27 dekabr 2017, 10:30

Günay Əhmədli, Mingəçevir, Azərbaycan

Hörmətli Mehriban xanım.

Mən Əhmədli Günay Şahin qızı 1991-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. Orta məktəb dövründə gözlərimdə zəiflik başlamışdı. Get-gedə artan zəiflik gözlərimin tutulmasına səbəb oldu. Orta məktəbdən sonra 2016-cı ildə Ağdam Musiqi Kollecinin musiqi nəzəriyyəsi müəllimliyi ixtisasına yiyələnmişəm. Hazırda birinci qrup gözdən əliləm. İş tapa bilməməyim məni çox narahat edirdi.

Ölkəmizdə Sizin rəhbərliyinizlə əlillərə göstərilən diqqət və qayğı mənim kimi gənclərin həyata inamını artırır. Məhz Sizin diqqətiniz sayəsində bu yaxınlarda mən öz ixtisasıma uyğun işlə təmin olunmuşam. 2017-ci il noyabrın 15-dən Mingəçevir şəhərindəki Bülbül adına 2 nömrəli musiqi məktəbində musiqi nəzəriyyəsi müəllimi kimi fəaliyyətə başlamışam.

Mən özümü xoşbəxt sanıram. Artıq özümü cəmiyyətin fəal üzvü hesab edirəm. Bu xoşbəxtliyimə görə Sizə minnətdaram. Sizin respublikamızda apardığınız məqsədyönlü siyasət nəticəsində mənim kimi gənclərin həyata inamı güclənir. Biz gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz adımdan, ailəmiz adından minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı və ölkəmizin inkişafı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Günay Şahin qızı Əhmədli

Azərbaycan Respublikası, Mingəçevir şəhəri