Professor, Böyük Vətən müharibəsi veteranı, Rusiya Jurnalistlər və Yazıçılar İttifaqlarının üzvü, Azərbaycanın “Dostluq” ordeni kavaleri, AMEA Tarix İnstitutunun fəxri professoru, Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, BMT-nin “Dünya informasioloqlar elitası” beynəlxalq mükafatı laureatı Rudolf İvanovdan

29 oktyabr 2013, 16:01

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli vəzifədə növbəti müddətə fəaliyyət göstərmək üçün inamlı qələbəniz münasibətilə Sizi heyranlıq və dərin məhəbbətlə təbrik edirəm. Mən “üçüncü müddət” terminini bilərəkdən işlətmirəm.

Çünki seçkilərin müddəti Sizin çoxtərəfli quruculuq fəaliyyətinizin ən coşqun dövründə yetişmişdir və bu fəaliyyəti “müddətə görə” yarımçıq qoymaq millət üçün ziyan olardı. Azərbaycan xalqının böyük əksəriyyəti bunu başa düşmüş və məlum olduğu kimi, seçkilərin yekunlarında öz qəti münasibətini ifadə etmişdir. Müddət məsələsi yalnız formal məna daşıyırdı. Əsas budur ki, Azərbaycan xalqı Azərbaycan Respublikasının sükanı arxasında zərrə qədər də tərəddüd etmədən bir başqasını deyil, Sizi görmüşdür.

Sizin heyrətamiz dərəcədə səmərəli fəaliyyətinizin yekunları Azərbaycanı həm sosial, həm də sənaye baxımından zəngin və güclü bir dövlətə çevirmişdir. Ona görə də bu gün Azərbaycanı adi “ölkə” adlandırmağa adamın dili də gəlmir.

Azərbaycan böyük dövlətdir və dümağ “Günəşli Azərbaycan” laynerinin kapitan körpüsündə sosial inkişaf və elmi-texniki tərəqqi problemlərinin bundan sonra da həll edilməsi üçün nə qədər lazımdırsa Siz olmalısınız. Sizi sevən xalq isə hökmən Sizi dəstəkləyəcəkdir.

Azərbaycanın sırf xammal dövləti olduğu və nefti satmaqla özünü dolandırdığı vaxtlar artıq keçmişdir. Azərbaycanın yalnız borclar və yeri gəlmişkən, heç də həmişə təmənnasız olmayan sair yardımlar hesabına inkişaf etdiyi illər keçmişdə qalmışdır. İndi yeni dövrdür. Qabaqcıl böyük dövlət olan Azərbaycan qeyri-neft sənayesini sürətlə inkişaf etdirir, dünyanı yeni məhsullar və onlara daim artan tələbatla heyrətləndirir. Bərəkətli Azərbaycan torpağının məhsulları ilə həm qonşu, həm də Avropa ölkələrinin tələbatı ödənilir.

Gözəl xalqı və saf təbiəti olan sevimli Azərbaycanın ölməz ümummilli lider Heydər Əlirza oğlu Əliyevin göstərdiyi yolla inamla irəliləməsi göz qabağındadır. Ulu öndər Heydər Əliyev siyasi və iqtisadi müstəqillik, dövlət suverenliyi yolu ilə irəliləməyi və daim xalqın rifahının qeydinə qalmağı unutmamağı vəsiyyət etmişdir.

Sizi Rusiyadan baxanda mənəvi cəhətdən necə saf, günəşli Azərbaycanın necə istedadlı lideri kimi görməyim barədə fikirlərimin çoxunu Azərbaycanın ən qocaman nəşrlərindən biri olan “Kaspi” qəzetinin 2013-cü il 5 oktyabr tarixli nömrəsində şərh etmişəm. Burada isə Sizə yalnız Azərbaycanın tərəqqisi, onun sərvətlərinin artması, böyük Azərbaycan millətinin yüksəlişi və daha da çoxalması naminə böyük uğurlar arzulamaq istəyirəm.

Sizə və gözəlliyin, intellektin təcəssümü olan bütün ailənizə möhkəm cansağlığı və uzun ömür diləyirəm.

Sizin Yer üzündə göstərdiyiniz şücaəti Göylər də görür və Ulu Tanrı xalqınızla bərabər Sizə Azərbaycan dövlətini qarşıya qoyulmuş məqsədlərə çatdırmaqda kömək edəcəkdir. Rəhimli və Qüdrətli Yaradan Sizi qorusun, Azərbaycan xalqının xoşbəxt həyatı, böyük Azərbaycan dövlətinin daha da çiçəklənməsi naminə Sizə tükənməz enerji bəxş etsin.

Dərin hörmətlə,

Rudolf İvanov

Professor, Böyük Vətən müharibəsi veteranı,
Rusiya Jurnalistlər və Yazıçılar İttifaqlarının üzvü,
Azərbaycanın “Dostluq” ordeni kavaleri,
AMEA Tarix İnstitutunun fəxri professoru,
Naxçıvan Dövlət Universitetinin fəxri doktoru,
BMT-nin “Dünya informasioloqlar elitası” beynəlxalq mükafatı laureatı