01 iyun 2018, 16:40

Rüxsarə Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Oğlum Faiq Rzayev orta təhsil aldıqdan sonra hərbi xidmətə yollanmış, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən uğurlu Horadiz əməliyyatı zamanı qəhrəmancasına şəhid olmuşdur. Oğlumun təhsil aldığı Bakı şəhəri Yasamal rayonu 150 saylı tam orta məktəb hazırda onun adını daşıyır. Bu məktəbdə oğlumun xatirəsinə guşə yaradılıb və məktəbin qarşısında büstü qoyulub. Hər il 150 saylı tam orta məktəb ənənəsinə sadiq qalaraq Faiq Rzayevin doğum gününü qeyd edir. Həmin tədbirə məktəbin məzunları, hərbçilər və digər şəxslər dəvət olunurlar.

Cənab Prezident, Sizin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Vətən uğrunda canlarını qurban verən şəhidlərimizə və onların ailələrinə göstərdiyiniz diqqət və qayğı şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə almasında müsbət rol oynayır. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədova Rüxsarə, şəhid anası.

Azərbaycan Respublikası, Bakı şəhəri.