14 iyul 2018, 16:30

Eldar İskəndərzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın uğurları artdıqca məkrli düşmənlərimiz Vətənimizə, dövlətimizə və dövlətçiliyimizə qarşı xain planlarını işə salmağa çalışırlar. Bu xainlər bir şeyi unudurlar ki, Sizin kimi dahi şəxsiyyətin yorulmaz fəaliyyəti sayəsində qüdrətlənən bugünkü Azərbaycanı belə iyrənc əməllərlə sarsıtmaq mümkün deyil. İstənilən xain əməl bu sarsılmaz qüdrət qarşısında yalnız məğlubiyyətə məhkumdur.

Bu gün xalqımızın qəlbində öz rəhbərinə böyük inam, sarsılmaz bir məhəbbət hökm sürür. Bu inamı qırmaq heç bir qüvvənin imkanı və gücü daxilində deyil. Göstərilən cəhdlər isə düşmənlərin, xainlərin simasını tanımağa və onların xalq tərəfindən lənətlənməsinə səbəb olur. Azərbaycan xalqının hər bir üzvü ölkəmizin bugünkü firavan, əmin-aman şəraitindən razıdır və onun əbədiliyi üçün həmişə öz dövlətinin yanındadır. Belə hadisələr cəmiyyətimizin bütün üzvlərini dövlətimizin, Prezidentimizin ətrafında daha da sıx birləşdirir. Bu gün bir vətəndaş, bir əsgər olaraq yurdumuza, Vətənimizə uzanan xain əlləri kəsməliyik və kəsəcəyik.

Cənab Prezident, gərgin fəaliyyətiniz sayəsində Siz Azərbaycanın adını zirvələrə ucaltmısınız və hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu sübut etmisiniz. Bu gün Azərbaycan xalqı Prezidentinin arxasında sədaqətlə dayanıb. Xainləri lənətləyərək onların ən ağır cəzaya məhkum edilməsini istəyirik.

Dərin hörmət və ehtiramla,

İskəndərzadə Eldar Xeyrulla oğlu, kinossenarist.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.