İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etmişlər

26 iyun 2012, 23:40
İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etmişlər

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etmişlər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Çox hörmətli qardaşım, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev!

Hörmətli tədbir iştirakçıları, hörmətli mətbuat nümayəndələri!

Xanımlar və cənablar!

Sizləri səmimi qəlbdən salamlayır, “Xoş gəldiniz!” deyirəm.

Azərbaycan ilə Türkiyə güclü qardaşlıq və qohumluq telləri ilə bir-birinə bağlı iki dövlətdir. Həmçinin, - ruhu şad olsun, - mərhum Prezident Heydər Əliyevin unudulmaz sözləri ilə desək, bizlər Türkiyə və Azərbaycan olaraq özümüzü “bir millət, iki dövlət” görürük və belə tərəqqi edirik.

Bir qədər əvvəl imzaladığımız müqavilələrlə münasibətlərimizə qardaş ölkələrimizin xüsusiyyətinə layiq olan strateji bir xarakter də qataraq əlaqələrimizi ən yüksək səviyyəyə çatdırdıq. Azərbaycan ilə hər zaman qeyd etdiyimiz bu dərin qohumluq və qonşuluq əlaqələrimizlə bərabər, enerji sahəsində də strateji əhəmiyyətə malik münasibətlərimiz vardır.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri enerji əməkdaşlığımız çərçivəsində uğurla həyata keçirilmiş və mühüm qlobal səviyyədə özünü təsdiq etmişdir. Bu iki tarixi layihə bizi bir-birimizə çox sıx şəkildə bağlamaqdadır. Bu mənada bir məqamı xüsusi vurğulamaq istəyirəm: Biz Xəzər hövzəsi və Orta Asiya təbii qazının ölkəmizin ərazisindən alternativ marşrutlarla Avropaya nəqlini nəzərdə tutan “Cənub” qaz dəhlizi layihələrini istər öz enerji təhlükəsizliyimizi təmin etmək, istərsə də Avropanın enerji təhlükəsizliyinə töhfə vermək məqsədi ilə fəal şəkildə dəstəkləyirik. Bu çərçivədə enerji strategiyamızın əsas tərkib hissələrindən olan mənbələrin və marşrutların şaxələndirilməsinə də böyük əhəmiyyət veririk.

“Cənub” qaz dəhlizinin reallaşması Azərbaycanın enerji resurslarının etibarlı şəkildə Avropaya çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Keçən il aparılan müzakirələr nəticəsində “Şahdəniz-2” layihəsi çərçivəsində əldə ediləcək təbii qazın 6 milyard kubmetrlik hissəsinin Türkiyəyə satışına, 10 milyard kubmetrlik hissəsinin də Türkiyə ərazisindən Avropaya tranzit daşınması ilə əlaqədar azərbaycanlı qardaşlarımızla 2011-ci il oktyabrın 25-də hökumətlərarası müqavilə, 2011-ci il dekabrın 24-də isə ilkin razılaşma imzalamışdıq.

Bu gün tarixi əhəmiyyətə malik daha bir yeni addım atdıq. Qısa adı TANAP olan “Trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsinə dair Hökumətlərarası Müqavilə”ni və “Ev sahibi hökuməti müqaviləsi”ni imzaladıq. TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınmasına imkan verəcək çox önəmli və tarixi əhəmiyyətli bir layihədir.

Beləliklə, bu gün Türkiyə-Azərbaycan enerji əməkdaşlığının inkişaf etdirilməsi yalnız ölkəmizin deyil, Avropanın da enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan bir hadisəyə şahidlik edirik. Bu tarixi gündə sizlərlə birlikdə olmaqdan böyük məmnuniyyət və qürur duyduğumuzu xüsusilə ifadə etmək istəyirəm.

Hörmətli dostlar, bu gün imzalanan müqavilələrlə layihənin hüquqi bazasının tamamlanması istiqamətində ən mühüm addım atılmışdır. Bu layihə ölkələrimiz arasındakı strateji əməkdaşlığı dərinləşdirməklə kifayətlənməyəcək, eyni zamanda, Azərbaycan ilə Avropa arasında Türkiyə ərazisindən təbii bir bağlantı yaradacaqdır. Layihənin həyata keçməsi ilə ölkələrimiz həm Avropa İttifaqının mənbələrin şaxələndirilməsi hədəfinə əlavə dəyərə malik bir töhfə vermiş, həm də Avropanın enerji təhlükəsizliyində üzərinə mühüm öhdəlik götürmüş olacaqdır. Başqa sözlə, Qərb-Şərq enerji dəhlizini formalaşdıran bütün bu layihələr bölgədə təhlükəsizliyin və sülhün gücləndirilməsi və iqtisadi inkişafın təmin edilməsi istiqamətində strateji səylərdir. Bu layihələr bölgə ölkələrinin bir-biriləri ilə olan siyasi və iqtisadi əlaqələri ilə yanaşı, Qərb dünyası ilə münasibətlərini də gücləndirməkdədir. Bu xüsusiyyəti ilə həmin layihələr sırf ticari yatırım olmaqdan daha üstün bir məna daşımaqdadır.

