Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuat konfransı olmuşdur

30 mart 2012, 13:20
Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuat konfransı olmuşdur

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin birgə mətbuat konfransı olmuşdur.

Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident, Sizi Azərbaycan torpağında bir daha ürəkdən salamlayıram. Sizin Prezident kimi ilk rəsmi səfərlərinizdən birini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, dostluq və qardaşlıq əlamətidir. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açacaqdır. Bizim qardaş xalqlarımız əsrlər boyu həmişə sülh və dostluq şəraitində yaşamış, həmişə bir-birinə böyük sevgi və rəğbətlə yanaşmışlar.

Bu gün iki müstəqil dövlət kimi Qırğızıstan və Azərbaycan əcdadlarımızın ənənələrinə sadiqdirlər. Bu gün biz münasibətlərimizin inkişafının yeni mərhələsinə başlayırıq. Biz həmişə çalışmışıq ki, ölkələrimiz arasında münasibətlər dinamik və səmərəli inkişaf etsin. Lakin təəssüf ki, müəyyən vaxt itirilmişdir. Siz Qırğızıstana rəhbərlik edəndən sonra biz münasibətlərimizin inkişaf dinamikasını, bu münasibətləri inkişaf etdirmək üçün real, ciddi əzmkarlıq göstərildiyini görürük. Ən başlıcası, biz öz vədlərimizə və razılaşmalarımıza sadiqik. Bir neçə ay bundan əvvəl olmuş ilk görüşümüz artıq münasibətlərimizin fəallaşmasına gətirib çıxarmışdır, bizim strukturlar və şirkətlər arasında artıq əlaqələr mövcuddur. Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrin inkişafına bizim necə yanaşmağımızın sübutudur.

Bu gün biz həm siyasi baxımdan, həm iqtisadi sahədə, həm də investisiya siyasətində münasibətlərimizin qarşıdakı onilliklər üçün inkişafının yollarını müəyyən edirik. Bu gün biz münasibətlərimizin inkişafının əsas istiqamətlərini müəyyən etdik. Biz qarşılıqlı siyasi əlaqələri möhkəmlətməkdə davam edəcək, beynəlxalq təşkilatlarda fəal işləyəcək, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcək və beləliklə, birliyimizi daha da möhkəmlədəcəyik.

Bu gün biz iqtisadi sahədə münasibətlərimizin əsas inkişaf yollarını müəyyən etdik, razılaşdıq ki, Qırğızıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının birinci iclası gələn ay keçiriləcəkdir. Bizim strukturlara fəaliyyət istiqamətləri barədə konkret tapşırıqlar verildi, iqtisadi, investisiya, energetika sahələrində potensial əməkdaşlığın konkret layihələri nəzərdən keçirildi.

Əlbəttə, humanitar əməkdaşlıq çox mühüm rol oynayır. Dillərimizin, mədəniyyətlərimizin, tarixi keçmişimizin ümumiliyi bizim əlaqələri möhkəmləndirir. Biz münasibətlərimizi geniş miqyasda, səmərəli və dinamik inkişaf etdirmək və tərəfdaşlıq münasibətlərinə transformasiya etmək əzmindəyik. Əminəm ki, bu gün barəsində razılığa gələcəyimiz məsələlər konkret nəticələr verəcəkdir. Ona görə ki, çox müsbət ikitərəfli əzmkarlıq və başlıcası, müəyyən etdiyimiz qərarları yerinə yetirməyə sadiqlik vardır.

Bu gün imzalanmış sənədlər də niyyətlərimizə dəlalət edir. Yəqin ki, bu gün imzalanmış sənədlərin sayı ölkələrimizin müstəqilliyinin bütün 20 ili ərzində imzalanmış sənədlərin sayından çoxdur. Bu da, əvvələn, münasibətlərimizdə itirilmiş vaxtın göstəricisi, həmçinin ölkələrimiz arasında münasibətləri qurmaq əzmimizin göstəricisidir.

