01 iyun 2018, 16:00

Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mayın 27-də mədəniyyət xadimlərinə fəxri adların verilməsi ilə bağlı imzaladığınız Sərəncam teatr xadimləri və tamaşaçılarımız tərəfindən böyük ruh yüksəkliyi və sevinclə qarşılandı. Ömrünü səhnəyə həsr edən insanlar Azərbaycan mədəniyyətinə, o cümlədən teatrımıza olan tükənməz sevginizin bariz nümunəsi kimi, öz həyatlarında Sizin qayğınızı, diqqətinizi hər zaman hiss edirlər. Bu, təkcə müasir Azərbaycan teatrına yox, eyni zamanda, zəngin mədəni tariximizə olan hörmət və ehtiramınızın bariz göstəricisidir.

Hörmətli cənab Prezident, teatr sahəsində çalışan insanlar Sizi özlərinə əvəzolunmaz dost, mədəniyyət sahəsinə böyük məhəbbəti olan lider hesab edirlər. Şəxsən öz adımdan və böyük şəxsiyyətlərimizdən bizə miras qalan Azərbaycan teatrının gələcək nəsillərə ötürülməsi kimi şərəfli missiyanı ləyaqətlə daşıyan teatr xadimləri adından Sizə dərin minnətdarlığımı bildirir, Zati-alinizə və doğmalarınıza möhkəm cansağlığı, işlərinizdə bol-bol uğurlar arzu edirəm.

Dərin hörmət və ehtiram hissi ilə,

Nemətov Azər Paşa,

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.