30 may 2018, 19:20

Arzu Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 iliyi münasibətilə incəsənət xadimlərinə fəxri adların verilməsi ilə bağlı Sərəncamınıza görə Sizə minnətdarlığımı bildirirəm. Bu Sərəncamla fəxri ad alan incəsənət xadimlərinin arasında mənim də adımın olmasına çox sevindim.

Tarixə nəzər saldıqda görürük ki, Azərbaycan musiqisi heç zaman bugünkü qədər yüksək diqqət və qayğı ilə əhatə olunmayıb. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqələri, beynəlxalq muğam festivalları, uzun illər ifa olunan muğamlarımızın, köhnə lent yazılarının bərpa edilməsi, onların albom şəklində buraxılması və bu albomların beynəlxalq aləmdə təbliği incəsənətimizin bu sahəsini dünyaya tanıtdıran başlıca amillərdəndir. Biz bilirik ki, bütün bunlar Sizin səyiniz nəticəsində baş verir.

Cənab Prezident, incəsənətin bu sahəsinə göstərdiyiniz misilsiz qayğı bizi qürurlandırır, dövlətimizin daha yüksək zirvələr fəth etməsi biz gənclərə inam verir və bizi şövqlə çalışmağa ruhlandırır. Göstərdiyiniz bu diqqət məsuliyyətimizi iki qat artıracaqdır. Etimadınızı doğrultmaq üçün işimə son dərəcə məsuliyyətlə yanaşacağıma və Azərbaycan muğamını hər zaman layiqincə təmsil edəcəyimə söz verirəm.

Hörmətlə,

Əliyeva Arzu Qurban qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.