Gerb

02 oktyabr 2013, 12:30
W1siziisijiwmtuvmdyvmtuvdmk4odfsmtdixzi1mty1lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=7034bfb0549b84f3

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

Azərbaycanın mülki aviasiyası özünün sürətli inkişaf dövrünü yaşayır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Regionun nəhəng aviaşirkətinə çevrilmiş “Azərbaycan Hava Yolları” həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdəndir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı da bu hava limanının strateji əhəmiyyətini daha da artırır.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. 

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Azərbaycan Respublikasının quru və su sərhədlərinə, ümumilikdə, 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Qurum tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur.

Diqqətə çatdırıldı ki, dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına daha çox üstünlük verirlər. Bu baxımdan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzi üçün yeni inşa olunan bina mühüm əhəmiyyət kəsb edir.

Qeyd edildi ki, Baş Mərkəzin yeni binasının ümumi sahəsi beş min kvadratmetrdir. Dispetçer qülləsi daxil olmaqla binanın hündürlüyü 65 metrdir.

Dövlətimizin başçısı foyedəki virtual muzeydə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin fəaliyyətindən bəhs edən filmə baxdı.

Binada, həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Administrasiyası, virtual muzey, Aviasiya Meteoroloji və Aeronaviqasiya İnformasiya mərkəzləri, “Azəraeronaviqasiya” İdarəsinin inkişaf və uçuşların təhlükəsizliyi şöbələri, ixtisaslaşdırılmış treninqlərin keçirilməsi üçün müasir avadanlıqla təchiz olunmuş otaqlar, konfrans zalları, yeməkxana və digər texniki otaqlar yerləşir.

Binada, həmçinin Hava Hərəkətinin İdarəedilməsi dispetçerlərinin həm standart, həm də qəza vəziyyətlərinə hazırlanması və təkmilləşdirilməsi üçün yeni trenajor kompleksi vardır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva komplekslə tanış oldular. Bildirildi ki, Hava Hərəkəti İdarəsi qülləsində radiolokasiya nəzarəti və vizual müşahidə üçün dispetçer trenajoru quraşdırılmışdır. Burada dispetçerlər üçün istirahət otaqları da yerləşir.

Dövlətimizin başçısı Baş Hava Hərəkəti İdarəsi Mərkəzinin əməliyyat zalı ilə tanış oldu.

Qeyd edildi ki, əməliyyat zalından Azərbaycan Respublikasının bütün ərazisində hava hərəkətinin idarə edilməsi və nəzarəti həyata keçirilir. Marşrutda, uçuşda və enmədə hava gəmilərinin hərəkətini avtomatlaşdırmağa imkan verən bu müasir sistem aerodrom ətrafında uçuşların yüksək təhlükəsizliyini təmin edəcək, həm hava limanının, həm də tranzit axınlarının buraxılış qabiliyyətini artıracaqdır. Bu sistem dispetçer radiolokasiya, uçuş məlumatlarını, uçuşun planlarını qonşu ölkələrin əlaqəli Hava Hərəkətinin İdarəetmə Mərkəzləri ilə “onlayn” rejimdə idarə edir. 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qüllə ilə tanış oldular.

Dispetçer İdarəetmə Məntəqəsindən ətraf ərazilər 360 dərəcədə müşahidə edilə bilir. Burada aerodromda uçuşların idarə edilməsi avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş dispetçer masaları, hava-yer ultraqısa dalğalı radiorabitə sistemi, perronda hava gəmisinin hərəkətinə videomüşahidə sistemi quraşdırılmışdır.

Mərkəzdə yaradılmış şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı idarənin kollektivi ilə görüşdü.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

-Sabahınız xeyir olsun.

Bu gün biz Aeronaviqasiya İdarə Mərkəzinin yeni binasının açılışını qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Gözəl binadır, xarici görünüşü də gözəldir. Gözəl memarlıq abidəsidir. Eyni zamanda, burada bütün lazımi təchizat da təmin edilib. Burada işləyənlər üçün gözəl şərait yaradılıb və ən müasir avadanlıq quraşdırılıbdır. Əlbəttə ki, yeni mərkəz əvvəlki mərkəzdən böyük dərəcədə fərqlənir, burada həm müşahidə aparmaq üçün gözəl imkanlar vardır, hər iki zolaq çox gözəl görünür, eyni zamanda, bu, artıq müasir standartlar deməkdir.

Ümumiyyətlə, Azərbaycanda hava nəqliyyatının inkişafı üçün çox böyük işlər görülür. Hava nəqliyyatı hər bir ölkə üçün vacib bir sahədir. Azərbaycanda, deyə bilərəm ki, bu sahədə çox gözəl nəticələr vardır.

Son illər ərzində bizim bütün əsas hava limanlarımız əsaslı şəkildə təmir edilib, yaxud da ki, yeniləri tikilibdir. Gəncə, Naxçıvan, Lənkəran, Yevlax aeroportları yenidən qurulubdur. Eyni zamanda, Qəbələ, Zaqatala aeroportları da tikilmişdir. Yəni altı aeroport tikilmişdir ki, bu gün tam şəkildə bizim tələbatlarımızı ödəyir. Beləliklə, Azərbaycanda uzun illər bundan sonra da hava nəqliyyatının inkişafı üçün gözəl imkanlar yaranır.

Əvvəlki illərdə bu aeroportların vəziyyəti o qədər də ürəkaçan deyildi. Onlar demək olar ki, yarıdağılmış vəziyyətdə idi. Bu gün isə onlar ən yüksək standartlara cavab verir və sərnişinlərə çox gözəl xidmət göstərilir.