TANAP layihəsi “Şahdəniz-2” qazı ilə işləməyə başlayacaqdır.

Ancaq gələcəkdə bu boru kəməri ilə Azərbaycanın digər yataqlarından əldə ediləcək təbii qazın da daşınması əsas mövzudur. Bundan başqa, Azərbaycan ərazisindən tranzit keçəcək Xəzərin o tayındakı qaz mənbələri də TANAP boru xəttinə istiqamətləndiriləcəkdir. Milyardlarla dollarlıq sərmayə tələb edəcək bu layihənin bölgə xalqlarının və gələcək nəsillərin rifahının təminat altına alınmasına böyük töhfə verəcəyinə inamımız qətidir. Eyni zamanda, bu layihənin Azərbaycan ilə ortaq taleyimizə və bütün sahələrdə mükəmməl əlaqələrimizin enerji qisminə də əlavə bir güc qazandıracağına inanırıq.

Bu inamla bu gün imzalanan müqavilələrin hamımıza xeyirli olmasını diləyir, sizləri bir daha hörmətlə salamlayıram.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Çox hörmətli Baş nazir, əziz qardaşım!

Hörmətli xanımlar və cənablar, əziz dostlar!

İlk növbədə qeyd etmək istəyirəm ki, yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Bu gün, bu tarixi gündə sizinlə bərabər olmaq mənim üçün böyük şərəfdir.

Mən bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Keçən il biz müstəqilliyimizin bərpasının 20 illik ildönümünü qeyd etmişik. İyirmi ildir ki, Azərbaycan müstəqil dövlətdir. Bu 20 il ərzində Türkiyə-Azərbaycan əlaqələri həmişə yüksək səviyyədə olmuşdur. Bu əlaqələr getdikcə daha da güclənir, daha da dərinləşir.

Bu əlaqələrin təməlində xalqlarımız arasında olan bağlılıqdır, qardaşlıqdır, dostluqdur. Türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Bu unudulmaz tarixi kəlamlar bu gün də həm Türkiyə üçün, həm Azərbaycan üçün yol göstərən bir istiqamətdir.

Mən çox şadam ki, son illər ərzində biz ancaq sevincli günlər yaşayırıq. Birgə irəli sürdüyümüz təşəbbüslər, həyata keçirdiyimiz layihələr həm bizi, xalqlarımızı birləşdirir və həm də bölgədə yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır.

Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu bütün bu layihələri reallığa çeviribdir. Əlbəttə ki, hər bir layihənin kommersiya, iqtisadi, texniki məsələləri vardır. Ancaq əgər bu, möhkəm təməl üzərində qurulmasaydı, mən əminəm ki, biz enerji sahəsində və başqa sahələrdə indiki səviyyədə uğura nail ola bilməzdik. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Mən dünyada siyasi sahədə Türkiyə və Azərbaycan kimi ikinci müttəfiq tanımıram. Biz bölgə məsələlərində birlikdə fəaliyyət göstəririk, daim siyasi məsləhətləşmələr aparırıq. İqtisadi sahədə əməkdaşlığımız bölgə üçün də çox böyük rol oynayır.

Türkiyə-Azərbaycan birliyi bölgədə sabitlik yaradan bir amildir.

Enerji məsələsinə gəldikdə, bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir. Bu gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri kimi TANAP layihəsi də vaxtında və keyfiyyətlə icra ediləcəkdir.

Bildiyiniz kimi, Azərbaycan qazının Avropaya nəql edilməsi ilə əlaqədar son illər ərzində çox böyük danışıqlar, müzakirələr aparılır, müxtəlif tədbirlər keçirilir. Biz görürdük ki, bu müzakirələr elə durmadan davam edir, amma ortada bir nəticə yoxdur.

