“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

16 iyul 2018, 19:07

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484; 2012, № 12, maddə 1228; 2013, № 12, maddə 1467; 2014, № 7, maddə 783; 2015, № 2, maddə 99, № 4, maddə 347, № 11, maddə 1287; 2016, № 12, maddə 2032; 2017, № 6, maddə 1044, № 12, maddə 2188) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 13.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13.1. İlk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda, digər hakimlərin fəaliyyəti isə beş ildə bir dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir.”.

2. Aşağıdakı məzmunda 13.3-1-ci maddə əlavə edilsin:

“13.3-1. Hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir.”.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il.