəallaşması Ukraynada yeni siyasi komandanın hakimiyyətə gəlməsi ilə bağlıdır? Belə hesab etmək olarmı ki, iki ölkənin münasibətlərində yeni mərhələ başlanır?

Sizin fikrinizcə, neftin nəql edilməsi üçün Avrasiya dəhlizi ideyası nə dərəcədə həyatqabiliyyətlidir? Odessa-Brodı xətti avers rejimində işləyəcəyi təqdirdə, Ukrayna hansı həcmə ümid edə bilər?


- Əvvəla onu deməliyəm ki, sizin dediyiniz yeni komanda istər Ukrayna, istərsə də bizim üçün yeni deyildir. Çünki Viktor Fyodoroviç Yanukoviç Ukrayna hökumətinə başçılıq etdiyi dövrdə biz fəal əməkdaşlıq edirdik və 2006-cı ildə o, böyük nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər edəndə biz gələcək qarşılıqlı iqtisadi fəaliyyət üçün çox mühüm məqamları nəzərdə tutmuşduq. Biz bir-birimizi çoxdan tanıyırıq və buna görə də Ukraynada yeni hakimiyyətlə əməkdaşlıq bizim üçün nə isə təzə bir şey deyildir. Mən əminəm ki, əvvəlki illərdə aramızda yaranmış münasibətlər bu gün həmin münasibətlərin konkret məzmun kəsb etməsinə şərait yaradacaqdır. Viktor Fyodoroviçin hakimiyyətdə olduğu dövrdə biz artıq üç dəfə görüşmüşük və ikitərəfli münasibətlərin perspektivlərini hərtərəfli müzakirə etmək üçün imkanımız olmuşdur. Buna görə də istərdik ki, münasibətlərimiz iqtisadi inkişaf və energetika sahəsində əməkdaşlıq məsələlərində konkret praktiki məzmun kəsb etsin. Beynəlxalq təşkilatlar çərçivəsində bizim münasibətlərə və qarşılıqlı siyasi əlaqələrə gəldikdə isə, onlar ən yüksək səviyyədədir. İstər BMT-də, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində Ukrayna həmişə Azərbaycanı, biz isə həmişə Ukraynanı dəstəkləmişik. Yəni, ikitərəfli münasibətlər üçün möhkəm zəmin vardır. Bizə belə gəlir ki, indi məhz münasibətlərimizin iqtisadi aspektlərini konkretləşdirmək, gündəlikdəki məsələləri müzakirə etmək, hansı sahələrdə qarşılıqlı investisiyalara zərurət olduğunu müəyyənləşdirmək üçün yaxşı imkan vardır. Biz Azərbaycan şirkətlərinin Ukrayna iqtisadiyyatına sərmayə qoymaq imkanlarını çox ciddi şəkildə nəzərdən keçiririk. Artıq müəyyən planlar vardır, iki ölkənin müxtəlif infrastruktur layihələrində bizim şirkətlərin iştirak etməsi üçün beynəlxalq səviyyəli şirkətlər mövcuddur.

Əlbəttə, sizin dediyiniz məsələ - energetika və neft sahəsində əməkdaşlıq məsələsi, bildiyiniz kimi, həmişə gündəmdə olmuşdur. Biz öz tərəfimizdən bu layihədə iştirak etməyə hazırıq, çünki enerji resurslarının – istər neftin, istərsə də qazın nəqlinin şaxələndirilməsi məsələləri üzərində fəal iş aparırıq. Təbii ki, Ukrayna tərəfi arzu edərsə, bu məsələlər daha səmərəli və daha tez həll oluna bilər. Deməliyəm ki, müəyyən məsələlər artıq həll edilmişdir. “Sarmatiya” şirkəti yaradılmış, texniki-iqtisadi araşdırmalar aparılmışdır və Azərbaycan nefti praktiki olaraq Ukrayna zavodlarına göndərilir. Buna görə də bu işlərə yeni təkan vermək, hələlik pərakəndə halda olan bu layihələri sistemləşdirmək üçün bunu bir daha hərtərəfli müzakirə etmək və müəyyən qərarlar qəbul etmək lazımdır. Biz öz tərəfimizdən bu layihədə iştirak etməyə hazırıq, çünki artıq dediyim kimi, ixracımızı bundan sonra da şaxələndirmək niyyətindəyik.

- Müəyyən həcmlər barədə indi danışmaq olarmı?

- Prinsip etibarilə deyə bilərəm ki, bu gün bütün neft ixracı potensialımız müxtəlif boru kəmərləri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri ilə reallaşdırılır. Yəni, ixrac etdiyimiz bütün neft bu boru kəmərləri ilə çatdırılır. Beləliklə, bu gün bizim reallaşdırmağa yer tapa bilmədiyimiz hansısa əlavə həcmin olmasından danışmağa lüzum yoxdur. Hətta hasilatı artırsaq belə, - biz isə bunu etmək niyyətindəyik, - həmin boru kəmərlərinin mövcud imkanları nefti hər üç istiqamətdə nəql etməyə imkan verir.

