İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktorunu qəbul edib

13 sentyabr 2017, 10:20

Prezident İlham Əliyev sentyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Azərbaycana səfəri çərçivəsində İçərişəhərdə olduqlarını, bu tarixi irsin yüksək səviyyədə qorunub saxlanılmasının və İçərişəhərin gözəlliyinin onlarda dərin təəssürat yaratdığını dedi.

İçərişəhərin UNESCO-nun ümumdünya irs siyahısına daxil edildiyini deyən Prezident İlham Əliyev bu irsin qorunmasına dövlətin xüsusi diqqət göstərdiyini vurğuladı.

Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirən dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu dedi. Azərbaycanda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatların önəmindən danışan Prezident İlham Əliyev biznes mühitinin və sərmayə qoyuluşunun asanlaşdırılması və daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda təhsil sisteminin modernləşdirilməsi, savadlı və bacarıqlı kadr potensialının artırılması istiqamətində görülən işlərdən və ölkənin bank sektorunda aparılan islahatlardan danışdı. 2017-ci ili maliyyə sabitliyi ili kimi qiymətləndirən Prezident İlham Əliyev qarşıdakı 2018-ci ildə iqtisadi artımın təmin edilməsi ilə bağlı təsirli tədbirlərin görüldüyünü diqqətə çatdırdı.

BVF-nin Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların Beynəlxalq Valyuta Fondu tərəfindən yüksək qiymətləndirildiyini dedi. O, neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı dünya iqtisadiyyatında yaranan fəsadların Azərbaycan iqtisadiyyatına təsirinin aradan qaldırılması, makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində hökumətin atdığı addımların əhəmiyyətini xüsusi vurğuladı. Manatın möhkəmləndirilməsi və büdcənin yığcamlaşdırılması prosesinin davam etdirilməsi və ölkə iqtisadiyyatında struktur islahatlarının həyata keçirilməsi istiqamətində görülən işlərin önəmini qeyd edən Cihad Azur iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinin və ölkə iqtisadiyyatının postneft dövrünə hazırlanmasının vacibliyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏRFərmanlar12 iyun 2018
15:45
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1133-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilm...

12 iyun 2018, 15:45