07 aprel 2018, 15:00

Xalıqverdi Mahmudovdan, Kəlbəcər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin elmə, mədəniyyətə, incəsənətə, saz-söz əhlinə olan sonsuz diqqətiniz bizi çox sevindirir. Aprelin 2-də imzaladığınız Sərəncam isə məni həddən artıq şad etdi. Aşıq Şəmşirin xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib – ustad aşıq Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb, ən yüksək dövlət mükafatlarından olan “Şərəf nişanı” ordeni ilə təltif olunub. Ulu öndərimiz Heydər Əliyev də Dədə Şəmşirin sənətini yüksək qiymətləndirib. Ümummilli Liderimiz ustad haqqında deyirdi: “Qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsində və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır”.

Bu gün Aşıq Şəmşir irsinə olan diqqət və qayğını Sizin timsalınızda bir daha gördük. Ustad Dədə Şəmşirin 85 yaşlı şagirdi olaraq bu Sərəncam mənim üçün daha da əziz oldu. Ustadımın dövlət tərəfindən belə yüksək qiymətləndirilməsi həm saz-söz əhlinə, həm də işğal gününü qeyd etdiyi bir vaxtda bütün kəlbəcərliləri sevindirdi. Ustadın şagirdi olaraq əminəm ki, Sizin qətiyyətiniz və müdrikliyiniz sayəsində biz doğma yurdumuza qayıdacağıq.

Sizə söz verirəm ki, Aşıq Şəmşir sənət ocağını yandıraraq neçə-neçə saz-söz sərrafı yetişdirəcəyik.

Cənab Prezident, ailəm, övladlarım və yaxınlarım adından Sizə sonsuz təşəkkürümüzü bildiririk. Tam Əminliklə bildirmək istəyirəm ki, Kəlbəcər camaatı aprelin 11-də öz layiqli namizədinə - İlham Heydər oğlu Əliyevə yekdilliklə səs verəcəkdir.

Hörmətlə,

Mahmudov Xalıqverdi Həmid oğlu.