Akademik Roald Saqdeyevə

26 dekabr 2017, 19:45

Hörmətli Roald Zinnuroviç.

85 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi, Sizə və doğmalarınıza ən xoş arzularımı qəbul edin.

Müasir elmin bir çox sahələrinin formalaşması və inkişafı Sizin adınızla, çoxşaxəli elmi tədqiqat fəaliyyətinizlə bağlıdır. Akademik Saqdeyev məktəbi plazma fizikası, hidrodinamika və kosmik tədqiqatlar sahəsində fundamental kəşfləri sayəsində böyük şöhrət qazanmışdır. Sizin çox qiymətli araşdırmalarınız bütün dünyada ən yüksək səviyyədə qəbul edilmişdir.

Ölkəmizdə Sizi beynəlxalq elmi əlaqələrin möhkəmlənməsinə böyük töhfə vermiş Azərbaycanın dostu kimi tanıyırlar. Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı, o cümlədən ölkəmizin ilk kosmik peykinin orbitə çıxarılması üzrə məsləhətçi qismində dəyərli tövsiyələrinizi yüksək qiymətləndiririk. Azərbaycanın ən yüksək dövlət mükafatlarından biri olan “Dostluq” ordeni ilə təltif edilməyiniz Sizin müstəsna xidmətlərinizin tanınmasının göstəricisidir.

Bu əlamətdar gündə Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq arzulayıram.

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Bakı şəhəri, 26 dekabr 2017-ci il.