Ukrayna ilə bu sahədə əməkdaşlıq məsələsinə gəldikdə isə, Azərbaycanı Ukrayna ilə boru kəməri bağlamır. Buna görə də, bu gün Azərbaycandan neft Ukraynanın neftayırma zavodlarına Ceyhandan gəlir və bu, ümumiyyətlə desək, yaxın yol deyildir. Yəni, əgər neft həmin zavodlara Qara dəniz limanlarından gələrsə, layihənin iqtisadi səmərəsi daha çox olar. Buna görə də həmin layihənin iqtisadi aspektini çox ciddi hesablamaq lazımdır. Siyasi baxımdan Azərbaycan tərəfindən belə dəstək vardır.

- Hökumətlərarası Komissiyanın iclasının yekunlarına əsasən Ukrayna tərəfi ölkələrimiz arasında əmtəə dövriyyəsini artıraraq 2 milyard dollara çatdırmağın zəruri olması fikrini söyləmişdir. Siz necə hesab edirsiniz, əmtəə dövriyyəsini hansı malların və xidmət sahələrinin hesabına artırmaq olar və Ukraynanın bu ambisiyalı planları nə dərəcədə realdır?

- Zənnimcə, əgər biz energetika sahəsində bu cür sistem xarakterli fəal əməkdaşlığa başlasaq və hökumətlərarası komissiya çərçivəsində müzakirə edilən məsələləri nəzərə almaqla, eləcə də uzunmüddətli müqavilələr əsasında çox qısa müddətdə bu nəticəyə nail ola bilərik. Lakin bu, ən rahat yol olardı. Neftin qiyməti kifayət qədər yüksək olduğundan, nəql edilən neftin həcmi də çox sürətlə artırıla bilər. Yəni bu, bizdən siyasi iradə və sadəcə olaraq layihənin iqtisadi cəhətdən düzgün hesablanmasından əlavə hər hansı xüsusi səy göstərmək tələb etməzdi. Əmtəə dövriyyəsini iqtisadiyyatlarda hələlik fəal qarşılıqlı əlaqə olmayan sahələr hesabına artırmaq bizim üçün daha maraqlı olardı. Bu, ilk növbədə kommunikasiya vasitələrinə, informasiya-kommunikasiya texnologiyalarına aiddir. Bilirik ki, Ukraynada bu sahəyə böyük diqqət yetirilir və Azərbaycanda da bu istiqamətdə çox iş görülür. Kənd təsərrüfatı və emal sənayesi, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq, Ukraynada istər energetika ilə bağlı olan, istərsə də ona aidiyyəti olmayan müxtəlif investisiya layihələrində Azərbaycan şirkətlərinin iştirakı. Bizim biznes resurslarının səfərbər edilməsi. Hesab edirəm ki, bu münasibətləri daha düzgün qurmaq üçün iki ölkənin biznesmenlərinin bizim iqtisadiyyatlarımızın potensialını daha yaxşı öyrənmələri zəruridir. Yəni, Azərbaycanda xoşladığımız təbirlə desək, əgər biz qarşılıqlı əmtəə dövriyyəsinin həcmini qeyri-neft sektoru hesabına 2 milyard dollara çatdıra bilsək, zənnimcə bu, bizim hökumətlərin böyük xidməti olacaqdır.

- Neftlə bağlı olan qaz mövzusu barədə. Məlum olduğu kimi, Azərbaycan Rumıniyaya sıxılmış qaz göndərəcəkdir və hazırda Ukraynada qazın durulaşdırılması üzrə Odessada müvafiq zavod tikmək və Azərbaycandan sıxılmış qaz almaq məsələsi barədə fəal diskussiyalar aparılır. Xarici mətbuatda tez-tez deyirlər ki, Azərbaycanda sadəcə olaraq artıq qaz yoxdur. Bununla əlaqədar nə deyə bilərsiniz?