Əminəm ki, münasibətlərimizin böyük gələcəyi vardır. Biz bundan sonra da ikitərəfli planda, regional münasibətlərdə fəal işləyəcəyik. Biz, həmçinin türk dünyasının birliyini daha da möhkəmlətmək, inteqrasiya proseslərində fəal iştirak etmək, planetimizdə yaşayan türk xalqlarının yaxınlaşdırılmasına yönəldilmiş bütün təşəbbüsləri dəstəkləmək barədə razılığa gəldik. Burada bizim baxışlarımız tamamilə üst-üstə düşür və bizə çox xoşdur ki, türk dünyası Prezident Atambayevin şəxsində xalqlarımızın birliyinin, ümumi tarixlə, ümumi mədəniyyətlə birləşən müstəqil dövlətlərin yaxınlaşmasının çox fəal təbliğçisini və tərəfdarını qazanmışdır.

Əminəm ki, Sizin səfəriniz çox uğurlu, səmərəli olacaq, yaxşı nəticələr verəcəkdir. Siz dediniz ki, Azərbaycanda 21 il əvvəl olmusunuz. Bu, həm də bizim ölkənin bugünkü reallıqları ilə tanış olmaq və mənim artıq dediyim kimi, münasibətlərimizin inkişafının gələcək istiqamətlərini müəyyən etmək üçün bir fürsətdir.

Sizə və nümayəndə heyətinizin üzvlərinə ən xoş arzularımı bildirir, Azərbaycanda vaxtınızın yaxşı keçməsini diləyirəm.

Prezident Almazbek Atambayevin bəyanatı

-Hörmətli İlham Heydər oğlu!

Əvvələn, dünəndən bəri bizə göstərilən bu səmimi, qardaş münasibətə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu, həqiqətən əsl qardaşlıq münasibətidir. Mənim üçün bu, bəlkə də taleyin qismətidir, lakin çox əlamətdardır. Fəxr edirəm ki, Qırğızıstanın 20 ildə Azərbaycana ilk dəfə rəsmi səfərə gəlmiş birinci Prezidentiyəm. Sizin haqlı olaraq qeyd etdiyiniz kimi, biz 20 ili itirmişik. Ancaq düşünürəm ki, biz bu 20 ilin əvəzini çox tez bir vaxtda çıxacağıq. Sizin dediyiniz kimi, bu gün 20 il ərzində imzalandığından daha çox sayda, özü də real sənəd imzalanmışdır. Gələn ay biz hökumətlərarası komissiyanın iclasını keçirəcəyik, özü də komissiyanın qarşısında real vəzifələr qoyulmuşdur – energetika, investisiyalar, investisiya fondunun yaradılması və digər sahələrdə. Bilirsiniz, düşünürəm ki, biz bu itirilmiş vaxtın əvəzini çıxacağıq.

Doğrudan da, Sizin haqlı olaraq qeyd etdiyiniz kimi, bizim ümumi tariximiz vardır. Bunu çox vaxt unudanlar onu da xatırlamalıdırlar ki, Sibirdən başlamış Qara dənizə qədər nəhəng bir ərazidə yaşayan xalqlar həmişə, gah xaqanlıq – türk, qırğız, uyğur xaqanlığı, gah Qızıl Orda, gah Rusiya imperiyası, gah Sovet İttifaqı adı altında birləşməyə çalışmışlar. Ona görə ki, bütün bu ərazidə qardaş xalqlar yaşayır. Elə həmin Rusiyada, məncə, əhalinin təxminən 20 faizi türkdillidir.

Rusiyanın tarixi, istər hərbi, istərsə mədəni tarixi Turgenev, Aksakov, Kuprin və başqa xeyli türk mənşəli görkəmli şəxsiyyətlərlə zəngindir. Buna görə düşünürəm ki, bu birləşmə, keçmişi unutmamaq, əlbəttə, çox aktualdır. Çünki deyiblər: Əgər kim keçmişə tapançadan atəş açsa, gələcək onu top atəşinə tutacaqdır.

Mən bugünkü görüşlərə çox şadam. Çox şadam ki, olduqca mühüm siyasi və iqtisadi sənədlər imzalanmışdır.

