Bakı şəhərinin mərkəzində - İstiqlaliyyət küçəsində yerləşən Prezident sarayı ən möhtəşəm binalardan biri olmaqla, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların yerləşdiyi inzibati binadır.

Mərmər və qranit üzlüklü, on iki mərtəbəli bina ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1977-1986-cı illərdə inşa edilib, onun layihələndirilməsi və tikintisi zamanı ali idarəetmənin həyata keçirilməsi üçün mühüm funksional meyarlar əsas götürülüb.

1991-ci ilədək orada Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yerləşib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da bina ali hakimiyyətin əsas iqamətgahı statusunu saxlayıb. Bina hakimiyyət orqanının yeni adına müvafiq olaraq, əvvəlcə Prezident Aparatının, sonra isə Prezident Administrasiyasının binası adlanıb.

2003-cü il iyunun 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu binaya Prezident sarayı statusu verilib.

Prezident sarayı Azərbaycanın klassik və müasir memarlıq incilərinin xüsusiyyətlərini özündə əks etdirir. Binanın tikinti layihəsinin rəhbəri Fuad Orucov, memarı Tahir Allahverdiyev, konstruktoru Mədət Xələfov olub.

Onun inşa edildiyi məkan ümummilli lider Heydər Əliyevin niyyətlərinə müvafiqdir - relyefin yüksəkliyi hakimiyyətin mənəvi xüsusiyyətlərini, dövlətə həvalə olunmuş vəzifələrin aliliyini təcəssüm etdirir.

Binanın memarlıq simasına xas olan sadəlik və əzəmətlilik Azərbaycan xalqının tarixi inkişaf təcrübəsində iz qoymuş zamanın əlamətləridir.