“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” beynəlxalq konfransının iştirakçılarına

23 may 2018, 18:50

Hörmətli konfrans iştirakçıları!

Sizi ürəkdən salamlayır, “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq konfransın işə başlaması münasibətilə təbrik edirəm.

Qafqaz dövlətləri arasında münasibətlərin hərtərəfli tədqiqi, obyektiv elmi nəticələrin çıxarılması və geniş yayılması mühüm praktiki əhəmiyyət kəsb edir. Bu bölgə əsrlərdən bəri müxtəlif xalqların və mədəniyyətlərin qaynayıb qarışdığı, özünəməxsus zəngin mədəni irsə və ənənələrə malik nadir bir məkandır. Strateji əhəmiyyətinə görə hər zaman müxtəlif güc mərkəzlərinin maraq dairəsində olması regionda dövlətlərarası əlaqələrə və xalqlar arasında münasibətlərin xarakterinə xeyli dərəcədə təsir göstərmişdir. Bir əsr əvvəl yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin və digər qonşu respublikaların tarixi, habelə müasir müstəqillik dövrünün təcrübəsi göstərir ki, Qafqaz xalqlarının istiqlaliyyəti, əmin-amanlığı və rifahı, ilk növbədə, onların qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan əməkdaşlığından asılıdır. Təəssüf ki, ötən əsrin əvvəllərində olduğu kimi, indiki Ermənistan dövləti də qonşu ölkələr, xüsusilə Azərbaycan hesabına öz ərazilərini genişləndirmək məqsədilə təcavüzkar siyasət yürüdür, işğal, soyqırımı və etnik təmizləmələr həyata keçirir. Bu isə bölgədə sülhə, sabitliyə və ölkələrin tərəqqisinə əngəl yaradır.

Azərbaycanın və dünyanın tanınmış elmi mərkəzlərini təmsil edən 200-dək tədqiqatçının iştirakı ilə keçirilən belə beynəlxalq konfranslar tarixi təcrübəni, geosiyasi prosesləri öyrənməklə nəticələri dərindən qiymətləndirməyə, habelə müvafiq elmi-tədqiqat institutları və mütəxəssislər arasında ikitərəfli əməkdaşlığın qurulmasına və inkişafına kömək edir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da müxtəlif ölkələrin qafqazşünas alimlərinin qarşılıqlı əlaqələrinin genişləndirilməsinə öz töhfəsini əsirgəməyəcəkdir.

Ümidvaram ki, konfrans çərçivəsində aparacağınız müzakirələr, irəli sürəcəyiniz tövsiyə və təkliflər qafqazşünaslığın aktual problemlərinin həllində əhəmiyyətli addım olacaq, beynəlxalq elmi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə və bütövlükdə regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə təkan verəcəkdir.

Hamınıza bu yolda böyük nailiyyətlər, şəxsi həyatınızda möhkəm cansağlığı və səadət arzulayıram.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2018-ci il.