Bildirmək istəyirəm ki, biz hörmətli İlham Heydər oğlunu bu ilin avqust ayında Qırğızıstana rəsmi səfərə dəvət etmişik.

Möhtərəm Prezident səfərə gəlməyi vəd etmişdir. Yəqin ki, Türkdilli Ölkələrin Sammitini də həmin vaxtda keçirəcəyik.

Mən düşünürəm ki, münasibətlərimiz əslində tamam başqa mərhələyə keçir. Hər iki nümayəndə heyətinin üzvləri bunu danışıqlar zamanı gördülər. Mənə belə gəlir ki, Allahın köməyi ilə ölkələrimiz arasında tamamilə başqa münasibətlər yaranacaqdır və biz bu 20 il ərzində itirdiklərimizin əvəzini çıxacağıq.

Sonda demək istəyirəm ki, mən Bakıda əslində bir dəfə olmuşam – 1991-ci ildə, 21 il bundan əvvəl. Əlbəttə, mən Bakını hətta tanıya bilmirəm. Bu, tamam başqa ölkədir. Bu ölkənin nümayəndəsi “Eurovision” müsabiqəsində qalib gəlmişdir.

Bakıya baxdıqca yalnız yaxşı mənada həsəd aparmaq və fikirləşmək olar ki, bizim Bişkek də, əlbəttə, belə olmalıdır. Biz bunu öyrənəcəyik. Çox şey öyrənəcəyik. Əlbəttə, düşünürəm ki, prezidentlər sarıdan – hörmətli Heydər Əlirza oğlu sarıdan, İlham Heydər oğlu sarıdan Azərbaycanın bəxti çox gətirmişdir. Azərbaycan çox inamla, güclü addımlarla irəliləyir.

Biz ondan çox şey öyrənə bilərik. Ən başlıcası, bizim birlikdə görməli olduğumuz işlər vardır. Düşünürəm ki, bu dəfə artıq bu fəaliyyət xəttindən çəkilməyəcək və fəal işləyəcəyik.

Sağ olun!

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

X X X

Bermet Kurmanbekov (Qırğız Respublikası İctimai Teleradio Yayım Korporasiyası): Mənim sualım Almazbek Şarşenoviçədir. Bundan əvvəl Qırğızıstanda neft emalı zavodunun istifadəyə verilməsi haqda Sizinlə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında razılıq əldə edilmişdi. Həmin məsələ bu gün müzakirə edilmişdirmi? Bu təşəbbüs nə dərəcədə reallaşdırıla biləndir?

Prezident Almazbek ATAMBAYEV: Əlbəttə, müzakirə edilmişdir. Azərbaycanın Baş nazirinin birinci müavini hörmətli Yaqub Abdulla oğlu mənə vəd etmişdir ki, aprel ayında Bişkekdə biz Qırğızıstanda neft emalı zavodunun tikilməsi haqda qəti qərar qəbul etməyə çalışacağıq. Biz bu məsələdə də Azərbaycan Prezidentinin çox güclü dəstəyini hiss edirik. Bu iş məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanmışdır. Allah qoysa, 2-2,5 milyon ton gücündə neft emalı zavodu tikilməsi haqda qərar qəbul ediləcəkdir. Əlbəttə, Qırğızıstan üçün bu, real müstəqilliyə doğru çox böyük addım olacaqdır.

Əgər Qırğızıstanda yanacaq-sürtkü materialları, benzin, dizel yanacağı, aviasiya ağ nefti istehsal edilərsə, bu, irəliyə doğru nəhəng addım olacaqdır. Biz bu işə Azərbaycan Prezidenti və Azərbaycanın digər rəhbərləri tərəfindən göstərilən dəstəyə görə çox minnətdarıq.

Albina Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc): Mənim sualım Qırğız Respublikasının Prezidentinədir. Cənab Prezident, Siz Azərbaycan ilə Qırğızıstan arasında konkret hansı sahələrdə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini perspektivli hesab edirsiniz?

Prezident Almazbek ATAMBAYEV: Bilirsinizmi, həqiqətən 20 il itirilmişdir. Görünür, qismət belə imiş, Allah belə istəmişdir.