- Vaxt var idi ki, bizim neft ehtiyatlarımızla bağlı məsələlər də xarici ölkələrin bəzi KİV-lərində fəal müzakirə edilir və deyirdilər ki, Azərbaycanda neft yoxdur, Bakı-Tbilisi-Ceyhan neft kəməri heç vaxt tikilməyəcəkdir və üçüncü ölkələrin nefti olmadan bu kəmər tam gücü ilə işləyə bilməyəcəkdir. Əlbəttə, biz o vaxt bilirdik ki, belə fikirlər həqiqətə uyğun deyildir. Biz bu gün Xəzərin, Azərbaycanın ehtiyatlarını dünya bazarları ilə, Aralıq dənizi sahilləri ilə birləşdirən yeganə enerji dəhlizi olan boru kəmərini tikdik. Bu gün Azərbaycanın neft ehtiyatları bu boru kəmərinin potensialından tam istifadə etməyimizə imkan verir. Biz həmin boru kəmərini tikməyə başlayanda Azərbaycanda neft hasilatının səviyyəsi təxminən 15-16 milyon ton civarında idi. Bu gün, həmin boru kəməri işə salınandan 4 il keçəndən sonra Azərbaycanda 50 milyon tondan çox neft hasil edilir. Buna görə də təbii ki, etibarlı ixrac yollarının mövcud olması neft-qaz sahəsinə sərmayə qoyuluşunu da şərtləndirir. Qaz məsələsinə gəldikdə, o, bazara daha çox bağlıdır, ona görə ki, nefti dünyanın istənilən nöqtəsində - ya boru kəməri, ya da dünya okeanlarına çıxış olan istənilən yerdə satmaq olar. Qaz isə bilavasitə istehlakçıya bağlıdır. Bu gün bizim dünya səviyyəsində qəbul edilmiş qaz ehtiyatlarımız da sifariş xarakteri daşıyan yazılara baxmayaraq, özümüzü çox inamlı hiss etməyə imkan verir. Qeyd etməliyəm ki, Azərbaycanda minimal, yəni təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetr, bizim geoloqların proqnozlarına əsaslanan real ehtiyatların həcmi isə 5 trilyon kubmetrə yaxındır. Yəni, bu, onilliklər ərzində, bəlkə yüz ildən artıq müddətdə böyük miqdarda qaz ixrac etməyimizə imkan verəcəkdir. Bu gün Azərbaycanda qaz hasilatının səviyyəsi təqribən 30 milyard kubmetrə, lap dəqiq desək, 28,5 milyard kubmetrə bərabərdir. Daxili qaz istehlakı təqribən 10-11 milyard kubmetrdir. Bu o deməkdir ki, qalan həcm ya ixrac edilir, ya yeraltı anbarlara, ya da təzyiqi saxlamaq üçün neft laylarına vurulur. Biz qaz hasilatını qısa müddətdə artıraraq 40 milyard, hətta 50 milyard kubmetrə çatdıra bilərik, lakin bunun üçün kontraktlar lazımdır. Buna görə də biz əsas diqqəti məhz yeni satış bazarlarının müəyyənləşdirilməsi məsələsinə yönəltmişik. Bu gün biz praktiki olaraq bütün qonşularımıza – Türkiyəyə, Gürcüstana, Rusiyaya, İrana qaz ixrac edirik və bu istiqamətlərdə həcmi artırmağa imkanımız vardır. Biz həm də yeni, o cümlədən sizin qeyd etdiyiniz yolları axtarırıq.

- Bu ilin avqustunda Odessada Azərbaycan Dövlət Neft Şirkətinin brendi ilə yanacaqdoldurma stansiyaları yaradılmışdır. Bu istiqamətdə layihələrin miqyası nə dərəcədə genişdir? Məlum olduğu kimi, Azərbaycan Ukraynanın ən iri silah alıcılarından biridir. Yaxın gələcəkdə hərbi sənaye kompleksində hansı layihələri həyata keçirmək niyyətindəsiniz?

- Mən çox şadam ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR bu sahəyə artıq investisiya qoyur. Mənə məlum olduğuna görə, artıq 10-dan çox yanacaqdoldurma stansiyası mövcuddur. Onu da bilirəm ki, bizim şirkət təkcə Odessada deyil, Ukraynanın başqa şəhərlərində də öz fəaliyyətini genişləndirməyi planlaşdırır. Təbii ki, bizim əməkdaşlığın bu sahəsinin gələcək inkişafı həmin layihənin nə dərəcədə uğurla həyata keçirilməsindən asılı olacaqdır. Azərbaycan neftinin artıq Ukrayna neftayırma zavodlarına göndərilməsini nəzərə alaraq, biz bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. Fikrimcə, bizim münasibətlərin bu sahəsinin perspektivi yaxşıdır. SOCAR artıq yaxşı imicə malik olan beynəlxalq şirkət, bir sıra ölkələrdə investordur. Bu neft şirkətinin xarici ölkələrdə qoyduğu sərmayələr artıq bir neçə milyard dollara çatmışdır və tamamilə təbiidir ki, hansı ölkələrlə yaxşı ikitərəfli münasibətlərimiz varsa, biz həmin ölkələrə gedirik. Bizim Ukraynada işləmək arzumuzun səbəbi də bundadır. Bu istək qarşılıqlı olmuşdur. Buna görə də hesab edirəm ki, bu sahədə bizdə hər şey qaydasındadır. Biz enerji bloku çərçivəsində əməkdaşlığı artıq genişləndiririk.

Hərbi sənaye kompleksi sahəsində də yaxşı ənənələr vardır. Azərbaycan neçə illərdir ki, Ukraynadan hərbi texnika və silah alır. Biz bu əməkdaşlığın səviyyəsindən çox razıyıq, onun genişlənməsi üçün yaxşı perspektivlər vardır. Çünki bu gün maliyyə imkanlarımız müstəqilliyin ilk illəri ilə müqayisədə ölçüyəgəlməz dərəcədə çoxdur. Gələn il Azərbaycanın müdafiə xərcləri 3 milyard dollardan çox olacaqdır. Bu vəsaitin çox hissəsi məhz texnika alınmasına və ölkə daxilində texnika istehsalına sərf ediləcəkdir. Artıq dörd ildir ki, biz Azərbaycanda hərbi sənaye kompleksi yaradırıq. Bu gün Azərbaycanda istehsal edilən hərbi təyinatlı məhsullar artıq beynəlxalq sərgilərdə nümayiş olunur və ixrac edilir. Onu da deməliyəm ki, Azərbaycanda yaratdıqlarımızın bir hissəsi ukraynalı tərəfdaşlarımızın köməyi ilə ərsəyə gəlmişdir. Bu sahədə bizim şirkətlər arasında müştərək müəssisələr vardır və biz bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. Azərbaycanda istehsalı da, bizə lazım olanları Ukraynadan almağı da, ola bilsin ki, müəyyən mərhələdə üçüncü ölkələrin bazarlarına çıxmağı da nəzərdə tuturuq.

