23 may 2018, 20:00

Tamilə Nəbiyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən ömrümün 58 ilini xalça toxumağa həsr etmişəm. Sovet dövründə Nardaran qəsəbəsində qaranlıq, heç bir şəraiti olmayan emalatxanalarda xalça toxuyurduq.

Əziz Prezidentim, Siz mənim kimi yüzlərlə qocaman xalçaçının arzularını reallığa çevirdiniz. Ölkəmizin müxtəlif bölgələrində müasir tələblərə cavab verən xalça emalatxanaları yaratdınız, “Xalçaçı günü” peşə bayramını təsis etdiniz, xalçaçıları müxtəlif fəxri adlarla və medallarla mükafatlandırdınız. Azərbaycan xalçaçılığı və xalçaçıları Sizin sayənizdə ikinci həyatını yaşayır. Xalçaçılar indi müasir emalatxanalarda qədim çeşnilərimiz əsasında orijinal Azərbaycan xalçalarını böyük həvəslə toxuyurlar. Sizin Sərəncamınızla Nardaran qəsəbəsində müasir xalça emalatxanası tikilməsi ilə bağlı xəbəri eşidəndə çox sevindim. Bu sevinc hisslərini sözlə ifadə etmək mümkün deyil.

İki yüzə toxucunun yaşadığı Nardaranda xalça emalatxanasının tikilməsi qəsəbə sakinləri üçün olduqca əhəmiyyətli hadisədir.

Əziz Prezidentimiz, xalçaçılığa göstərdiyiniz böyük diqqət və qayğıya, məni bu ahıl yaşımda “Tərəqqi” medalı ilə təltif edib sevindirdiyinizə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Söz verirəm ki, ömrümün qalan hissəsini də xalçaçılığa həsr edəcək, gənc xalçaçıların formalaşması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Dərin hörmətlə,

Nəbiyeva Tamilə Məmmədnəbi qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.