Biz həmişə olduğu kimi, ikitərəfli məsləhətləşmələr aparmaqla qərara gəldik ki, Türkiyə və Azərbaycan bu məsələdə də liderliyi üzərinə götürməli və bu layihəni birlikdə icra etməlidirlər. Bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir. Çünki bu gün imzalanan sənədlər də bunu təsdiq edir. Bu layihəni biz özümüz öz gücümüzlə, öz pulumuzla və öz texniki imkanlarımızla icra edəcəyik. TANAP layihəsinin icrası nəticəsində biz ilk növbədə Türkiyəyə daha da böyük həcmdə təbii qazın nəql edilməsinə nail olacağıq. Eyni zamanda, Türkiyə ərazisindən tranzit imkanları da açılacaqdır. Bu layihə gələcəkdə Avropanın enerji təhlükəsizliyinə də böyük dəstək verəcəkdir. Bu məsələ ilə bağlı aramızda fikir ayrılığı yoxdur. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəndən sonra Türkiyə Azərbaycandan qaz almağa başlamışdır. TANAP layihəsi Türkiyəyə böyük həcmdə Azərbaycan qazını nəql etmək üçün imkan yaradacaqdır. Bizim qaz ehtiyatlarımız çox böyükdür. Təkcə “Şahdəniz” layihəsi 1,2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Ancaq Azərbaycanın digər yataqlarında təsdiq edilmiş ehtiyatlar 2,6 trilyon kubmetrdir. Yəni, bu gün başladığımız layihə əminəm ki, bundan sonra onilliklər, bəlkə də 100 il, bəlkə də ondan da artıq müddətdə maraqlarımızı təmin edəcəkdir. Həm enerji təhlükəsizliyi məsələləri təmin ediləcəkdir, eyni zamanda, Azərbaycan üçün yeni bazarların açılması məsələləri də həllini tapacaqdır.

Enerji sahəsində əməkdaşlıq təkcə bu layihə ilə məhdudlaşmır. Keçən il biz İzmirdə Petkimdə əziz qardaşım cənab Baş nazirlə birlikdə böyük layihənin təməlini qoyduq. Petkim, TANAP layihələrinə birlikdə qoyulacaq sərmayə təxminən 15-20 milyard dollara bərabərdir. Yenə də deyirəm, bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulmasaydı, əlbəttə ki, böyük sərmayədən söhbət gedə bilməzdi. Yenə də qayıdıram əsas məsələyə ki, gördüyümüz işlərin təməlində xalqlarımızın bağlılığıdır, maraqlarımızın uzlaşmasıdır və bir-birimizə olan məhəbbətdir. Mən əminəm ki, bu layihələr əlaqələrimizi daha da möhkəmləndirəcəkdir.

Gələcəkdə bizi daha da böyük layihələr gözləyəcəkdir. TANAP layihəsinə gəldikdə isə, mən şübhə etmirəm ki, Türkiyə və Azərbaycan bu liderliyi üzərinə götürməklə TANAP-ı vaxtında, beş il ərzində icra edəcəkdir. Biz TANAP-ın açılış mərasimini də belə sevinclə qeyd edəcəyik. Sağ olun.

X X X

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN dedi: Mən əziz qardaşıma - Azərbaycan dövlətinin başçısı İlham Əliyevə bu səmimi və iki qardaş dövlətin bir millət olaraq nələrə qadir olduğu barədə söylədiyi qiymətli sözlərinə görə şəxsən öz adımdan və millətim adından çox təşəkkür edirəm.

X X X

Sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin suallarını cavablandırdılar.

Türkiyənin “Show TV” Xəbər Mərkəzi müxbirinin TANAP layihəsinin perspektivləri ilə bağlı sualının cavabında Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirdi ki, əvvəlcə 6 milyard kubmetr, daha sonra 10 milyard kubmetr təbii qazın alınması mümkün olacaqdır. Əsas hədəf bu rəqəmi 50 milyard kubmetrə çatdırmaqdır.

Suriyada baş verən hadisələrə dair suala cavabında isə Baş nazir Rəcəb Tayyib Ərdoğan Suriya-Türkiyə münasibətlərindəki son durumla bağlı ölkəsinin mövqeyini açıqladı.

X X X

AzərTAc-ın müxbiri Aygün Əliyeva: Sualım cənab Baş nazir Rəcəb Tayyib Ərdoğanadır. Azərbaycan fəal şəkildə Türkiyə iqtisadiyyatına sərmayə yatırır və qeyd edildiyi kimi, ötən il Petkim şirkətinin STAR neft emalı zavodunun təməlqoyma mərasimi keçirildi. Artıq bu layihənin icrasına başlanılmışdır. İnvestisiya qoyuluşu sahəsində əməkdaşlığın inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Təbii ki, bu sualla əlaqədar olaraq deyim ki, xüsusilə Petkimlə bağlı Azərbaycanın, dəyərli qardaşımın mövqeyi həqiqətən hər cür təqdirdən üstündür. Petkim özəlləşdirmə layihələri içərisində ən mühüm yatırımlardan biri olmuşdur. Təbii ki, Azərbaycan ilk addımla kifayətlənməmişdir. Ondan sonrakı müddətdə də, təbii ki, İlham qardaşımla bərabər helikopterlə gedib Əliağa şəhərinin üstündə gəzdik. İndi təbii ki, aparılan yenidənqurma işləri, əlavə yatırımlar nəticəsində orada çox fərqli bir şəhər formalaşır. Yəni, orada limandan tutmuş yeni müəssisələrə qədər, neft emalına qədər geniş tədbirlər görülür. Bu addımlar atılarkən bir şey də çox əhəmiyyətlidir ki, Azərbaycan qazı öz ölkəsində işlənən kimi, eyni zamanda, burada da işlənir. Bu, bir şeyi də özü ilə bərabər ortaya qoyur. Baxın, bir millət olmanın ən gözəl ifadələrindən biri də, hörmətli dostlar, Əliağadır, Petkimdir, neft emalı zavodudur, limanlarıdır və sairə.