- Dağlıq Qarabağ problemi. Bu problem çox müzakirə edilir, Madrid prinsipləri, beynəlxalq vasitəçilik barədə xahişlər vardır, lakin münaqişə həll edilmir. Bu münaqişənin həll edilməməsinin səbəbi nədir, Azərbaycan yaxın perspektivdə tənzimlənmənin hansı yollarını təklif etmək niyyətindədir və bu məsələdə Ukrayna hansı rolu oynaya bilər?

- Biz bu münaqişənin tənzimlənməsi işində tərəfdaşlarımızın dəstəyini alqışlayırıq. Mən qəti əminəm ki, bu münaqişənin tənzimlənməsinə yalnız beynəlxalq birliyin birgə səyləri ilə kömək etmək olar. Biz bu münaqişənin tənzimlənməsi ilə bağlı ardıcıl və prinsipial mövqeyinə görə Ukraynaya çox minnətdarıq. Bu mövqe beynəlxalq hüququn prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam uyğundur. Mən bir daha xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan 2008-ci ildə BMT-nin Baş Məclisində işğal edilmiş ərazilərdə vəziyyət haqqında qətnamə irəli sürəndə səsvermə zamanı Ukraynanın bizi dəstəkləməsi Azərbaycanda böyük minnətdarlıq hissi ilə qarşılanmışdı. Bu münaqişənin nə üçün həll edilməməsinin səbəbinə gəldikdə isə, əsas səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi, Ermənistanın bu münaqişəni həll etmək istəməməsi, eləcə də status-kvonun saxlanmasının Ermənistanın mənafelərinə xidmət etməsi barədə onun yanlış təsəvvürüdür. Erməni tərəfi tənzimlənmə prosesini hər vasitə ilə ləngitməyə çalışır. Bəzən artıq razılaşdırılmış məsələlər Ermənistan tərəfindən yenidən müzakirə edilmək üçün mövzu kimi irəli sürülür. Beləliklə, bu prosesi sonsuz prosesə çevirmək cəhdləri göz qabağındadır. Yəni, Ermənistan özünü danışıqlarda iştirak edən ölkə kimi təqdim edir, əslində isə qərarlar qəbul etmək və qəti mövqe bildirmək lazım gələndə müxtəlif bəhanələrlə bu prosesi uzatmağa və artıq razılaşdırılmış məqamları təzədən müzakirə etməyə cəhd göstərir. Əsas səbəb budur.

İkinci səbəb ondan ibarətdir ki, beynəlxalq birlik, mən deyərdim ki, beynəlxalq təşkilatların şəxsində elə həmin beynəlxalq birliyin özünün qəbul etdiyi qərarlara çox laqeyd yanaşır. İlk növbədə, BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsi, ATƏT-in Lissabon sammitinin qərarları və digər qərarlar, Avropa Parlamentinin, Avropa Şurasının, İslam Konfransı Təşkilatının qətnamələrində bu məsələ barədə beynəlxalq hüquq normaları çərçivəsində birmənalı fikir söylənilir. Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmış Azərbaycan ərazisi 20 ilə yaxındır ki, işğal altındadır. İşğal edilmiş ərazilərdə hərbi cinayətlər törədilmiş, Xocalı şəhəri tamamilə məhv edilmiş, azərbaycanlılara qarşı soyqırımı törədilmiş, 613 nəfər dinc sakin, o cümlədən yüzdən çox uşaq qətlə yetirilmişdir. Yəni, bu qanlı hərbi cinayətlərin əksəriyyəti dünya birliyinin diqqətindən kənarda qalmışdır. Bu isə, təcavüzkarın Azərbaycan torpaqlarını bundan sonra da işğal etmək iştahasını artırmışdır. Məsələnin tarixinə gəldikdə, Dağlıq Qarabağ tarixən bizim ərazimizin bir hissəsi olmuşdur. Qarabağ sözünün özü Azərbaycan mənşəlidir, erməni dilində bu sözün heç bir mənası yoxdur.

Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı Stepanakert şəhəri idi. Şəhərə bu ad ötən əsrin 20-ci illərində Stepan Şaumyanın şərəfinə verilmişdi. Bu şəhərin tarixi erməni adı yoxdur, əvvəllər o, indiki kimi Xankəndi adlanırdı. Bu məsələnin tarixi kifayət qədər məlumdur. Bu, XIX əsrin əvvəlində Azərbaycanla həmhüdud regionlardan erməni əhalinin Qarabağa kütləvi şəkildə köçürülməsinin nəticəsidir. Lakin bu gün həmin tarixi fon, əlbəttə, vacibdir və biz bunu heç vaxt unutmamalıyıq. Lakin daha vacibi odur ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tənzimlənsin. Konkret desək, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, bütün işğalçı qüvvələr işğal edilmiş ərazilərdən çıxarılmalıdır. Bu ərazi isə təkcə Dağlıq Qarabağ deyil, həm də onun ətrafındakı yeddi rayondur. Orada yüz minlərlə azərbaycanlı yaşayırdı. Onların hamısı oradan qovulmuşdur, biri də qalmamışdır. Əhalinin öz müqəddəratını təyin etməsi məsələsinə gəldikdə isə, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uğurla həll edilə bilər. Həmçinin Helsinki Yekun Aktında ərazi bütövlüyü və təyini-müqəddərat prinsiplərindən bəhs edilən hissədə də bu barədə deyilir. Yəni, bu prinsiplər bir-biri ilə ziddiyyət təşkil etmir. Bunun üçün erməni tərəfinin siyasi iradəsi, bir də bu məsələdə vasitəçilərin fəal mövqeyi çox zəruridir. Mən bu məsələni belə şərh edərdim və bir də onu demək istəyirəm ki, Azərbaycan öz ərazisinin bir hissəsinin itirilməsi ilə heç vaxt barışmayacaqdır. Biz öz ərazimizi bərpa edəcəyik. Çox istərdik ki, bu məsələ tezliklə, hərbi əməliyyatlara əl atılmadan həll edilsin.

- Cənab Prezident, son dörd ildə Azərbaycan mühüm iqtisadi artıma nail olmuşdur – 96 faiz. Bu, olduqca sanballı rəqəmdir. Buna necə nail olmusunuz?


- Mən hesab edirəm ki, bu cür coşqun inkişafı şərtləndirən əsas amil ilk növbədə, Azərbaycandakı siyasi sabitlikdir. Əcnəbi sərmayədarlar inanırlar ki, əvvəla ölkənin siyasi kursu ardıcıl davam etdiriləcək və ikincisi, xarici sərmayələr etibarlı şəkildə qorunacaqdır. Ona görə ki, iqtisadi inkişafın birinci mərhələsində xarici investisiyalar bizim üçün əsas rol oynamışdır. Biz də xarici investisiyalar üçün çox münasib rejim yaratmış, bununla da həmin sərmayələrin qorunmasını və ölkəyə ilkin kapital axınını təmin etmişik. İndiki mərhələyə gəldikdə isə deməliyəm ki, son altı ildə Azərbaycanda ÜDM demək olar ki, 3 dəfə, daha dəqiq desək, 2,8 dəfə artmış və bu, təbii ki, iqtisadiyyata və əhalinin sosial müdafiəsinə təsirini göstərmişdir. Yoxsulluq göstəricisi 49 faizdən 11 faizə düşmüşdür. Təqribən 900 min iş yeri yaradılmışdır. Başqa sözlə desək, biz iqtisadiyyata və infrastruktura çox sərmayə qoymuşuq. Hərçənd, mənim ölkəyə rəhbərlik etdiyim ilk illərdə çox müxtəlif məsləhətlər verilir, fikirlər söylənirdi ki, neft satışından əldə etdiyimiz vəsaitləri iqtisadiyyatı həddən artıq gücə salmamaq üçün onları ölkə hüdudlarından kənarda saxlamaq lazımdır. Biz bu məsləhətlərə qulaq asmadıq və infrastruktura, ilk növbədə regionlara çox fəal sərmayə qoymağa başladıq, regionlarda çox güclü sosial və sənaye infrastrukturu yaratdıq. Beləliklə, əhalinin paytaxta axını dayandırıldı. Bakının hüdudlarından kənarda, ucqar rayonlarda müəssisələr yaratmağa başladıq. Biz çox fəal energetika siyasəti yeritdik, elektrik enerjisini və qazı idxal edən ölkədən onları ixrac edən ölkəyə çevrildik. 2006-cı ilə qədər biz bu məhsulları idxal edirdik, indi isə ixrac edirik. Ümumiyyətlə, bütün bunlar böhrandan minimum itki ilə çıxmağımıza kömək etdi. Hətta böhranlı 2009-cu ildə neftin qiymətinin 4 dəfə düşməsinə baxmayaraq, bizim iqtisadiyyat 9,3 faiz artmışdır. Neft isə, hər halda əsas gəlir mənbəyimizdir. Yəni, iqtisadiyyatın şaxələndirilməsi, ilk növbədə, siyasi sabitlik və əlbəttə hakimiyyətin həmrəyliyi, iqtisadi islahatlardır. Biz çox dərin iqtisadi islahatlar aparmışıq. Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan MDB məkanında ən rəqabətqabiliyyətli ölkədir. Biz enerji amilinin prioritetliyindən imtina etmişik, yəni, diqqəti sahibkarlığa, kənd təsərrüfatına kömək məsələlərinə cəmləşdirmişik. Biz praktiki olaraq ərzaq mallarının əksər növləri üzrə özümüzü təmin edirik. Əvvəllər heç vaxt belə olmamışdı. Sovet dövründə Azərbaycana ərzaq məhsulları kənardan, o cümlədən Ukraynadan gətirilir, Azərbaycandan isə şərab, meyvə, tərəvəz ixrac edilirdi. İndi biz güclü emal sənayesi yaratmışıq. Bununla da, yüz minlərlə insanı həm kənd təsərrüfatında, həm emal müəssisələrində işlə təmin etmişik. Biz özəl sektora güzəştli kreditlər verilməsi proqramını həyata keçiririk. Bu məqsədlə hər il çox güzəştli faizlərlə yüz milyon manatdan, yəni 120 milyon dollardan çox vəsait ayrılır. Biz Dövlət İnvestisiya Şirkəti yaratmışıq. Bu şirkət investisiyaları bizə lazım olan sahələrə cəlb edir. Əvvəlcə bütün pullar neftə, qaza yönəldilirdi. Əlbəttə, bu, vacib idi. Lakin indi bizim üçün əsas məsələ bu deyildir. Yəni, Dövlət İnvestisiya Şirkəti Azərbaycan üçün strateji layihələrdə 25 faiz paya malikdir. Beləliklə, o, xarici investisiyalar axınını bir növ stimullaşdırır. Müəyyən mərhələdə bu pay bazarda satılacaq, bununla da bazar iqtisadiyyatı prinsipləri tamamilə təmin ediləcəkdir. Mən bu amilləri əsas amillər kimi qeyd etmək istərdim. Onların sayəsində bizdə iqtisadi artım əvvəla yüksək, ikincisi, sabit olmuşdur. Əvvəlki illərdə ÜDM artımının 20-30-35 faiz fonunda keçən il bu göstərici 9,3 faiz olmuşdur. Hətta bu il bizdə iqtisadi artım 4 faizdən bir qədər çox olduğuna baxmayaraq, həmin 4 faiz 2006-cı ildəki 35 faizdən çox-çox sanballıdır. Mənim fikrimcə, yəqin ki, əsas səbəb budur.