Lakin bu gün biz bütün istiqamətlər üzrə irəliləmək üçün neft emalı zavodundan başlamış bank, turizm sahələrinə, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun yaradılmasına qədər qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik. Bizim öyrənməli olduğumuz məsələlər, birlikdə sərmayə qoya biləcəyimiz sahələr vardır. Sirr deyildir ki, Azərbaycan Gürcüstandan başlamış Avropaya qədər çox ölkələrdə milyardlarla sərmayə qoymuşdur. Buna görə mən dedim ki, Qırğızıstana da bir milyard sərmayə qoyulsa yaxşı olardı. Düşünürəm ki, hörmətli İlham Heydər oğlu bu fikri dəstəkləyər.

Bizim aviasiya yolları da daxil olmaqla olduqca çoxlu tətbiq sahələri vardır. Ola bilsin ki, biz İssık-Kulda Tamçi aeroportunun tikilməsinin mümkünlüyünü müzakirə edəcəyik.

Fikrimcə, qarşıda bizi çox fəal, səmərəli iş gözləyir və birgə işləməli olduğumuz məsələlər vardır.

Balbak Tulebayev (“Ayat-press” qəzeti): Mənim sualım Prezident İlham Heydər oğlunadır. 1992-ci ildən türkdilli ölkələrin sammitləri keçirilir. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurası yaradılmışdır. Bu ölkələr bəzi məsələlərdə - mədəniyyət, təhsil, parlamentlərarası əlaqələr məsələlərində çox fəaldırlar. Lakin siyasi məsələlərdə onlar zəiflik göstərirlər. Məsələn, Oş hadisələrində, Ermənistan-Azərbaycan məsələsində. Bu baxımdan dövlətimizin başçısının səfəri güclü birliyin yaradılması üçün başlanğıc ola bilərmi?

Prezident İlham ƏLİYEV: Mən hesab edirəm ki, Qırğızıstan Prezidentinin türk dünyasının səylərini birləşdirmək üzrə fəal mövqeyi birliyimizi möhkəmlədəcəkdir. Biz öz tərəfimizdən həmişə çalışmışıq ki, türk dünyasının birliyini real təşəbbüslərlə möhkəmlədək. Bu istiqamətdə Bakıda müxtəlif tədbirlər, o cümlədən türkdilli ölkələrin dövlət başçılarının həm Bakıda, həm də Naxçıvanda sammitləri keçirilmişdir. Biz həmişə çalışmışıq ki, birliyimizi konkret məzmunla zənginləşdirək. Məsələn, Azərbaycanı Türkiyə ilə bağlayan enerji xarakterli layihələr bu gün region çərçivəsindən kənara çıxır və dünya miqyaslı ən mühüm enerji layihələridir. Azərbaycan həm də Qazaxıstandan və Türkmənistandan olan dostlarımız üçün neft, neft məhsulları, digər yüklər üzrə tranzit xidmətlərini həyata keçirir. Biz Azərbaycanı Türkiyə ilə və beləliklə, Avropanı Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yoluna yüz milyonlarla dollar sərmayə qoyuruq. Bu dəmir yolu bütün türkdilli dövlətlərə xidmət edəcəkdir. Yəni, bu, türk dünyasının birliyini möhkəmlədən investisiya siyasətimizin konkret istiqamətləridir.

Hesab edirəm ki, siyasi baxımdan da az iş görülməmişdir. Türkdilli dövlətlərin sammitlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmişə birmənalı mövqe, bu münaqişənin tənzimlənməsində Azərbaycanın haqq işinə dəstək, bu münaqişənin tənzimlənməsi ilə əlaqədar beynəlxalq qərarlara, beynəlxalq təşkilatların qətnamələrinə dəstək ifadə edilmişdir.