Bununla bərabər, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin tikintisi artıq başa çatmaq üzrədir. Burada da çox gözəl işlər görülübdür. Əvvəlki köhnə aerovağzal əsaslı şəkildə təmir edilib, yeni aerovağzal isə hesab edirəm ki, dünyanın ən gözəl aeroportlarından biri olacaqdır. Həm onun xarici görünüşü, həm daxili dizaynı və bütün infrastruktur ən yüksək səviyyədədir. Mən hesab edirəm ki, bu aeroport memarlıq nümunəsi kimi müxtəlif kataloqlarda öz əksini tapacaqdır. Çünki bunun quruluşu da, dizaynı da, ümumiyyətlə, yanaşması da çox orijinaldır və böyük məna daşıyır. Yuxarıdan baxanda elə bil ki, qanadlarını açmış bir quşu əks etdirir. Yəni, bu gün ölkəmiz də yüksəliş dövrünü yaşayır. Azərbaycan da sürətlə inkişaf edir. Bu aeroportun bu formada tikilməsi həm rəmzi məna daşıyır, eyni zamanda, bu, müasirlikdir, yenilikdir. Bu aeroport dünya miqyasında seçilən aeroportlardan biri olacaqdır.

Hava nəqliyyatının inkişafı üçün bütün lazımi tədbirlər görülür. Son on ildə 30-dan çox yeni təyyarə alınmışdır. Demək olar ki, alınan bütün təyyarələr dünyanın aparıcı şirkətlərinin məhsullarıdır. Beləliklə, sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün bütün imkanlar vardır.

Bununla bərabər, 20-yə yaxın helikopter alınmışdır. Bu da həm biznes, həm neft-qaz əməliyyatlarının aparılması üçün çox lazım olan sahədir. Ümumiyyətlə, gələcəkdə helikopter hava nəqliyyatı hesab edirəm ki, Azərbaycanda daha da geniş şəkildə yayılacaqdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də bu sahə gələcək üçün vacib olan sahə kimi özünü göstərməlidir.

Digər sahələrdə, nəqliyyat sektoruna aid olan bütün başqa sahələrdə yaxşı nəticələr vardır. Hava nəqliyyatı, dəniz nəqliyyatı, dəmir yolu nəqliyyatı. Biz böyük infrastruktur layihələri icra edirik. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla davam edir. Bu layihə qitələri birləşdirən layihə olacaqdır. Avropanı Asiya ilə birləşdirən layihə olacaqdır. Bu yaxınlarda Bakıda yeni gəmiqayırma zavodunun tikintisi də nəqliyyat infrastrukturuna verilən böyük bir dəstək olacaqdır. Biz artıq özümüz bütün növ gəmiləri istehsal edəcəyik. Yəni, Azərbaycan və Bakı artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrilibdir. Azərbaycanda yük daşımaları artır və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını genişləndirir. Bu gün beynəlxalq uçuşların sayı artır.

Azərbaycanda fəaliyyət göstərən şirkətlər, həmçinin karqo-aviasiyada da ön plandadırlar. Yəni, Azərbaycanda nəqliyyatın bütün sahələri inkişafdadır. Sərnişin nəqliyyatı, yük nəqliyyatı və bütün digər lazım olan məsələlər öz həllini tapır. Bu, ölkəmizin gələcək imkanlarını böyük dərəcədə artıracaqdır. Azərbaycan artıq tranzit ölkə kimi əvəzolunmaz ölkəyə çevrilibdir.

Bu, bizim böyük üstünlüyümüzdür. Əlbəttə, bu sahənin inkişafı gələcəkdə bizə böyük mənfəət gətirəcəkdir. Bu gün investisiyalar böyük ölçülərlə qoyulur. Bu, belə də lazımdır. İnfrastruktura qoyulan investisiyalar ölkənin inkişafını şərtləndirir.

Ancaq əlbəttə ki, infrastrukturun yaradılması ilə bərabər bu investisiyalar qayıdacaqdır. Ölkəmizə bundan sonra uzun müddət ərzində gəlir gətirəcək, bizim qeyri-neft sektorumuzu inkişaf etdirəcəkdir. Beləliklə, ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir.

Bu gün bu mərkəzin açılışı görülən bu işlərin tərkib hissəsidir. Bu gözəl binanın açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun!

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə yaradılmışdır. Respublikamızda beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş və 1999-cu ildə istismara verilmişdir. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.

Son illərdə Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan beynəlxalq hava limanı işə düşmüşdür. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur. Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir.

"Azərbaycan Hava Yolları”nın təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilmişdir. Hazırda “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri dünyanın onlarla ölkəsinə və şəhərlərinə uçuşlar həyata keçirir. Son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinə başlanmasıdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə də tanış oldular.

"Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Qeyd edildi ki, layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni aerovağzal kompleksi istifadəyə veriləndən sonra ildə 3 milyon sərnişinə xidmət göstərmək mümkün olacaqdır. Ən müasir standartlara cavab verən aerovağzal kompleksinin sahəsi 58 min kvadratmetrdir. Üçbucaq formasında inşa edilən dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcəkdir. Mövcud terminal vasitəsilə isə yerli aviareyslər həyata keçiriləcəkdir.

Yeni terminalın binasında müasir eskalatorlar və sərnişin liftləri quraşdırılmışdır. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklərin tətbiqi həyata keçiriləcəkdir. Müasir görünüşü ilə də diqqəti cəlb edəcək yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaqdır. Ən son avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaqdır.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni “Airbus-340” təyyarəsinin salonuna baxdılar.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.


Böyük ölçüdə



Böyük ölçüdə

02 oktyabr 2013, 09:00
Oktyabr 2013 more...