- Dnestryanı münaqişənin tənzimlənməsi haqqında. Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün stimul ola bilərmi?

- Şübhəsiz. Əgər postsovet məkanında mövcud olan münaqişələrdən biri öz həllini taparsa, əminəm ki, bu, digər münaqişələrin həllinə təkan verəcəkdir. Oxşar cəhətlər çoxdur – həm təcavüzkar separatizm, həm etnik təmizləmə, həm ərazi bütövlüyünün pozulması, həm də işğal. Münaqişələrin tarixi və bu münaqişələrə cəlb edilmiş xalqların qarşılıqlı münasibətlərinin tarixi müxtəlif olsa da, oxşarlıqlar çoxdur. Lakin əlbəttə, biz istəyirik ki, bütün münaqişələr həll edilsin. Mən əminəm ki, əgər belə olsa bütün ölkələr bunun yalnız xeyrini hiss edəcəklər. Dağlıq Qarabağ münaqişəsi bizim üçün bir nömrəli problemdir. Yəni, ölkəmiz qarşısında istər bu gün, istər ortamüddətli, istərsə də uzunmüddətli perspektivdə mən bundan başqa elə bir problem görmürəm. Ona görə ki, iqtisadiyyat sabit inkişaf edir, ölkəmiz dinamikdir, müasirdir və nəinki regional məsələlərdə, hətta dünya miqyaslı işlərdə artıq müəyyən çəkiyə malikdir. Ona görə də əsas problem budur və buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi bizim iqtisadi inkişafımızı ləngitməmişdir, 9 milyon əhalisi olan ölkədə bir milyon qaçqın və daxili köçkün olduğu halda, biz belə uğurlar qazanmışıq. Təsəvvür edin ki, əgər bu problem olmasaydı biz nələrə nail olardıq. Axı, təkcə müdafiə üçün, qaçqınların normal mənzillərlə, evlərlə təmin edilməsi üçün biz nə qədər vəsait xərcləyirik. Biz qəsəbələr, məktəblər, xəstəxanalar tikirik, yollar çəkirik. Biz bu işlərə yüz milyonlarla dollar xərcləyirik. Eyni sözlər Ermənistana da aiddir, o da regional əməkdaşlıq layihələrinə, iqtisadi inteqrasiyaya cəlb oluna bilərdi. Qarabağ münaqişəsi tənzimlənməyincə bu, olmayacaqdır. Onlar həm də Türkiyə ilə özlərinin münasibətlərinin tənzimlənəcəyinə xüsusi, mənim fikrimcə, tamamilə əsassız ümidlər bəsləyir, Ermənistan-Türkiyə sərhədinin açılacağını güman edirdilər. Lakin bu olmadı. Əvvələn, ona görə ki, sənin ərazi iddiaları irəli sürdüyün və bütün beynəlxalq təşkilatlarda qondarma “soyqırımı” ilə əlaqədar qara yaxmağa çalışdığın ölkə ilə münasibətləri normallaşdırmaq mümkün deyildir. Digər tərəfdən, Qarabağ münaqişəsi mövcuddur və bu münaqişə regionda əməkdaşlığı ləngidən əsas amildir. Buna görə də bu gün Ermənistanın qarşısında bir perspektiv vardır – ya bundan sonra da işğalçılıq siyasəti yeritməklə və beynəlxalq normaları pozmaqla özünü daha da küncə sıxmalı, ya da bundan imtina etməli, Azərbaycanla və digər ölkələrlə normal münasibətlər yaratmalı, ərazi iddialarından imtina etməlidir. Axı, Ermənistan təkcə Azərbaycana və Türkiyəyə ərazi iddiaları irəli sürmür, regionda digər ölkələr də vardır ki, onlara qarşı bu cür iddialar hələlik, necə deyərlər, baqajda saxlanılır. Buna görə də həmin iddialardan imtina etmək lazımdır. Axı biz bu regionda yaşayacağıq, heç kəs heç yerə köçüb getməyəcəkdir. Varlı qonşunun düşmən deyil, dost olması daha yaxşıdır.