Beləliklə, biz qardaş dövlətlərin bizim üçün ən vacib məsələyə - artıq 20 ildən bəri davam edən erməni işğalına son qoyulması, münaqişənin tezliklə tənzimlənməsi məsələsi ilə bağlı mövqeyindən razıyıq. Bildiyiniz kimi, Ermənistan bizim ərazimizin 20 faizini işğal altında saxlamaqda davam edir, bir milyondan çox azərbaycanlını öz tarixi vətənlərindən qovmuş, etnik təmizləmə siyasəti aparmışdır və bu gün də beynəlxalq təşkilatların, o cümlədən ən mühüm təşkilat olan BMT-nin qərarlarını yerinə yetirmək istəmir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar yerinə yetirilməmişdir.

Buna görə, bir daha demək istəyirəm, biz türkdilli dövlətlərin türk dünyası ölkələrinin sammitlərinin qərarları çərçivəsində ifadə edilmiş mövqeyindən razıyıq.

Əlbəttə, türkdilli dövlətlərin qarşılıqlı dəstəyi bütün məsələlərdə əksini tapmalıdır. Bu, iqtisadi, siyasi dəstək, beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyət, beynəlxalq təşkilatlarda bir-birinin xeyrinə səsvermə deməkdir. Biz bu mövqeyə - türkdilli dövlətlərin həmrəyliyi mövqeyinə, həmçinin bütün islam dünyasının həmrəyliyi mövqeyinə həmişə sadiq olmuşuq. Biz bu istiqamətdə də iş aparır, təşəbbüslər göstəririk. Bizim təşəbbüsümüzlə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin çoxsaylı tədbirləri keçirilmişdir. 2009-cu ildə Bakı islam dünyasının mədəni paytaxtı seçilmişdi. 2018-ci il üçün bu fəxri ada Azərbaycanın digər qədim şəhəri – Naxçıvan layiq görülmüşdür.

Yəni, biz bu istiqamətdə fəal iş aparırıq və Qırğızıstan Prezidentinin şəxsində öz tarixi köklərinə sadiq olan bir insanı görmək mənə çox xoşdur. Mən bunu Almazbek Şarşenoviçə şəxsi söhbətimizdə də demişəm. İndi də açıq demək istəyirəm ki, bu, ikitərəfli münasibətlərimizin inkişafı, həmçinin türk dünyasının birliyini möhkəmlətmək işində əlavə nikbinlik yaradır. Türk dünyası çox böyük potensiala – insan resurslarına, yaxşı demoqrafik şəraitə malikdir. Bizim zəngin təbii ehtiyatlarımız – neft, qaz, metallar, su ehtiyatımız vardır. Biz Xəzər dənizi vasitəsilə bütün türk dünyasını birləşdirən çox geniş coğrafi əraziyə malikik. Buna görə də mövqelərimizin güclənməsi yalnız birliyimizin möhkəmlənməsi ilə bağlı ola bilər. Bugünkü səfər də birliyimizi möhkəmlətmək işinə töhfədir. Biz bu səfərə həm də bu baxımdan yanaşırıq və bu müsbət meyilləri gələcəkdə də davam etdirmək ümidindəyik.

Ceyhun Əliyev (ATV telekanalı): Mənim sualım Qırğız Respublikasının Prezidentinədir. Cənab Prezident, Siz bu gün ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından rolunu necə qiymətləndirirsiniz?

Prezident Almazbek ATAMBAYEV: Hesab edirəm ki, bunlar dönüş yaradan sənədlərdir. Bir daha demək istəyirəm ki, Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır. Köklərimizə nəzər salmaq da təsadüfi deyildir, çünki son 20 ildə Qırğızıstanda iki dəfə - 1990-cı ildə və 2010-cu ildə separatçılıq cəhdləri olmuşdur. Özü də bu cəhdlər məhz onunla bağlı idi ki, insanlar öz köklərini unudurdular. Qırğızlar da, özbəklər də türkdürlər. Keçmişi xatırlamaq yalnız sülh işinə xidmət edir. Təbii ki, biz hər cür separatçılığın əleyhinəyik, ölkələrimizin ərazi bütövlüyünün tərəfdarıyıq. Hesab edirəm ki, bu sənədlər özləri həm iqtisadi, həm də siyasi baxımdan 20 il ərzində imzalanmamış həlledici sənədlərdir. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10