İlham Əliyev “Sağlam qida” aqrar-sənaye kompleksinin açılışında iştirak etmişdir

03 oktyabr 2013, 14:10
İlham Əliyev “Sağlam qida” aqrar-sənaye kompleksinin açılışında iştirak etmişdir

Sumqayıtda “Sağlam qida” aqrar-sənaye kompleksi istifadəyə verilmişdir.

Prezident İlham Əliyev kompleksin açılışında iştirak etmişdir.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, bu iqtisadi qurum Sumqayıtın sənaye zonasında 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarət müasir aqrar-sənaye kompleksidir. Respublika əhəmiyyətli belə böyük bir aqrar sənaye kompleksinin yaradılması dövlətin güzəştli kreditlərindən istifadə edilməklə həyata keçirilmişdir. Bu cür mühüm iqtisadi obyektlərin istifadəyə verilməsi, ilk növbədə, vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində vacib addımlardandır. Belə komplekslərin yaradılması həm də özəl sektorun inkişafına ölkədə göstərilən qayğının əyani təsdiqidir.

Diqqətə çatdırıldı ki, kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir.

Kompleksin çörək istehsalı zavodunun foyesində ümummilli lider Heydər Əliyevin Sumqayıta səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır.

Dövlət başçısı müəssisəni işə saldı. 

Bildirildi ki, dəyəri 28, 9 milyon manat olan çörək zavodunun yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılmışdır. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə zavod Almaniyanın bu sahədə böyük təcrübəyə malik şirkətinin son texnologiyası əsasında qurulmuşdur.

Gündəlik istehsal gücü 150 ton olan çörək zavodunda məhsul hazırlanması prosesi tam avtomatlaşdırılmışdır. İstehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur ki, bu da sanitar-gigiyenik normalara əməl olunmaqla çox yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsullarının əldə edilməsinə imkan verir. Yeni texnologiyanın tətbiqi məhsulun maya dəyərinin formalaşmasında xüsusi çəkisi olan enerji xərclərinin azalmasına imkan yaradır. Bu da istehlakçılara keyfiyyətcə yüksək və aşağı qiymətlərlə çörək məhsullarının təqdim edilməsinə şərait yaradır. Çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. Zavodda dörd çörəkbişirmə və bir müxtəlif növ un məmulatlarının istehsalı xətləri, xüsusi növ çörəklərin bişirilməsi üçün altı soba quraşdırılmışdır. Beləliklə, burada 45 çeşiddə 12 növ çörək məhsulları və un məmulatları istehsal olunacaqdır. Çörək məhsulları qablaşdırılaraq “Çörəkçi” brendi altında satışa çıxarılacaqdır. Məmulatların Sumqayıt, Bakı şəhərlərinə və respublikanın digər rayonlarına çatdırılması üçün 40 xüsusi nəqliyyat vasitəsi alınmışdır.

Prezident İlham Əliyevə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilmiş çörək istehsalı zavodları barədə də məlumat verdi. Bildirildi ki, bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 84,6 milyon manat, gündəlik istehsal gücü 693 ton olan 25 çörək zavodunun tikintisinə və ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 31,1 milyon manat güzəştli kredit verilmişdir. Türkiyə, Almaniya, Çexiya və digər ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş, gündəlik istehsal gücü 610 ton olan 18 çörək zavodu artıq istifadəyə verilmişdir. Ən müasir texnologiya və avadanlığın tətbiqinə əsaslanan belə zavodların fəaliyyətə başlaması istehlakçıları tələbata tam cavab verən yüksək keyfiyyətli çörək və çörək məhsulları ilə təmin etməyə imkan verir.

Sonra Prezident İlham Əliyev aqrar-sənaye kompleksinin tərkibinə daxil olan taxıl anbarı və dəyirman kompleksini işə saldı.

Məlumat verildi ki, buradakı taxıl anbarı və un dəyirmanı Türkiyənin aparıcı şirkətinin texnologiyası əsasında qurulmuşdur. Dəyəri 10 milyon manat olan taxıl anbarı və dəyirman kompleksinin tikintisinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6 milyon manat güzəştli kredit ayrılmışdır. Taxıl məhsullarının tədarükü və saxlanması üçün hər birinin tutumu 4 min ton olan 6 anbar inşa olunmuşdur. Anbarda quraşdırılmış təmizləmə və qurutma sistemləri tədarük olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət ərzində saxlanmasına imkan verir. Kompleksin tərkibində taxıl anbarının olması xammal bazasının yaradılması baxımından əhəmiyyətli rola malikdir. Taxıl anbarı kompleksə daxil olan un dəyirmanı və çörək zavodunun fasiləsiz fəaliyyətini təmin edir. Gündəlik istehsal gücü 250 ton olan dəyirman kompleksində ən son texnologiya sayılan quru təmizləmə sisteminin tətbiqi digər ənənəvi dəyirmanlardan fərqli olaraq daha geniş həcmdə və əla, birinci və ikinci növ keyfiyyətli un istehsalına tam şərait yaradır.

Dövlət başçısına məlumat verildi ki, ölkə daxilində və ölkədən kənarda istehsal olunan məhsulların müştərilərin tələblərinə istəklərinə uyğun olaraq keyfiyyətini itirmədən, təhlükəsiz şəkildə uzun müddət saxlanması və istehlakçılara çatdırılması üçün burada logistika mərkəzi də yaradılmışdır. Dəyəri 8 milyon manat olan və qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə ən müasir texnologiyalara əsaslanan logistika mərkəzinin yaradılmasına da Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilmişdir. Bu mərkəzin tərkibinə tutumu 5 min ton olan soyuducu və 4 min tonluq quru anbarlar, beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri üçün dayanacaq meydançası daxildir. Soyuducu anbar İtaliyanın tanınmış şirkətinin avadanlığı ilə təchiz olunmuşdur. Logistika mərkəzində sifarişlərin qəbulu, məhsulların qeydiyyat və uçotunun aparılması, anbarlama, çeşidləmə, qablaşdırma, daşıma və digər xidmətlərin göstərilməsi həyata keçirilir. Mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiqi müştərilərə qısa zamanda keyfiyyətli xidmətlərin göstərilməsinə imkan verir. Yük daşımalarının həyata keçirilməsi üçün isə müxtəlif tonnajlı 75 nəqliyyat vasitəsi alınmışdır. Beləliklə, bu mərkəzin qurulması yerli istehsalçıların öz məhsullarının xarici bazarlara az məsrəflə və qısa müddətdə çıxarılmasını stimullaşdıracaqdır.

Diqqətə çatdırıldı ki, xammal bazasının təmin edilməsi məqsədilə kompleksin inkişaf planında müasir suvarma sistemlərinin tətbiq edilməsi respublikanın müxtəlif rayonlarında özəl taxılçılıq təsərrüfatlarının yaradılmasını nəzərdə tutur.

Qeyd edildi ki, kompleksdə inşa olunan inzibati və yardımçı binalarda əmək kollektivi üçün iş otaqları, tədris və iclas zalları, yeməkxana və digər zəruri şərait yaradılmışdır. Aqrar-sənaye kompleksində 600-dək yeni iş yeri yaradılmışdır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10