- Atanızdan aldığınız dərslərin hansı daha qiymətli olmuşdur? Siz Azərbaycan siyasətinə nə yenilik gətirmisiniz?

Digər bir sual. Siz Azərbaycanın geosiyasi yerini necə qiymətləndirirsiniz?

Növbəti sual xanımınız haqqındadır. Sizin Prezident cütlüyünüz nəinki MDB məkanında, həm də dünyada ən parlaq cütlüklərdən biridir. Siz bir-birinizi siyasətə qısqanmırsınız ki? Bir-birinizlə necə dil tapırsınız?


- Bu gün bizim Azərbaycanda nail olduqlarımızın hamısının təməlini atam Heydər Əliyev qoymuşdur. O, Azərbaycanda rəhbərliyə gələnə qədər ölkəmiz sadəcə olaraq uçuruma yuvarlanırdı. Bizim ölkənin tarixində, 1918-ci ildə Rusiya imperiyasının parçalanması nəticəsində Azərbaycan müstəqil ölkə olmuşdu, lakin bu müstəqillik yalnız iki il davam etdi. Sonra obyektiv səbəblər üzündən və istər siyasətçilərin, istərsə də siyasi təsisatların müstəqil həyata hazır olmaması səbəbindən bu müstəqillik Azərbaycanın əlindən alınmışdır. Təxminən eyni vəziyyət təkrarlana bilərdi. 1991-ci ildə Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqil oldu, 1993-cü ildə biz bu müstəqilliyi itirə bilərdik, - həm erməni təcavüzü, həm Azərbaycanda vətəndaş müharibəsi, həm də çox ağır siyasi proses, iqtisadi böhran barədə isə danışmağa dəyməz, - mahiyyət etibarilə buna doğru aparırdı. Bu məqamda Azərbaycan xalqı müdriklik nümayiş etdirdi. Hakimiyyətdə mürtəce və ekstremist, mən hətta deyərdim ki, bandit qüvvələr olduğuna baxmayaraq, Azərbaycan xalqı böyük cəsarət göstərdi və Heydər Əliyevi aşkar dəstəklədi. 1993-cü ildə o, Naxçıvandan qayıtdı və ölkəyə başçılıq etdi. O, dövlətçiliyin, bugünkü Azərbaycanın əsaslarını yaratdı. Buna görə də onun xatirəsi xalqımızın qəlbində yaşayır. Onun ölümündən sonra da Azərbaycan xalqının ona göstərdiyi ehtiram buna parlaq sübutdur. O, qeyri-adi, çox cəsarətli, uzaqgörən, prinsipial adam idi, öz xalqını çox sevirdi və bizim taleyimizin sahiblərinə çevriləcəyimiz günü arzulayırdı. Bu arzular çin oldu. Bu gün mənim başlıca vəzifəm, – 2003-cü ildə mən bu vəzifədə işə başlayarkən bunu bəyan etmişdim, – bu siyasəti davam etdirmək, Azərbaycanı inkişaf, modernləşmə, tərəqqi yolu ilə irəli aparmaq, onu müasir, dinamik, azad ölkəyə çevirməkdir. Bu ölkədə insanların həyatı xoş keçməli, onlar Azərbaycan vətəndaşları olması ilə fəxr etməlidirlər. Onlar bolluq şəraitində yaşamalı, yoxsullar, işsizlər olmamalıdır. Şadam ki, çox şey edə bilmişik. Mən dəfələrlə demişəm, müstəqillik təkcə bayrağın və dövlət atributlarının olması demək deyildir. Müstəqillik sənin müstəqil siyasət yeritməyi bacarıb-bacarmamağından asılıdır. Xüsusən ona görə ki, əsrlər boyu bu ölkə başqa dövlətlərin və imperiyaların tərkibində olmuş, müstəqilliyə malik olmamışdır. Azərbaycanlılar nəsil-nəsil doğulur və bu arzu ilə dünyadan köçürdülər. Bizim nəslin qismətinə böyük şans düşmüşdür. Bizim onu əldən verməyə haqqımız yoxdur. Biz dövlətçiliyin, özünü təmin etməyin, iqtisadi effektivliyin elə güclü təməlini qoymalıyıq ki, yüzilliklər boyu müstəqil, heç kəsdən asılı olmayan dövlət kimi inkişaf edək.