Bununla da kifayətlənmədilər. Mənim burada bir təşəkkürüm də vardır. Sağ olsun, İlham qardaşım istər atasının adından, istər anasının adından ölkəmizin müxtəlif yerlərində məktəblər inşa etdirməklə bizim təhsil dünyamıza da möhürünü vurur, bununla da qardaşlığımızı daha da möhkəmləndirir.

Prezident İlham ƏLİYEV: Əziz qardaşım, dediyiniz xoş sözlərə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Doğrudan da qeyd etmək istəyirəm ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri dünya miqyasında fərqlənən, seçilən əlaqələrdir. Bu əlaqələrin təməlində əlbəttə ki, bizim bir millət olmağımız durur. Siz də Azərbaycan xalqının böyük oğlu, mənim atam Heydər Əliyevin kəlamlarını xatırlatdınız. Doğrudan da, bu kəlamlar ürəkdən gələn, tarixi sözlərdir. Ən önəmlisi ondan ibarətdir ki, bu gün bu sözlər bizim üçün əsas yol xəritəsidir. Biz əməkdaşlığımızı daha da inkişaf etmiş görmək istəyirik. Bu gün həyata keçirdiyimiz layihələr birliyimizi möhkəmləndirir. Bizim birliyimiz həm xalqlarımız, dövlətlərimiz üçün lazımdır, bölgəyə də lazımdır. Bu gün Türkiyə və Azərbaycan əməkdaşlığı və müttəfiqliyi bölgədə artıq reallıqdır, böyük bir sabitləşdirici amildir. Əlbəttə, biz çalışmalıyıq ki, hər sahədə bir-birimizi dəstəkləyək.

Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olmuşdur. Həm öz qardaşlıq borcunu göstərmişdir, eyni zamanda, digər ölkələrə də yol göstərmişdir. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır. Bizim üçün ən çətin anlarda yanımızda Türkiyə olmuşdur. Azərbaycan da hər zaman olduğu kimi, Türkiyənin yanındadır. Bu birlik, bu əməkdaşlıq, bu qardaşlıq bu gün daha da çiçəklənir, daha da güclənir. TANAP layihəsi bu işlərin təzahürüdür. Belə layihələr əvvəllər də olub, bundan sonra da olacaqdır. TANAP layihəsinə gəldikdə isə, biz bu layihəni sırf Türkiyə-Azərbaycan layihəsi kimi görürük. Təsadüfi deyildir ki, bu layihəni həyata keçirən, gerçəkləşdirən Türkiyə və Azərbaycandır. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Bizim mənbələrimiz, resurslarımız vardır. Biz Türkiyənin enerji təhlükəsizliyinə də öz enerji təhlükəsizliyimiz kimi baxırıq. Bu da təbiidir. Biz bir-birimizi ayırmırıq. Bizim maraqlarımız da, niyyətlərimiz də, siyasətimiz də birdir. Bu layihələr bu əlaqələri daha da möhkəmləndirir. Mən bugünkü günü təsadüfən tarixi gün adlandırmadım. Çünki doğrudan da, biz bu gün böyük tarix kitabında yeni səhifələr açırıq, yeni səhifələrə imzalarımızı qoyuruq ki, gələcək illərdə, onilliklər bundan sonra Türkiyə və Azərbaycan, bizim xalqlarımız bundan fayda görəcəkdir.

Mənə göstərilən qonaqpərvərliyə, mənim ünvanıma, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bir daha qeyd etmək istəyirəm ki, biz bu layihəni beş il ərzində həyata keçirməliyik. Bu layihə ilə bilavasitə məşğul olan bütün qurumlar bu hədəfi alsınlar və beş ildən sonra bizi yenidən sevindirsinlər.

Rəcəb Tayyib ƏRDOĞAN: Mən də bu işdə əməyi olan bütün dostlarımıza, nazir dostlarımıza, bütün rəhbər dostlarımıza çox-çox təşəkkür edirəm. Daha çox çalışaq, beş ildən daha az müddətdə icra edək. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10