Azərbaycanın keçdiyi yola, bu gün dünyanın geosiyasi xəritəsində ölkəmizin tutduğu yerə nəzər salsaq, mən sizə tam əminliklə deyə bilərəm ki, bizim xüsusi yerimiz vardır. Bu gün bizim necə inkişaf etməli olmağımız barədə Azərbaycan cəmiyyətində artıq qəti anlayış formalaşmışdır. Bizim cəmiyyətdə Azərbaycanın necə inkişaf etməli olması barədə diskussiyalar yoxdur. Bizim xalqın həmrəy mövqeyi belədir – ilk növbədə, müstəqil kursu qorumaq, Azərbaycan xalqının mənafelərini təmin etmək, hər şeydən əvvəl qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq. Bir də, modernləşmə, Azərbaycan cəmiyyətinin dünyəvi xarakterinin möhkəmlənməsi, iqtisadi və siyasi azadlıqlar, təhlükəsizlik. Xüsusi qeyd etmək istəyirəm ki, bu gün Bakıda gündüz, axşam, hətta gecə vaxtı da asudə gəzmək olar və bu, ölkəmizin ən böyük nailiyyətlərindən biridir – cinayətkarlıq səviyyəsi çox aşağıdır. Sosial problemlər, müəyyən məişət şəraiti və cəmiyyətdə müəyyən mənfi məqamlar insanları cinayətə sövq edir. Bax, Azərbaycan cəmiyyətində bu cür mənfi məqamlar yoxdur. Buna görə də məndən bəzən soruşanda ki, 10 ildən, 20 ildən sonra Azərbaycan necə olacaq, belə cavab verirəm – təxminən indiki kimi, lakin daha varlı, özünə daha çox güvənən, daha çox inkişaf etmiş, öz gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görən bir ölkə olacaqdır.

Mühüm məqamlardan biri kimi onu da qeyd edərdim ki, biz ölkəmizin qarşıdurma arenasına çevrilməsinə imkan verməmişik. Azərbaycanın coğrafi mövqeyinə və təbii ehtiyatlarına görə bizdən daha böyük və daha güclü olanların mənafeləri burada əsrlər boyu toqquşmuşdur. Nəticədə biz öz dövlətçiliyimizi itirir və asılı vəziyyətə düşürdük. Bu gün biz buna nail olmuşuq ki, Azərbaycan yalnız əməkdaşlıq üçün arenaya, ən pis halda isə qarşıdurma üçün deyil, rəqabət üçün arenaya çevrilə bilər.

Sizin sonuncu sualınızın cavabında deməliyəm ki, Azərbaycanda qadınlara həmişə böyük hörmətlə yanaşmışlar – həm ailədə, həm də cəmiyyətdə. Mən şadam ki, Mehriban da Azərbaycandakı bir sıra mühüm işlərdə fəal iştirak edir. Birinci xanım statusu bir növ ərin vəzifəsinə görə verilir, bunun arxasında dayanan bütün başqa şeylər isə həmin statusa malik olan insanın arzusu, iradəsi və mahiyyətidir. Mən çox şadam ki, Heydər Əliyev Fondu çox iş görür. Mehriban bu Fonda məhz ona görə başçılıq edir ki, Azərbaycanda vəziyyəti ağır olan insanların işləri daha yaxşı olsun. Heydər Əliyev Fondu dövlət strukturlarında cavab tapa bilməyən insanların son güman yeridir, yəni son pəncərədir – insanlar oraya üz tutarkən ümid edirlər ki, onları eşidəcəklər və belə də olur.

- Bir insan və siyasi xadim kimi şəxsən Sizin üçün Ukrayna nə deməkdir?

- Əlbəttə, siyasi, iqtisadi əlaqələr, investisiyalar – bütün bunlar vacibdir və bunlar ölkələrimizin və xalqlarımızın gələcək inkişafını müəyyən edir. Mən “Ukrayna”, “Kiyev” kəlmələrini eşidəndə bu sözlər məndə çox müsbət emosiyalar doğurur. Bu, ilk növbədə, bizim çox sevdiyimiz Ukrayna musiqisi, Ukrayna mədəniyyəti, Ukrayna xalqının siması deməkdir. Azərbaycanda ukraynalılara, Ukraynaya böyük rəğbət bəsləyirlər. Xalqlarımız tarix boyu – həm SSRİ dövründə, həm də müstəqilliklərini bərpa etdikdən sonra əməkdaşlıq etmişlər. Ukrayna bizim əsas tərəfdaşlarımızdan biridir. Bakıda Taras Şevçenkoya abidə qoyulmuşdur, Azərbaycanın Ukrayna icması bu yerdə toplaşır. Ukrayna haqqında danışanda məndə ukraynalılara xas olan azadlıqsevərlik ruhu assosiasiyası yaranır. Biz sizin ölkənizə, xalqınıza böyük rəğbət bəsləyir və arzu edirik ki, Ukrayna çiçəklənsin. Bunun üçün hər cür imkan, hər cür şərait vardır. Biz isə sizin nailiyyətlərinizə və qələbələrinizə sevinəcəyik.